“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH

“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
MEDIA
16:47 04.09.2026
71
Son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması halları artıb. Müşahidələr bu cür materialların ayrı-ayrı hadisələri siyasi kontekstdə təqdim etməklə ictimai rəydə çaşqınlıq yaratmağa yönəldiyini göstərir.

Xüsusilə sentyabrın 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş verən yanğınla bağlı Polşada fəaliyyət göstərən "Nexta” kanalının yaydığı məlumat diqqət çəkib. Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) sözügedən paylaşımı subyektiv mülahizələrə əsaslanan və hadisəni dövlətlərarası münasibətlər kontekstində təqdim etməyə çalışan informasiya kimi qiymətləndirib.

Bu, Qərb mediasında Azərbaycan əleyhinə yayılan ilk belə məlumat deyil. Bundan əvvəl də bir sıra media resurslarında ölkəmizlə bağlı mübahisəli və həqiqətə uyğun olmayan iddiaların yer aldığı materiallar dərc olunub.

Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu kimi halların məqsədi ölkəmizi hədəfə alan süni və neqativ informasiya gündəliyi formalaşdırmaqdır:

"Azərbaycana qarşı bəzi Qərb media platformalarında aparılan informasiya kampaniyasını artıq ayrı-ayrı təsadüfi halların cəmi kimi qiymətləndirmək mümkün deyil. Eyni ritorikanın, oxşar manipulyasiya üsullarının və hətta məişət xarakterli hadisələrin belə siyasi kontekstə salınmasının davamlı xarakter alması ortada konkret informasiya xəttinin olduğunu göstərir. Məqsəd Azərbaycan haqqında obyektiv məlumat vermək deyil, ölkəmizi hədəfə alan süni və neqativ informasiya gündəliyi formalaşdırmaqdır”.


O qeyd edib ki, bəzi Qərb dairələrinin belə addımları ikili yanaşmanın göstəricisidir:

"Goranboy rayonunda baş vermiş yanğının heç bir ciddi fakta söykənmədən dövlətlərarası siyasi münasibətlərlə əlaqələndirilməsinə cəhd göstərilməsi bunun son nümunələrindən biridir. Hadisə araşdırılmadan hökm verilir, faktın yerini ehtimallar, ehtimalların yerini isə siyasi manipulyasiya tutur. Buna jurnalistika adı vermək çətindir.
Əslində, burada kifayət qədər açıq bir paradoks var. İllərdir başqa dövlətləri dezinformasiya, hibrid müharibə və informasiya manipulyasiyasında ittiham edən müəyyən Qərb dairələri Azərbaycana münasibətdə həmin metodların özlərindən istifadə edirlər. Yəni başqası edəndə "hibrid təhdid”, özləri edəndə "azad media”. Bu yanaşmanın adı ikili standartdır”.

Parlamentari vurğulayıb ki, bəzi dairələrin əsas narahatlığı Azərbaycanın müstəqil siyasətini həzm edə bilməməsidir:

"Azərbaycanın problemi tənqidlə deyil. Azərbaycan özünə qarşı tənqidi fikirlərdən çəkinən dövlət də deyil. Problem yalanın xəbər, siyasi sifarişin jurnalistika, qərəzin isə "azad söz” adı altında təqdim edilməsidir. Media azadlığı heç kimə fakt uydurmaq və cəmiyyətləri manipulyasiya etmək üçün toxunulmazlıq vermir. Son illərdə Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını heç bir xarici siyasi mərkəzin iradəsinə uyğunlaşdırmayan və regionda yeni reallıqlar yaradan dövlətdir. Görünür, bəzi dairələrin əsas narahatlığı da məhz budur. Azərbaycan onların hazırladığı siyasi ssenarilərdə ona ayrılmış rolu oynamaq niyyətində deyil”.

V.İskəndərov bildirib ki, bugünkü Azərbaycan haqqında 20-30 il əvvəlki metodlarla təsəvvür formalaşdırmaq mümkün deyil:

"Zaman-zaman siyasi təzyiqin yanına informasiya təzyiqi də əlavə olunur. Bir gün insan hüquqları, başqa gün demokratiya, növbəti gün isə hansısa lokal hadisə dövriyyəyə buraxılır. Mövzular dəyişir, amma hədəf dəyişmir – Azərbaycanı beynəlxalq auditoriya qarşısında neqativ fonda təqdim etmək. Ancaq belə kampaniyaların müəllifləri bir reallığı nəzərə almalıdırlar: bugünkü Azərbaycan haqqında 20-30 il əvvəlki metodlarla təsəvvür formalaşdırmaq mümkün deyil. Azərbaycan öz sözünü özü deyir, öz informasiya siyasətini özü qurur və ona qarşı aparılan kampaniyaların arxasında dayanan siyasi məqsədləri də açıq şəkildə göstərmək imkanına malikdir”.

"Əgər media həqiqətən azaddırsa, faktın tərəfində dayanmalıdır. Yox, əgər əvvəl siyasi hökm verilir, sonra həmin hökmə uyğun "faktlar” axtarılırsa, bunun adı azad jurnalistika deyil. Bu, informasiya adı altında aparılan siyasi kampaniyadır.
Ən maraqlısı isə budur: başqalarına illərlə dezinformasiya dərsi keçənlərin özləri indi həmin dərsin ən uğursuz nümunəsini nümayiş etdirirlər. Azərbaycanı informasiya manipulyasiyası ilə təzyiq altında saxlamaq istəyənlər isə bir şeyi gec də olsa anlamalıdırlar – bu metod artıq işləmir!”,-deyə deputat vurğulayıb.

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AZXEBER.COM-a açıqlamasında deyib ki, Qərb mediasında son zamanlar Azərbaycana qarşı məqsədyönlü şəkildə dezinformasiya kampaniyası aparılır:

"Qərb mediasında son zamanlar Azərbaycana qarşı məqsədyönlü şəkildə dezinformasiya kampaniyası aparılır. Kampaniyanın əsas məqsədi Azərbaycanın suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna xələl gətirməkdir. Belə hallara yalnız Polşanın "Nexta” kanalında deyil, daha əvvəl Böyük Britaniyanın "The Independent”, "The Guardian”, BBC televiziya və radio şirkətində, ABŞ-nin CNN kanalında, Fransanın "Le Monde” qəzetində, həmçinin Polşanın TVP telekanalında da rast gəlinib. Son vaxtlar isə Polşanın "Nexta” kanalı Azərbaycanın Goranbay rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı öz subyektiv mülahizələrinə və siyasi münasibətlərə əsaslanan ictimai rəyi çaşdıran məlumatlar yayıblar. Belə bir məlumatın yayılmasını təəssüf edirəm. Bu, Azərbaycanla Polşa arasında olan xoş münasibətlərə kölgə sala biləcək addımların tərkib hissəsidir. Ümid edirəm ki, Azərbaycan dövləti belə dezinformasiyaların qarşısının alınması üçün diplomatik kanallarla lazımi tədbirlər görəcək”.


Komitə sədri qeyd edib ki, Avropanın bir çox nəşrlərində Azərbaycan əleyhinə yayılan məlumatlara həmin dövlətlərin aidiyyəti qurumları göz yumamalıdır:

"Bir neçə gün əvvəl Paris meriyasının qarşısında keçirilən aksiya və orada Bakıda həbsdə olan separatçı rəhbərlərinin azadlığa buraxılması ilə bağlı çağırışlarda Fransa-Ermənistan təşkilatlarının kordinasiya şurasının həmsədrlərinin, Fransa merinin aktivliyinin şahidi olduq. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan dövlətinin rəsmi mövqeyini Fransa meriyasına və digər qurumlara çatdırdı. Bunun nəticəsində bəzi təşkilatların planlaşdırdığı tədbirlərin təxirə salınmasına nail olundu. Lakin buna baxmayaraq, bəzi tədbirlər müəyyən siyasi qüvvələrlə razılaşdırılmış şəkildə küçədə keçirilməkdə davam edir. Avropanın bir çox nəşrlərində Azərbaycan əleyhinə yayılan məlumatlara həmin dövlətlərin aidiyyəti qurumları göz yumamalıdır. Onlar öz ölkələrində subyektiv mülahizələrə əsaslanan və digər dövlətlərin daxili və xarici siyasətinə müdaxilə xarakteri daşıyan məlumatların yayılmasının qarşısını almaq üçün tədbirlər görməlidirlər. Təəssüf ki, biz bunu görə bilmirik”. 

"Azərbaycan dövləti belə dezinformasiyaların və ölkənin beynəlxalq nüfuzuna xələl gətirə, eləcə də cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumatların qarşısının alınması üçün lazımi tədbirlər görəcək”,-deyə Çingiz Qənizadə bildirib.

Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR