Ramil Qasımovdan 75 yaşını tamamlayan Rəşid Şəfəqə...

MƏDƏNİYYƏT
12:53 13.10.2015
3779

Əziz oxucular, haqqında yazdığım şəxs - mənə çox əziz olan, uşaqlıq illərimin xatirəsini özündə daşıyan, canlı şahidi olan bir şəxsdir. 

Bu insanın ən mühüm və mənə əziz olan cəhəti odur ki, o, sənətimdə uğurlarıma daim bəstəkarlıq müstəvisindən yanaşır. Bu gün bəstəkarın həmin bəstəkarın, Rəşid Şəfəqin 75 yaşı tamam olur. Rəşid Şəfəq 1940-cı il, 13 oktyabrda Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Bəstəkar özünə atasının doğulduğu kəndi “Şəfəq” təxəllüsü seçib. O, bu adı atası Camal müəllimin anadan olduğu kəndin adından götürüb.

Xatirimdədir, mən uşaq olarkən, müəllimim, xalq artisti Mobil Əhmədov Rəşid müəllimlə məni tanış elədi və dedi ki, bu bəstəkar Rəşid Şəfəqdir. Köhnə Müəllimlər Evi adlanan binaya gəldik. Mobil müəllim Rəşid müəllimlə bəstəkar romanslarını öyrənirdi. Burada haşiyə çıxıb demək istəyirəm ki, böyük Füzulinin həmin romanslarını mən də müəllifin müşayiəti ilə lentə almışam. Qayıdaq bayaqkı söhbətimizə: Mobil müəllimlə Rəsid Şəfəqin iş prosesi məni valeh edirdi. O vaxtlar düşünürdüm ki, görəsən, mən də nə vaxtsa bu romansları ifa edə biləcəyəmmi? Hətta teatrda onun bir neçə uşaq tamaşalarında “Tülkü,Tülkü,Tünbəki”, “Baş tutmayan hiylə” müzikl və “Bir saatlıq xəlifə” operettasında baş rol (Məlik İbn Səid) oynamışam.

Bakıda Əliyevlər ailəsi zəmanəmizin görkəmli bəstəkarı, o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olan Fikrət Məşədi Cəmil oğlu Əmirovla bir binada (Qoqol küç. 3) indiki Mərdanov qardaşları küçəsində qapı bir qonşuluqda yaşayırdılar. Camal müəllimin dörd övladından biri – Rəşid ailənin ortancıl uşağı idi. O, kiçik yaşlarından musiqi dinləməyi və mahnı oxumağı çox sevirdi. Rəşidin musiqiyə olan böyük həvəsini görən Fikrət Əmirov valideynlərinə məsləhət görür ki, onu musiqi məktəbinə aparsınlar. Camal müəllim elə də edir. Anası Böyükxanım müəllimənin yaxın qohumlarından biri olan Cavadbəy Cuvarlı balaca Rəşidin mahnı oxumasını eşidib demişdir: “Ay Camal, bu uşaq deyəsən musiqiçi olacaq…Onu aparıb dostuma göstərim”. Bu sözlərdən sonra o, Rəşidin əlindən tutub vaxtilə Qori seminariyasında birgə təhsil aldığı Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin yanına Üzeyir bəy balaca Rəşidə çox diqqətlə baxır və üzünü Cavad bəyə tutaraq soruşur: “Ay Cavad, bu uşaq nəvən deyil ki?” Cavad bəy Rəşidin əlindən tutaraq irəli çəkib, baldızı oğlu olduğunu bildirir və onun musiqiyə olan böyük həvəs və məhəbbətindən söz açır. Üzeyir bəy balaca Rəşiddən soruşur: “Ay oğlan, hansı mahnıları bilirsən? Birini bizim üçün oxu, görək!..” Balaca Rəşid bu sözləri eşidən kimi Azərbaycan xalq mahnısını “Sona xanımı” oxumağa başlayır. Elə bu vaxt Üzeyirbəylə Cavadbəy bir-birinə baxıb, qəh-qəhəylə gülürlər. Rəşid oxumağı saxlayıb, dayanır. Böyüklər uşağın incikli hala düşməsini görüb, gülməyi saxladılar. Sən demə, Rəşid mahnının sözlərini təhrif etdiyinə görə və arabir özündən yeni sözlər qoşmağına gülürlərmiş… Balaca Rəşid o vaxt bunu dərk etmirdi ki, Cavadbəyin həyat yoldaşının adı Sona xanım idi... Üzeyir bəy Rəşidin könlünü almaq üçün ona başqa mahnını oxumağı təklif etdi. Onda Rəşid böyük adaşı Rəşid Behbudovun yenicə Bakı kinoekranlarına çıxmış “Arşın mal alan” filmindən arşınmalçı “Əsgərin mahnısı”nı oxumağa başlayır... Musiqi tamamlanan kimi Üzeyir bəy royal arxasına keçərək, onu yanına çağırıb, musiqi yaddaşını və ritm qabiliyyətini yoxlayır. Sonra da Rəşidin başını tumarlayıb, payızdan musiqi məktəbində oxumağı məsləhət Lakin, həmin payızda Rəşid musiqi məktəbinə getmədi, çünki onun hələ beş yaşı vardı. Buna baxmayaraq, o, musiqi ilə müntəzəm məşğul olurdu. Qapı qonşuları Fikrət Əmirov və onun həyat yoldaşı Humay xanım (onun gözəl səsi var idi) Rəşidə müntəzəm olaraq nəğmələr oxutdurar, pianonun dilləri ilə tanış edərdilər. Çox keçmir ki, Rəşid kiçik həcmli fortepiano miniatürlərini özü sərbəst çalır və oxuduğu mahnıların melodiyalarını heç bir kömək olmadan pianonun şirmayi dillərində axtarıb tapmağa başlayır.

