Adi dərs günlərindən birində dekan otağa girib bizə yeni müəllimizmizi təqdim etdi. “Lütfi Zadənin davamçısı” dedi onun haqqında. Təqdimatı da elə özü qədər maraqlıydı. Dekan otağı tərk edən kimi bizə “əyləşin”- dedi. Onu görəndə ayağa qalxmamağımızı xahiş etdi bizlərdən. İlk sözlər bütünlüklə ona köklədi bizi. Həyat yoldaşı dünyasını dəyişdiyindən digər həmkarı əvəzləmişdi onu. Semestr dərslərinin böyük hissəsi arxada qalsa da tələbələrin görüşünə gəlmişdi müəllimimiz. O bizə sadəcə dərs demədi, sözün əsl mənasında müəllim oldu. Rafiq Əliyevlə ilk tanışlığımız həvəssizcə gəldiyimiz lakin auditoriyanı tərk edəndə sevərək ayrıldığımız multimedia dərsində baş tutdu. Nəinki 3 illik tələbəlik illərimizdə heç bundan sorakı həyatımızda da onun kimi mükəmməl insanlar çox çıxmayacaqdı qarşımıza. Bu görüşdə bunlardan xəbərsizidik. Amma sevimli müəllimimizin haqqında bunları dərk etməyimiz çox uzun çəkmədi. Jurnalistika fakültəsində 3 illik tələbəlik dövründə həmişə bir qulağımız müəllimdə digəri dəhlizdə və zəngdə olmuşdu. İlk dəfə auditoriyamız Rafiq Əliyevin dərsində sevgi ilə dərs dinləməyə şahid oldu. İlk dəfə 50 nəfərlik auditoriyadan bir nəfər belə zəngdə otağı tərk etmək istəməyib 5 dəqiqəlik fasilədə də dinləmək istədi öz müəllimini. Belə bir insan, belə bir pedoqoq kimi qaldı Rafiq Əliyev bizim yaddaşlarımızda. Sonradan öyrəndik dahi bir insanla üz-üzə olduğumuzu. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı, SSRİ Dövlət Mükafatı laureatı, MBA Proqram direktoru, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, "Lütfi Zadə irsi və Süni intellekt" Assosiasiyasının prezidenti Rafiq Əliyevin 70-ə yaxın kitabından 48-i xarici ölkələrdə çap olunub, “Soft komputing” və “Soft komputing its aplications” bestseller-kitabları dünyanın 5 qitəsində dərsliklərə salınıb. Bütün bu məlumatları oxuyanda müəllimimizin kimliyinə daha yaxşı bələd olmağa başlamışdıq. Bu gün isə onun haqqında sosial şəbəkələrdə və saytlarda dolaşan bir xəbər məni və müəllimini sevən tələbələri təəccübləndirdi həm də təəssüfləndirdi. Dekanı olduğu Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış İdarə Sistemləri kafedrasında vəziəsindən azad edilmişdi Rafiq Əliyəv. Onu tanıyan tələbələr, şəxsi tanışlığı olan jurnalistlər, fəaliyyətindən xəbərdar olan hər kəs qınadı baş verən bu olayı. Belə böyük insana-Azərbaycanı dünyanın müxtəlif ölkələrində öz biliyi ilə təmsil edən, kitabları dünyanın ən məşhur universitetlərində tədris olunan Rafiq Əliyevə qarşı çox cılız addımidi bu. Amma kimlərsə bu addıma belə getdi. Rafiq Əliyev ADNA-da dərs deməyi özü seçmişdi. Nə mənfəət xətrinə, nə özünü düşündüyündən. Dünyanın dörd bir yanında tanınan və dərs deyən Rafiq müəllim istədiyi ölkəni seçib orada yaşaya və dərs deyə bilərdi. Amma seçimi öz ölkəsi, audiotoriyası isə öz övladları gördüyü azərbaycanlı tələbələr oldu, ADNA-nı seçdi müəllimimiz. Saxta diplomluların professor, dərs dediyi fəndən xəbəri olmayanların alim adlandırıldığı bir ölkədə ictimai-siyasi fəallığına görə Rafiq müəlimə qarşı atılan addım sistemin çürüklüyünü qoydu bir daha ortaya. Amma Rafiq Əliyevin böyüklüyü qarşısında ona qarşı bu cür cılız addım atanlar kiçildikcə kiçilir. İllər sonra geriyə dönüb baxdığımızda tarix verəcək qərarını, Rafiq Əliyevin kölgəsində qalan bu insanları elə onun böyüklüyü ilə də silib atacaq öz üzərindən.
Aysel FƏRZİYEVA