“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
SOSİAL
21:48 09.10.2025
317
Ailə və Uşaqlara Sosial Dəstək  İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində yekun tədbirini təşkil edib.

AZXEBER.COM QHT.az-a istinadən xəbər verir ki, layihənin yekun tədbiri 8 oktyabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli QHT Forumunun iclas zalında keçirilib. Tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Milli QHT Forumuna təşəkkür bildirilib.

Tədbirdə çıxış edən İctimai Birliyin rəhbəri Elnurə Abuşova layihənin məqsədləri və əhəmiyyətindən danışaraq, erkən nikahların qarşısının alınmasında valideynlərin və təhsil müəssisələrinin rolunun vacibliyini vurğulayaraq qeyd edib ki, layihə çərçivəsində müxtəlif rayonlarda təşkil edilən təlimlərdən, ailələrin mövzuya münasibətindən və uşaqların hüquqlarının təminində ailə dəyərlərinin əhəmiyyətindən bəhs olunub. Yekun tədbirin məqsədi qanunvericiliyin təhlili, mövcud çətinliklərin dövlət qurumları, QHT-lər və media nümayəndələri ilə müzakirəsi, bu müzakirələrin layihə hesabatında əks olunması, eləcə də layihənin davamlılığını təmin etmək üçün təkliflərin aidiyyəti qurumlara təqdim olunmasıdır.

Tədbirdə iştirak edən qurumlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association, Mediasiya Şurası, Konstitusiya Araşdırmalar Fondu, media nümayəndələri, yerli qeyri-hökumət təşkilatları iştirak edib.

Azərbaycan Vəkillər Kollegiyasının nümayəndələri Gülşən Salmanova və Lalə Məmmədova çıxış edərək erkən nikahların cəmiyyət üçün vacibliyini vurğulayıblar. Çıxışlarda qızların hüquqi müdafiəsi, ucqar bölgələrdə yaşayan həssas əhali qrupları üçün hüquqi yardımın təşkili, ailə və valideyn məsuliyyəti, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və düzgün hüquqi qərarların qəbul olunmasının əhəmiyyəti qeyd olunub.

Mediasiya Şurasının nümayəndəsi, Mediasiya Şurası idarə heyəti sədrinin müşaviri Əli Fərzəliyev çıxışında vətəndaş cəmiyyətlərinin dəbdəbəli otellərdən çıxıb regionlarda təlim keçirməsini alqışladı və  bildirdi ki, təşkilat rayonlarda aparılan maarifləndirmə tədbirlərində aktiv iştirak edib. Əhali ilə birbaşa ünsiyyət zamanı ailə dəyərlərinin aşılanması, erkən nikah və ailədaxili problemlərə həssas yanaşma önəmlidir. Həmçinin vurğulandı ki, problemlər erkən aşkarlandıqda, yerli qurumlarla kompleks yanaşma tətbiq etməklə uşaqların və qızların hüquqlarının qorunması və onların cəmiyyətə sağlam inteqrasiyası təmin olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova çıxışında qeyd edib ki, Komitənin 11 rayonda fəaliyyət göstərən "Ailələrə və Uşaqlara Dəstək Mərkəzləri” var və bu mərkəzlərdə ailə dəyərlərinin təbliği, uşaqların hüquqlarının qorunması, qızların təhsilə yönləndirilməsi və erkən nikahların qarşısının alınması istiqamətində işlər aparılır. Məktəblərdə də mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir və real həyatda rast gəlinən hallardan nümunələr əsasında problemlərin həlli yolları barədə məlumat verilir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, təlim-resus şöbəsinin müdir müavini Pərvin Quliyeva çıxış edərək, səhiyyə sahəsində görülən işlər, məktəblərdə aparılan maarifləndirmə tədbirləri və tibb işçiləri, psixoloqlar, məktəb psixoloqları üçün hazırlanmış metodik vəsaitlər barədə məlumat verib. Bu materiallarda uşaqlara qarşı zorakılığın erkən aşkarlanması, atılmalı addımlar və müraciət istiqamətləri əks olunub. Həmçinin vurğulanıb ki, bu fəaliyyətlər Nazirliyin illik fəaliyyət planına daxil edilib və davamlı olaraq həyata keçirilir.

Tədbirdə erkən nikahların qarşısının alınması üzrə tövsiyələrlə çıxış edən "Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Cinayət Məcəlləsinin 176-1 və 176-2-ci maddələri hüquqi baza yaratsa da, mövcud tənzimləmə hüquqi, terminoloji və institusional boşluqlara malikdir. Cinayət-hüquqi müdaxilə reaktiv xarakter daşıyır, profilaktik və sosial müdafiə mexanizmləri zəifdir, institusional koordinasiya parçalanmışdır, regionlarda dəyərlər və davranış stereotipləri hüquqi mexanizmin təsirini məhdudlaşdırır.

