Qeyri-neft ixracında rekord artım: 3,71 milyard dollarlıq qızıl ixrac edilib

Qeyri-neft ixracında rekord artım: 3,71 milyard dollarlıq qızıl ixrac edilib
İQTİSADİYYAT
10:47 18.08.2026
266
"Azərbaycanın qeyri-neft ixracında 2026-cı ilin ilk 7 ayında ciddi artım qeydə alınıb. Lakin göstəricilərin strukturuna nəzər saldıqda artımın əsas mənbəyinin qeyri-neft istehsalının genişlənməsi deyil, böyük həcmdə qızıl ixracı olduğu görünür”.

Bunu AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib. 

İqtisadçı deyib ki, ümumi ixracda qeyri-neft sektorunun payı 13,7%-dən 30,7%-ə çatıb:


"2025-ci ilin yanvar-iyul aylarında 2,09 milyard dollar təşkil edən qeyri-neft ixracı 2026-cı ilin eyni dövründə 5,93 milyard dollara yüksəlib. Bu, illik müqayisədə 184%-lik artım deməkdir. Eyni zamanda, ümumi ixracda qeyri-neft sektorunun payı 13,7%-dən 30,7%-ə çatıb. Lakin bu göstəricini qeyri-neft istehsalının və ixrac potensialının təxminən 3 dəfə artması kimi qiymətləndirmək doğru deyil. Əsas amil qızıl ixracıdır. 2026-cı ilin ilk 7 ayında Azərbaycan 3,71 milyard dollar dəyərində qızıl ixrac edib. Beləliklə, qızıl qeyri-neft ixracının 62,49%-ni, ümumi ixracın isə 19,18%-ni təşkil edib”.

 O qeyd edib ki, qızıl ixracının böyük hissəsi ilin ilk aylarında reallaşıb:

"Belə ki, ilk 3 ayda Azərbaycanın ümumi qeyri-neft ixracı 862 milyon dollar olduğu halda, aprel ayının sonunda bu rəqəm 4,70 milyard dollara yüksəlib. Aprelin sonunda qızıl ixracı artıq 3,60 milyard dollara çatıb. Beləliklə, ilk 7 ayda ixrac edilən 3,71 milyard dollarlıq qızılın təxminən 97%-i aprel ayının sonuna qədər satılıb. Dünya bazarında qızılın yüksək qiymətlərindən istifadə edilərək böyük həcmdə qızılın satılması iqtisadi baxımdan rasional qərardır. Bu, valyuta daxilolmalarını artırmaq və ölkənin maliyyə mövqeyini gücləndirmək baxımından müsbət qiymətləndirilə bilər”.

İqtisadçı bildirib ki, qızıl amili qeyri-neft ixracının real vəziyyətinin qiymətləndirilməsində statistik effekt yaradır:

 "Qızıl amili qeyri-neft ixracının real vəziyyətinin qiymətləndirilməsində statistik effekt yaradır. 5,93 milyard dollarlıq qeyri-neft ixracından qızıl ixracı çıxıldıqda 2,23 milyard dollar qalır. Qeyri-neft ixracının qalan hissəsinin də hamısını iqtisadiyyatın real diversifikasiyası kimi qiymətləndirmək olmaz. Çünki qeyri-neft ixracında təbii resurslara və ilkin emala əsaslanan məhsulların payı hələ də əhəmiyyətlidir. 2026-cı ilin ilk 7 ayında 203 milyon dollarlıq plastmas və ondan hazırlanan məmulatlar, 184 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib. Kimya sənayesi məhsullarının 55 milyon dollarını metanol, 88 milyon dollarını isə azot gübrəsi təşkil edib. Maraqlıdır ki, bu sahələrdə ixrac artımı qeydə alınmayıb. Kimya sənayesi məhsullarının ixracı 2025-ci ilin eyni dövründəki 194 milyon dollardan 184 milyon dollara, plastmas və ondan hazırlanan məmulatların ixracı isə 222 milyon dollardan 203 milyon dollara düşüb”.

O deyib ki, alüminium ixracında artım müşahidə olunub:

"Digər tərəfdən, alüminium ixracında artım müşahidə olunub. Bu məhsul üzrə ixrac 119 milyon dollardan 165 milyon dollara yüksəlib. Real sektorun bəzi istiqamətlərində isə müsbət dinamika qeydə alınıb. Tərəvəz və meyvə ixracı 506 milyon dollardan 589 milyon dollara, pambıq lifi 110 milyon dollardan 137 milyon dollara, pambıq iplik ixracı isə 17 milyon dollardan 31 milyon dollara çatıb. Bu istiqamətlərdə artımın davamlı xarakter alması qeyri-neft sektorundan formalaşan gəlir bazasının genişlənməsi, dövlət maliyyəsinin və büdcə gəlirlərinin uzunmüddətli dayanıqlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyri-neft ixracının 2,09 milyard dollardan 5,93 milyard dollara yüksəlməsi müsbət göstəricidir. Lakin bu artımın iqtisadi mahiyyətini düzgün qiymətləndirmək üçün qızıl ixracının, neft-kimya və digər resurs əsaslı məhsulların təsirini ayrıca nəzərə almaq lazımdır. Əvvəlcə qızıl effektini, sonra neft-kimya və digər resurs əsaslı məhsulları ayırmaq, yalnız bundan sonra ölkənin real qeyri-resurs ixracının hansı sürətlə böyüdüyünə baxmaq lazımdır”. 

"Azərbaycanın qarşıdakı illərdə qeyri-neft ixracını genişləndirmək, büdcənin gəlir bazasını şaxələndirmək və maliyyə dayanıqlılığını gücləndirmək üçün böyük potensialı var. Bunun üçün statistik göstəricilərlə yanaşı, həmin rəqəmlərin arxasında dayanan real iqtisadi proseslərin də düzgün təhlil edilməsi vacibdir”,-deyə iqtisadçı vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR