Qırğızıstanın İssık-Kul bölgəsində Azərbaycan və Qırğızıstan gənclərinin iştirakı ilə düşərgə keçirilib.
AZXEBER.COM-un məlumatına görə, 20-22 iyun tarixlərində ilk dəfə təşkil olunan Mədəniyyətlərarası Gənclər Düşərgəsində bu ölkədə fəaliyyətdə olan "Birlik" diaspor təşkilatının fəal üzvləri, eləcə də Qırğızıstan Xalqları Assambleyasının üzvü olan gənc fəallar iştirak ediblər.
Düşərgə çərçivəsində iki qardaş xalqın gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb.
Tədbirdə Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin müavini Marat Taqayev, Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Türkdilli ölkələr və Gürcüstan üzrə şöbə müdiri Əli Baytalov, Qırğızıstanda fəaliyyətdə olan "Birlik" diaspor təşkilatının rəhbəri Xansıvar Baxşaliyev rəsmi qonaq qismində iştirak ediblər.
"Birlik" diaspor təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihəyə texniki dəstəyi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirib.
Uğurla yekunlaşan layihədən sonra təşkilatçılar Azərbaycan və Qırğızıstan gənclərinin iştirakı ilə belə düşərgələrin gələcəkdə daha geniş miqyasda keçiriləcəyini bildiriblər.



















