Rəşad Məcid: "Jurnalistlər də bir az dincəlsin. Heç bir ziyanı yoxdur"

MARAQLI
19:07 02.03.2011
1811
Mətbu orqanlar qarşıdakı qeyri-iş günləri ilə bağlı konkret qərara gəlibmi? Rəyini öyrəndiyimiz media kapitanlarının dediklərindən belə anlaşıldı ki, qarşıdakı bayram günlərində deyəsən istirahət etməyə məcbur olacaqlar.


"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Şərq"ə açıqlamasında qeyd etdi ki, Novruz bayramı ilə əlaqədar Nazirlər Kabineti istirahət günlərinin sayını müəyyən edib. 

Bu qərara uyğun olaraq da "Bakı-xəbər" qəzeti rəsmi bayram günlərinin hamısını - 19 martdan 27 martadək istirahət etmək fikrindədir:

- Novruz xüsusi, əlamətdar bir bayramdır. Əməkdaşlarımızın çoxu bölgələrdəndir. Yəqin ki, evlərində, doğmaların əhatəsində olmaq istəyəcəklər. Ona görə də qərara almışıq ki, bizə verilən bu istirahət günlərindən təyinatı üzrə istifadə edək, yəni rəsmi bayram günlərinin hamısını istirahət edək.

"Gündəlik qəzetlərin belə uzun müddət nəşrdən qalması oxucu itkisi olmayacaq ki" sualına gəlincə, A.Quliyev bundan ehtiyat etmədiklərini dedi və əlavə etdi ki, oxuculara da istirahət lazımdır.

"Yeni Müsavat" qəzetinin redaktoru Nazim Sabiroğlu bildirdi ki, bayram günlərində iş qrafiki ilə bağlı hələ qəti qərar verilməyib. "Yeni Müsavat" kollektivi 9 qeyri-iş gününün uzun bir müddət olduğu qənaətindədir:

- 9 gün çox böyük bir müddətdir. Mart ayının demək olar ki, yarısı qeyri-iş günləridir. Bayram günlərində iş qrafikinin necə olacağına dair hələ qəti qərar verməmişik. Adətən belə vəziyyətdə biz həmkarlarımızla, digər gündəlik nəşrlərlə məsləhətləşirik, yayım şirkətləri ilə danışırıq, çünki bu məsələdə yayım şirkətlərinin işləyib-işləməyəcəyi əsas rol oynayır. İlk növbədə məsələni onlarla razılaşdırmalıyıq. Gündəlik qəzetin bir neçə gün nəşr olunmaması əlbəttə itkidir. Həm əməkdaşlarımızın qonorarına mənfi təsir edir, həm də ictimaiyyətə informasiya vermək baxımından geriyə düşürsən. Hazırda dünyada ciddi proseslər baş verir. Belə bir vaxtda qəzetlərin gündəlik nəşri vacibdir. Amma təbii ki, bayram da lazımdır. Yəqin, yaxın günlərdə bir qərar verəcəyik. Çalışarıq həm istirahət edək, həm də işləyək.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid hesab edir ki, jurnalistlərə də dincəlmək lazımdır:

  - Bayram günlərini istirahət edəcəyik. Düşünmürəm ki, qəzetlərin nəşrində müəyyən qədər fasilə yaranması cəmiyyəti informasiyasız qoyur. İnternet var, müxtəlif saytlar fəaliyyətdədir. Məlumatları oradan da almaq olar. Jurnalistlər də bir az dincəlsin. Heç bir ziyanı yoxdur.

"Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı bu fikirdədir ki, 9 qeyri-iş günü həqiqətən böyük müddətdir, lakin bayram günlərini istirahət etməli olacaqlar:

- Mən də razıyam ki, gündəlik qəzet üçün 9 qeyri-iş günü həqiqətən böyük müddətdir. İnsan hətta adi vaxtlarda şənbə, bazar günlərindən sonra bazar ertəsi işə çıxanda tənbəllik hiss edir. Amma bu, işə başlayana qədərdir. İşə baş vurandan sonra tənbəllik də arxada qalır. 9 günlük fasilədən sonra da bir problem olmayacaq. Yenə ənənəvi qaydada fəaliyyətimizi davam etdirəcəyik. 9 gün qəzet nəşr olunmasa da, saytımız işləyəcək. Saytın fəaliyyətinə görəvli əməkdaşlarımız var ki, onlar çalışacaqlar. Yenə ola bilsin, əməkdaşlarla məsləhətləşərik, bəlkə hansısa günləri işə çıxdıq, ya da rəsmi bayram günlərinin hamısını istirahət edəcəyik. Bayram günlərinin hamısını istirahət edəsi olsaq belə, düşünmürəm ki, bu, qəzetin fəaliyyətinə mənfi təsir edəcək.

OXŞAR XƏBƏRLƏR