Terminoloji qeyri-dəqiqlik məsələsinə toxunan Ə.Nuriyev "Erkən evlilik” anlayışının Ailə Məcəlləsində olmamasını, cəza və məsuliyyətin balanssız olmasını (subyektiv və ağırlaşdırıcı hallar dəqiq müəyyən edilməyib), sosial reaksiya mexanizminin formalaşmanasını, (təhsil, sosial xidmət və polis arasında erkən xəbərdarlıq sistemi yoxdur), məcbur etmə formalarının fərqləndirilmədiyini (fiziki, psixoloji, dini, iqtisadi), zərərçəkmişin müdafiə mexanizminin olmaçasını (təhsil, sığınacaq, psixoloji dəstək tədbirləri hüquqi sənədlərdə nəzərdə tutulmayıb), dini kəbin və sosial razılaşma hallarına qarşı məsuliyyət mexanizmlərinin qeyri-müəyyən olmasını bildirərək əlavə edib ki, QHT və medianın rolu sistemli və uzunmüddətli deyil, layihə əsaslıdır.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor, ADU-nun Xarici ölkələrin ədəbiyyatı kafedrasının rəhbəri Aynur Sabitova qızların təhsil almasının və maariflənməsinin cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"5 il tələbə olmuşam, sonrakı illəri isə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hamı bilir ki, Dillər Universiteti uzun illər qızların üstünlük təşkil etdiyi ali məktəb olub. Sonradan beynəlxalq münasibətlər fakültəsi açıldıqdan sonra oğlan tələbələr də təhsil almağa başladı. Amma ümumilikdə, biz oxuduğumuz dövrlərdə bu təhsil ocağında əsasən qızlar üstünlük təşkil edirdi. Bu gün Azərbaycan Dillər Universiteti yalnız bir təhsil ocağı deyil, eyni zamanda geniş imkanlar yaradan dinamik bir inkişaf məkanıdır. Universitetimizdə tələbələrin elmi, peşəkar və şəxsi inkişafı üçün müxtəlif istiqamətlərdə mühüm işlər görülür. Tədrisin keyfiyyətinin yüksəldilməsi, xarici dillərin daha müasir metodlarla tədrisi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, tələbələrin beynəlxalq proqram və layihələrdə iştirak imkanlarının artırılması, həmçinin mədəni və sosial fəaliyyətlərin zənginləşdirilməsi bu işlərin əsasını təşkil edir. Bu cür layihələr sayəsində tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də qlobal dünyada rəqabətədavamlı mütəxəssis kimi formalaşırlar. Universitetimizdə aparılan bu ardıcıl işlər həm müəllimlərə, həm də tələbələrə böyük motivasiya verir.”

Professor qeyd edib ki, qız uşağının maariflənməsi tək bir fərdin deyil, bütöv bir cəmiyyətin inkişafına təsir edir:

"Maariflənmiş bir qız — gələcəyin güclü qadını, güclü ailəsi və sağlam cəmiyyətidir. Belə layihələrdə hər bir təşəbbüs çox şeyi dəyişə bilər. Cəmiyyətin tərəqqisində hər bir fərdin rolu böyükdür".

Aynur Sabitova həmçinin müasir dövrdə texnologiyanın sosial münasibətlərə təsirinə də toxunub:

"Bizdə təhsil sistemi, dərslər normal şəkildə keçirilir, amma smartfonlar və texnologiya uşaqları real həyatdan uzaqlaşdırır. Canlı ünsiyyət və emosional təmas olmayınca problemlər qaçılmazdır. Günümüzün çoxu sosial şəbəkələrdə keçir və bu enerjimizi alır. Layihənin əhəmiyyətini yüksək qiymətləndirirəm, təşkilatın sədri Elnurə Abuşovaya təşəkkür edirəm. Elnurə xanımın bu layihəsi cəsarətli addımdır. Xüsusilə bölgələrdə bu sahədə maarifləndirmə işlərinə ehtiyac böyükdür. Bu görüş layihənin başlanğıcı olsa da, əslində gələcək uğurların təməlidir". 

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin əhəmiyyətindən, vətəndaş cəmiyyətinin rolundan, dövlət və QHT-lər arasında əməkdaşlığın vacibliyindən danışıb. Cəsarət Hüseynzadə çıxışında ilk olaraq layihənin müəllifi Elnurə Abuşovaya təşəkkür edib:

"Bu layihə yeni yaranan bir təşkilat üçün çox dəyərli və cəsarətli addımdır. Həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümü bildirirəm ki, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır və yeni təşkilatlara ilkin maliyyə dəstəyi göstərir. Bu, QHT-lər üçün bir növ tramplin rolunu oynayır.”

