Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir

Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
104
Qubadlının azad olunması Azərbaycanın Vətən müharibəsi tarixində mühüm hadisələrdən biri kimi yadda qalıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan azad etməsi müharibənin gedişində əhəmiyyətli dönüş nöqtələrindən biri oldu.

Qubadlının azad edilməsi heç də asan başa gəlmədi. Düşmən şəhərdə və ətraf ərazilərdə güclü istehkamlar qurmuş, strateji yüksəkliklərdə hərbi mövqelərini möhkəmləndirmişdi. Bu yüksəkliklərdən Azərbaycan hərbçilərinə mütəmadi atəş açılırdı. Buna görə də şəhərin azad edilməsi üçün ilk növbədə strateji əhəmiyyət daşıyan yüksəkliklərə nəzarətin ələ keçirilməsi vacib idi. Bütün çətinliklərə və düşmənin müqavimətinə baxmayaraq, rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Qubadlını işğaldan azad etdi. Beləliklə, üçrəngli bayrağımız uzun illərdən sonra doğma torpaqlarımızda yenidən dalğalandı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın birliyini, dövlətimizin gücünü və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərinin qəhrəmanlığı, peşəkarlığı və yüksək döyüş ruhu düşmənin uzun illər ərzində yaratdığı məğlubedilməzlik mifini darmadağın etdi. İşğal dövründə qurulan istehkamlar və möhkəmləndirilmiş mövqelər Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədi.

Qubadlının azad olunması təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası, milli qürurumuzun və torpaq sevgimizin təntənəsi idi. Bu Zəfər bir daha sübut etdi ki, xalqımız öz doğma torpaqlarına bağlıdır və Vətən uğrunda mübarizədə sarsılmaz iradəyə malikdir.

Bu gün Qubadlı və digər azad edilmiş ərazilərimizin dirçəldilməsi, doğma yurdlarına qayıdış üçün həyata keçirilən tədbirlər Böyük Qayıdışın mühüm tərkib hissəsidir. Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.

Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq. Bu tarixi Zəfər gələcək nəsillərə dövlətə sədaqət, Vətənə məhəbbət və milli birliyin gücü haqqında mühüm mesaj verir.
 
Zaur Mustafayev
Göygöl Rayon İcra Hakimiyyəti Aparatının sektor müdiri
OXŞAR XƏBƏRLƏR