Son günlər Qərb ölkələrində "Qurani-Kərim”in yandırılması hallarının şahidi oluruq. Avropada müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim”i yandırmaq artıq trend olub. Ötən ay İsveçə gedən iraqlı miqrantın Stokholmda məscidin qarşısında Quranı yandırması müsəlman dünyasının qəzəbinə səbəb olmuşdu. Rəsmi Stokholmun razılığı ilə həyata keçirilən Quranın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə hücum ediblər. Quranın təhqir olunmasına görə İsveç səfirliyi yandırılıb.
İsveçdə "Qurani-Kərim”in yandırılması ilə bağlı təxribatı bir çox dövlətlər kəskin şəkildə pisləyib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov son həftələr ərzində İsveç və Danimarkada geniş vüsət alan "Qurani-Kərim”in yandırılmasının tamamilə qəbuledilməz olduğunu söyləyib. O, bildirib ki, bu, müsəlmanların hissləri ilə oynamaqdır.
Bəs, Avropada davamlı olaraq, Quranın yandırılmasının arxasında hansı məqsəd dayanır?
Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlama verib.
Deputat təəssüflə qeyd edir ki, Qərbdə Quranın yandırılması ilk dəfə deyil baş verir:
"Bu hadisə artıq dəfələrlə təkrarlanır. Özü də bütün dünyanın gözü qarşısında. Tarixə nəzər yetirsək görərik ki, ən faciəvi müharibələr dini zəmində olub. Bu əməlləri törədənlər bilməlidirlər ki, dinlərarası ədavəti qızdırırlar. Belə davranışlar Avropada artan islamofobiyanın göstəricisidir. Bir sıra Avropa ölkələrində davamlı olaraq, "Qurani-Kərim”in yandırıldığının şahidi oluruq. Təəssüf ki, bu artıq ənənəvi hal alıb. Ancaq bununla bağlı heç bir addım atılmır. Əksər hallarda, belə hadisələrə reaksiyaların verilmədiyini görürük. Heç vaxt müsəlman ölkələrində hansısa dinin kitabının "İncil”, Tövrat”ın yandırıldığının şahidi olmamışıq. Bu günə qədər heç bir müsəlman ölkəsində qeyri-dinlərə, onların müqəddəs dəyərlərinə qarşı belə bir hal baş verməyib. Dinimiz bizə imkan verməyib ki, hansısa müqəddəs kitabı yandıraq. Lakın Qərb ölkələrində bu artan templə davam edir”.
Ceyhun Məmmədovun fikrincə, "Qurani-Kərim”in yandırlaması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı səviyyəsində ciddi addımların atılmasına ehtiyac var:
"Müsəlmanların digər dinlərin müqəddəs kitablarını yandırmasını həmin dinlərin nümayəndələri necə qarşılayarlar? Bu məsələdə təəssüf doğuran məqam odur ki, Qərb rəsmiləri bunu insan hüquq və azadlıqları ilə əlaqələndirirlər. Halbuki, heç bir əlaqəsi yoxdur. Bu dinlərarası ədavətin qızışmasına, münasibətlərin gərginləşməsinə aparan bir addımdır. İslama qarşı bu cür yanaşmaların Qərbdə getdikcə çoxalması, radikal meyillərin daha da güclənməsinə yol aça bilər. Buna son qoyulmalıdır”.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan ilahiyyatçı Tural İrfan hesab edir ki, Quranı yandırmaqla islam ölkələrini, müsəlmanları təxribata çəkirlər:
"Quranın yandırılması birmənalı şəkildə demokratiyaya, Şərq ölkələrinə, müsəlman aləminə qarşı təcavüzdür. Həm də bunu demokratik dəyərlərdən, tolerantlıqdan danışan, Şərq ölkələrinə tətbiq etməyi önə sürən Avropa ölkələri həyata keçirir.
İlk növbədə bu proses islamofob bir ölkə kimi tanınan Fransada, Peyğəmbərin karikaturasını çəkməklə başladı. Bir neçə ilə əvvəl başladılan bu proses müsalmanların nəbzini yoxlamaq məqsədi daşıyırdı. Sonra bunu başqa Avropa ölkələrində tətbiq etdilər. İraq əsilli bir neçə şəxsin əli ilə, polisin nəzarətində həyata keçirdikləri bu prosesi onlardakı azadlıqla əsaslandırırlar. Şərqdə olan tolerantlıq, heç Qərbdə olmayıb. Avropa ölkələrində yerin kürə şəklində olduğunu dediyinə görə ,insanları tonqalda yandırırdılar. Demokratiya ilə əlaqələndirdikləri bu işin arxasında dərin siyasət yatır. Bu Qərbin daxilində yatan səlibçilik təfəkkürünün məhsuludur. Orta əsrlərdə baş verən səlib yürüşlərini Qərb indi ideoloji cəhətdən həyata keçirmək istəyir. Səlibçilik məfkurəsini hələ də yaşadırlar”.
İlahiyyatçının fikrincə, Avropa ölkələri səlib yürüşlərini aktiv fona çevirmək istəyirlər:
"Çalışırlar ki, müsəlmanlar da "İncil”i yandırsın, radikal hərəkətlər həyata keçirsin. Hesab edirəm ki, bu sülhə, dinlərarası münasibətlərə xələl gətirir. Belə davranışlarla müsəlman aləmini qıcıqlandırmaq, təxribata sürükləməyə çalışırlar. Əksinə bununla insanların Qərbə olan inamı, etimadı itir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvü dövlətləri bu məsələ ilə bağlı toplanmalıdır. Müsəlman dövlətləri ciddi reaksiya verməlidirlər. Bu məsələnin qarşısı qəti şəkildə alınmalıdır. Çünki böyük təxribatdır. Ciddi qarşıdurmalara səbəb ola bilər. Müsəlman dövlətlərinin və xalqlarının heysiyyətinə, həssas nöqtəsinə toxunan bu addım İslam aləmini təhqir etməkdir. Quranın yandırıldığı və bu addımın razılıqla qarşılandığı ölkələrlə müsəlman ölkələri əlaqələrinə bir daha baxmalıdırlar. Həmin dövlətlərə təzyiqlər edilməli, səfirlərə xəbərdarlıq edilib, nota təqdim edilməlidir. Diplomatiya, siyasət yolu ilə müsəlman ölkələrinə olan nifrəti, qəzəbi ifadə edə bilərlər. Ancaq vandalizm yolu ilə kitabı yandıra bilməzlər”.
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.