Qəzaya uğrayan “Embraer 190” haqqında BİLİNMƏYƏNLƏR

Qəzaya uğrayan “Embraer 190” haqqında BİLİNMƏYƏNLƏR
MARAQLI
16:40 28.12.2024
724
Xəbər verdiyimiz kimi, 25 dekabr Azərbaycan Hava Yollarına (AZAL)  aid Bakı-Groznı reysi üzrə hərəkət edən təyyarə Aktau şəhərinə 3 km qalmış qəzaya uğrayıb.
 
AZXEBER.COM qəzaya düşən "Embraer 190" təyyarəsi və onun istehsal olunduğu şirkət haqqında məlumatı təqdim edir.  Təyyarə 2013-cü ildə Embraer şirkəti tərəfindən istehsal olunub. Elə həmin ildə AZAL tərəfindən alınıb. 

Qəzaya qədər ümumilikdə 9949 eniş həyata keçirib, ümumi uçuş müddəti isə 15257 saat olub.

Son dəfə texniki yoxlanışdan 18 oktyabr 2024-cü ildə keçib. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.

İstehsal olunduğu "Embraer” şirkəti Braziliyanın aparıcı aerokosmik şirkətidir və əsasən mülki, hərbi və biznes təyyarələrinin istehsalı ilə məşhurdur.
Şirkət 1969-cu ildə yaradılıb və hazırda dünyanın ən böyük regional təyyarə istehsalçılarından biridir. 

"Embraer" xüsusilə regional sərnişin təyyarələrinin istehsalında ixtisaslaşıb. E-Jet seriyası qlobal aviaşirkətlər tərəfindən geniş istifadə olunur. Şirkət təyyarələrin saxlanılması, modernizasiyası və texniki dəstək xidmətləri də göstərir. 
Braziliya hökumətinin təşəbbüsü ilə yaradılan şirkətin məqsədi ölkənin aerokosmik sənayesini inkişaf etdirmək və Braziliyanın öz təyyarələrini istehsal etməsinə nail olmaq idi. 

Embraerin ilk istehsal etdiyi təyyarə 1973-cü ildə EMB 110 təyyarəsi olub. Bu təyyarə kiçik sərnişin və yük daşımaları üçün nəzərdə tutulmuşdu. Demək olar ki, kiçik zamanda böyük uğur qazanan təyyarə həm yerli, həm də beynəlxalq bazarlarda satıldı.
Son illərdə təkmilləşdirilmiş E2 seriyası  daha yüksək yanacaq effektivliyi ilə diqqət çəkir. 

Şirkət  həmçinin hərbi təyyarələrin istehsalı ilə məşğuldur.

Müasir dövrə nəzər salsaq, 2018-ci ildə Embraer, mülki təyyarə istehsalı bölməsinin 80%-ni Boeing-ə satmaq üçün razılıq əldə etdi. Lakin 2020-ci ildə pandemiya və digər səbəblərdən bu razılaşma pozuldu. 

Embraer hazırda dünyanın ən böyük regional təyyarə istehsalçılarından biridir və innovasiyaya xüsusi diqqət ayırır. 

Qeyd edək ki, şirkət həm də yeni texnologiyalar, məsələn, elektriklə işləyən uçan taksi layihələri üzərində işləyir.
 
Oksana Orucova


OXŞAR XƏBƏRLƏR