QHT sədri bildirib ki, qızların maarifləndirilməsi və erkən nikahlarla mübarizə məsələsi uzun illərdir müzakirə mövzusudur və bu istiqamətdə vətəndaş cəmiyyətinin fəaliyyəti danılmazdır:

"Bu mövzu illərdir gündəmdədir. Doğrudur, müəyyən uğurlar əldə olunub, amma bəzi problemlər hələ də qalmaqdadır. Mən düşünürəm ki, vətəndaş cəmiyyəti daha da güclənsə, bu problemlərin həlli daha sürətli və səmərəli olar. Dövlət qurumları və QHT-lərin mövqelərinin uzlaşdırılması vacibdir. Bəzən biz yalnız öz pəncərəmizdən baxırıq, dövlət qurumlarının baxış bucağını nəzərə almırıq. Əslində, dövlət qurumları çox güclənib, bu, müsbət haldır, lakin paralel olaraq vətəndaş cəmiyyətinin zəifləməsi müşahidə olunur. Əgər bu balans qorunmasa problemlərin həllində çətinliklər yaranacaq.” 

Cəsarət Hüseynzadə həmçinin yerli səviyyədə — icra hakimiyyətləri və bələdiyyələr səviyyəsində fəaliyyətin artırılmasının vacibliyini vurğulayıb:

"Regionlarda erkən nikahlarla bağlı yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti, demək olar ki, sıfır səviyyəsindədir. Halbuki yerli icmalar bu problemləri daha yaxşı tanıyır və onların həllində birbaşa iştirak etməlidirlər.”

Cəsarət Hüseynzadə çıxışında erkən nigahla bağlı dəstək mexanizmlərinin gücləndirilməsi üçün təkliflər də səsləndirib:

"Əgər imkansız ailələrin uşaqları üçün müəyyən vəqflər və ya təhsil fondları yaradılarsa, bu, həm erkən nikah hallarının, həm də təhsildən yayınmanın qarşısını ala bilər. Təhsil bərabərliyi təmin olunmadan ədalətdən danışmaq çətindir. Vətəndaş cəmiyyətinin dövlətlə əməkdaşlıqda daha fəal mövqedə olması vacibdir. Bu layihə kimi təşəbbüslər göstərir ki, vətəndaş cəmiyyəti proseslərdə mühüm rola malikdir. Əgər biz birgə fəaliyyət göstərsək, cəmiyyətin inkişafı daha dayanıqlı olacaq.”

Müstəqil jurnalist Ramina Eyvazqızı bildirib ki, uşaqların məlumatlarının qorunması, ailədaxili qayğının və diqqətin yetərli olmaması erkən nikah hallarının yaranmasına təsir edir. Digər media nümayəndələri qeyd ediblər ki, erkən nikahların qarşısının alınması, qızların təhsilə cəlb olunması və sosial inkişafının təmin edilməsi üçün cəmiyyətin və medianın fəal iştirakı vacibdir.

Media nümayəndələri çıxışlarında vurğulayıblar ki, mediada erkən nikahlarla bağlı məlumatların işıqlandırılmasında bəzən boşluqlar olur. Tədbirdə həmçinin televiziyaların, medianın və sosial şəbəkə platformalarının rolunun önəmi vurğulanıb. Düzgün təbliğatın aparılması, ailə dəyərlərinin qorunması, zorakılığın qarşısının alınması və maarifləndirmə tədbirlərinin geniş ictimaiyyətə çatdırılması vacib istiqamətlər kimi qeyd olunub.

Tədbirdə həmçinin vurğulanıb ki, maarifləndirmə fəaliyyətlərinə yalnız qızlar deyil, oğlanlar və yeniyetmələr də cəlb edilməlidir. Bu, onların gələcəkdə valideyn kimi sağlam düşüncə və münasibət formalaşdırmasına, həmçinin qızların və qadınların zorakılıqdan qorunmasına mühüm töhfə verəcək.

Sonda Elm və Təhsil Nazirliyinin İTM jurnalının Baş redaktoru Böyükağa Mikayıllı iştirakçıları səsləndirilən fikirlərə elmi əsaslandırma ilə yanaşmanı təklif edərək bildirdi ki, araşdırma nəticələrinə həsr edilmiş məqalələrə Baş redaktoru olduğu jurnalda yer ayıra bilər.

Tədbir qarşılıqlı müzakirə ilə davam edib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
01:36 10.10.2025
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
00:45 10.10.2025
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
00:04 10.10.2025
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
Gəncədə itkin düşən məktəbli tapılıb
23:47 09.10.2025
Gəncədə itkin düşən məktəbli tapılıb
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
23:44 09.10.2025
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
23:35 09.10.2025
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
23:29 09.10.2025
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
23:13 09.10.2025
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
22:57 09.10.2025
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü