Qızıl oğlanın anası danışdı: 'O, Olimpiadanı bir dəfə də udacaq, sonra evlənəcək' - MÜSAHİBƏ

İDMAN
11:54 14.08.2012
2403

Toğrul Əsgərovun anası İnarə Hüseynova oğlunun gələcək planları haqda danışıb.

- Oğlunuz London Olimpiadasında ilk qızıl medalımızı qazandırmaqla bütün Azərbaycanı sevindirdi. Belə bir övlad böyüdən ananın fikirlərini eşitmək maraqlı olardı…

- Əlbəttə, oğlumun bu uğuruna çox sevinirəm. Ona çox inanırdım. İnanırdım ki, Londondan medal gətirəcək.

- Bu inam sizdən hardan idi?

- Çünki oğlum, həqiqətən də, çox qüvvətlidir. Bu səbəbdən də Toğrula inamım böyük idi.

- Toğrulun Londonda məhz qızıl, yoxsa digər əyarlı medalla qayıdacağına inanırdınız?

- Qızıl medal qazanacağına inanırdım.

- Oğlunuz Londona getməzdən öncə sizə qızıl qazanacağı barədə nəsə demişdimi?

- Bəli. Dedi ki, ana, evə Olimpiya çempionu kimi qayıdacam. Vədinə əməl etdi.

- Bəs Toğrul finalda uduzsaydı, nə edərdiniz?

- Səmimi sözümdür, oğlumun qızıl qazanacağını gözləyirdim. Bir ana kimi, bununla fəxr edirəm. Bu qələbə hamıdan çox məni sevindirdi.

- Maraqlıdır, Toğrulun uşaqlığı necə keçib? Çoxmu dəcəl idi?

- Bəli, dəcəl idi. Hətta onu saxlamaq mümkün deyildi. O qədər cəldliyi, qoçaqlığı var idi ki…

- Məhəllədə çoxmu dava-dalaş edirdi?

- Yox, dalaşqan olmasa da, qoçaq idi.

- Məsələn?

- Dəqiq yadımda qalmayıb, ancaq çox idi. Uşaqlıqdan idmana çox meylli idi.

- Əvvəllər heç fikirləşirdiniz ki, vaxt gələcək və oğlunuz belə uğurla tarixə düşəcək, bir anda məşhur sima olacaq?

- Nə bilim, Vallah. Bu haqda fikirləşmirdim.

- İki qızınız da var. Toğrul bacılarını incidirdimi?

- (gülür) Bacılarına göz verib, işıq vermirdi. Deyirdi ki, ana, onları evdən çölə çıxmağa qoyma. Bax, belə dəcəlliyi vardı.

- Tək oğul olduğu üçün onu ərköyün böyütməmisiniz ki?

- Yox. Toğrul ərköyün böyüməyib.

- Oğlunuzun çempion olması münasibətilə sizlərə təbriklər çox oldu. Bunlar arasında ilk, ən dəyərli hansı idi?

- Ən yaddaqalan təbrik babasından olub. O, Toğrulu çox istəyir və xeyir-duasını vermişdi. Bizi istəyənlərin hamısı təbrikə gəlmişdi. Hamı deyir ki, halal olsun, belə övlad böyütmüsünüz. Bizi istəyənlərin hamısı öz səmimi hisslərini bizimlə bölüşür.

- Toğrul üçün atasız böyümək çoxmu çətin olub?

- Xeyr, o, həyatda hər şeyi babasından alıb.

- Bundan sonra oğlunuzun həyatında böyük dəyişiklər olacaq. Bunu bir anlıq göz önünə gətirmisiniz?

- İnanırıq ki, hər yaxşı olacaq.

- Böyük mükafatlar Toğrulun həyatına necə təsir göstərə bilər?

- O, eyni fikirdə qalan uşaqdır.

- İnanırsınız ki, qazandıqlarının müqabilində yenə idmanla ciddi məşğul olub, böyük uğurlar qazanacaq?

- Allah qoysa, Toğrul yenə Olimpiadanı qazanacaq. O, bundan sonra 2 dəfə Olimpiya çempionu olacaq.

- Praktika göstərir ki, bəzi idmançılar pul görəndən sonra işlərinə ciddi yanaşmırlar…

- Toğrulun heç vaxt gözü pulda olmayıb. İnşallah, yenə uğur qazanacaq, Olimpiadada yenə qızıl qazanacaq.

- Toğrulu yaxın müddətdə evləndirmək fikriniz varmı?

- Yox. 20 yaşı var, hələ tezdir. O, Olimpiadanı bir dəfə də udacaq, sonra evlənəcək.

APASPORT

OXŞAR XƏBƏRLƏR