Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” sosial media platformasında COP-29 ərəfəsində Azərbaycana qarşı çirkin kampaniya aparan, bədxah əməllərindən əl çəkməyən ABŞ-nin nüfuzlu "Washington Post” qəzeti barədə diqqətçəkən yazı tirajlayıb.
O, həmçinin "Milyarder Ceff Bezosun ABŞ mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını nümayiş etdirir” deyə yazısında qeyd edib.
Bəs, niyə ölkəmizə qarşı ABŞ-nin adıçəkilən, tanınmış mətbuat orqanı bu cür qarayaxma kampaniyası həyata keçirir?
Qərbin Azərbaycanla bağlı hansı planları ola bilər?
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında bildirib ki, Qərb Avropa Birliyi, xüsusilə də mətbuat vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır:
Deputat əlavə edib ki, Hikmət Hacıyev olduqca aktual məsələni diqqətə çatdırdı:
"Prezidentin köməkçisi də kifayət qədər aktual olaraq məsələni diqqətə çatdırdı və hər kəs də məsələylə bağlı artıq prinsipial və şəxsiyyətli mövqe nümayiş etdirdiyini görür. Hansı dövlət olur olsun, super güc olsun. Ədalətsizdirsə, Azərbaycan həmin yanlış hərəkət qarşısında baş əymək düşüncəsində deyil. Öz tədbirini də yüksək səviyyədə keçirəcək. Ölkəmiz COP-29-da göstərəcək ki, bu cür ciddi humanitar tədbiri belə Azərbaycan başqalarından fərqli olaraq daha yüksək səviyyədə həyata keçirdi".
Mövzuya geopolitik müstəvidən yanaşan siyasi şərhçi Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, son zamanlar "Vashington Post" dünyada qara piarın, çirkli kampaniyaların mərkəzi halına çevrilib:
""Vashington Post" qəzeti çox təəssüflər olsun ki, dünyada qara piarın, çirkli kampaniyaların və qeyri-obyektivliyin mediadakı mərkəzi halına çevrilib. Məhz "Vasington Post"un bu ədalətsiz mövqeləri Qərb mediasının nə qədər aşağı səviyyədə olduğunu növbəti dəfə dünyaya nümayiş etdirmiş oldu. Özünü tanınmış media qurumu adlandıran "Vashington Post"la digər bu qəbildən olan mətbuat orqanları ABŞ-nin həyata keçirdiyi siyasəti davam etdirirlər. 30 il ərzində Azərbaycan torpaqlarının işğalı dövründə "Vashington Post" da daxil olmaqla dünyada guya ədalətin, demokratiyanın və insan haqlarının carçısı qismində özünü təqdim etməyə çalışan mətbuat orqanları mövqesiz və ya səssiz qaldılar. Eyni zamanda, bundan sonrakı dövrdə də biz gördük ki, sözügedən mətbuat vasitələri Xocalı soyqırımının beynəlxalq aləmdə öz ədalətli yerini tapmasını, yaxud xalqımızın başına gətirilən bir sıra problemlərdə həqiqi reallıqların əldə edilməsinə çalışmayıb. Heç zaman əzilən insanların haqq səsi olmayıb".
Politoloq əlavə edib ki, "Vashington Post" və bu kimi media orqanları mövcud reallıqları, həqiqətləri dilə gətirmək cəsarətini özlərində tapmırlar:
"Bu gün Fransa tərəfindən neokolonizm, ABŞ tərəfindən neoimperializm siyasəti davam etdirilsə də, "Vashington Post" və bu kimi media orqanları mövcud reallıqları, həqiqətləri dilə gətirmək cəsarətini özlərində tapmırlar. O cümlədən COP-29 ərəfəsində beynəlxalq iqlim məsələlərinin müzakirə olunduğu platformaya dəstək olmaq, bütün dünyanı narahat edən qlobal iqlim təhlükəsi məsələlərini qabartmaq yerinə, adıçəkilən media vasitələri və onlarla bir qəbildən olan media resursları əksinə olaraq COP-29, xüsusən də Azərbaycan əleyhinə qarayaxma və dezinformasiya kampaniyası aparmaqla məşğuldurlar. Bütün bunlar onu göstərir ki, Qərbin Azərbaycana yanaşması ədalətsizlik və qeyri-səmimilik üzərinə qurulub".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.