Beləliklə, Rəşid 1948-ci ildə səkkiz yaşında ikən Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Orta İxtisas Musiqi məktəbinin violonçel sinfinə qəbul edilir, ilk yaradıcılıq addımlarını isə 9 yaşından atmağa başlayır. Onu məktəbin nəzdində təşkil edilmiş uşaq yaradıcılığı sinfinə həmin məktəbin direktoru, professor Kövkəb xanım Səfərəliyeva gətirir və sonralar Rəşid, professor V.İ.Zeydmanın, qayğıkeş insan, əməkdar müəllim, bəstəkar Müdhəd Əhmədovun rəhbərliyi altında öz bəstəkarlıq qabiliyyətini həvəslə inkişaf etdirir.

O, artıq 10 yaşında fortepiano üçün prelüdlərin, mahnı, marş, vals və s. musiqi miniatürlərinin müəllifi idi. Bundan başqa violonçel sinfində oxuduğundan həmin alət də üçün musiqi pyesləri bəstələyir. Onun ilk uşaq nəğmələri Abdulla Şaiqin və o vaxt gənc şairlər Rüfət Əhmədzadə və İlyas Tapdığın sözlərinə yazılıb. Bu mahnılar Bakının bir sıra qəzet və jurnallarında çap olunur, məktəblilərin bədii özfəaliyyət olimpiadalarında, toplanış və bayramlarında uşaq xorlarının ifasında səslənirdi. Belə

nəğmələrdən “Pionerlər mahnısı” (1955), “ Ana yurdum— Azərbaycan!”, “Radio”(1956), “Əməyi sevirikbiz!”, “Manqa rəhbəri”(1957), “Bəxtəvər uşaqlar”, “Aviamodelçilər marşı” (1958),“Hazır ol”, “May”(1959) və s. misal gətirmək olar.

Qeyd etmək lazımdır ki, respublikamızda ilk uşaq vokal-xor və opera studiyaları, habelə bir çox maraqlı klublar və dərnəklər məhz, Rəşid Şəfəqin təşəbbüsü ilə yaradılıb. Bəstəkar həmin xor kollektivlərinə şəxsən özü rəhbərlik edib, onların daha da inkişaf etməsi üçün heç vaxt qüvvə və bacarığını əsirgəməmişdir.

Hələ 1956-cı ildə Rəşid Şəfəq Bakının indiki Xətai rayonundakı pioner və məktəblilər evində Azərbaycanda ilk vokal-xor studiyasını yaradır. Həmin kollektiv onun əsl yaradıcılıq “laboratoriyasına” çevrilir. O illər (1956-1961) həmin pioner və məktəblilər evinin direktoru Rəşid Şəfəqin yaxın dostu, şair Rüfət Əhmədzadə idi. Hər iki sənətkarın sıx yaradıcılıq ünsiyyəti sahəsində bir sıra gözəl və ecazkar mahnılar, vokal silsilələri, Azərbaycanda ilk uşaq kantata və oratoriyalar yaranır. Yuxarıda adları çəkilən əsərlər həmin qəbildəndir.

Bəstəkarın yaradıcılığında konservatoriyada oxuduğu illər mühüm bir mərhələ kimi qeyd olunmalıdır. Rəşid Şəfəq 1961-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur. Konservatoriyada bir müddət Azərbaycanın görkəmli bəstəkarı, rektor və professoru Cövdət Hacıyevin bəstəkarlıq sinfində oxuduqdan sonra o, böyük bəstəkarımız Qara Qarayevin sinfində təhsilini davam etdirir və bu sənətin incəliklərinə professional bəstəkarlıq texnikasına dərindən yiyələnir. Bununla yanaşı o, Soltan Hacıbəyovun sinfində simfonik orkestrin “sirlərini” yaxından mənimsəyir.

Rəşid Şəfəq özünün əsl müəllimləri sırasına keçmişin və müasirliyin bir çox dahi bəstəkarlarını - İ.S.Baxı, V.A.Motsartı, L.V.Bethoveni, P.İ.Çaykovskini, E.Qriqi, B.Bartoku, R.Xindemiti, M.Raveli, daha sonralar İ.F.Stravinskini, D.D.Şostakoviçi və əlbəttə ki, dahi Üzeyir Hacıbəylini, Qara Qarayevi, Cövdət Hacıyevi, Niyazini və Fikrət Əmirovu daxil edir. O, konservatoriyada oxuduğu illəri xoş təəssüratlarla xatırlayır, çünki o illər ərzində bir sıra maraqlı və cəlbedici əsərlər bəstələmişdir. Onların arasında fortepiano üçün “Sonata”nı, skripka ilə piano üçün “Poema”nı, Ömər Xəyyamın sözlərinə “3 romans – rübai” ( Bülbülə ithaf edilib ), bir sıra prelüdləri və fuqaları, müxtəlif səpgili miniatürləri, “a sarella” xoru üçün əsərləri və s. misal göstərmək olar.

Gənc bəstəkar konservatoriyanı bitirərkən, diplom işi kimi böyük simfonik orkestr üçün bəstələnmiş və Nəriman Nərimanovun 100 illiyinə həsr olunmuş “Simfonik poema”nı təqdim edir. Diplom işi uğurla ifa olunmuş, Dövlət Konservatoriyası və musiqisevərlər tərəfindən yüksək qiymətləndirilmişdir...

“Uşaqlar üçün musiqi yazmaqdan ötrü, ancaq bəstəkar olmaq azdır.

Eyni zamanda həm bəstəkar, həm pedaqoq, həm də tərbiyəçi olmaq. Bu üç vəzifənin- bəstəkar, pedaqoq və tərbiyəçi ağırlığını Rəşid Şəfəq eyni dərəcədə ləyaqətlə daşıyır. Uşaqlar üçün müxtəlif janrlarda musiqi əsərləri yaratmaqla bərabər, onların bədii-estetik tərbiyəsi sahəsində çoxşaxəli fəaliyyət göstərməsi buna əyani sübutdur. Bəstəkarın tələbəlik illərini eyni zamanda müəllimlik illəri adlandırsaq, heç də yanılmarıq. Çünki qeyd etdyimiz kimi o, Bakının musiqi və ümumtəhsil məktəblərində musiqi dərslərini aparmış, bədii özfəaliyyət, xor studyaları və kollektivləri yaratmışdır. Rəşid Şəfəq 1966-cı ildə Bakının ordenli 190 saylı orta ümumtəhsil məktəbində musiqi müəllimi və bədii rəhbər kimi çalışdığı zaman orada Azərbaycanda ilk Məktəbli Filarmoniyası yaratmışdır. Həmin Filarmoniyasına unudulmaz bəstəkar, bütün dünyada şöhrət qazanmış “Cücələrim” mahnısının müəllifi Qənbər Hüseynlinin adı verilmişdir.

Respublikamızda ilk yaranan Məktəbli Filarmoniyasının fəaliyyəti geniş və maraqlı bir salnamə təşkil edir. Həmin illər 190 saylı məktəbə təhsil alan qabiliyyətli məktəblilər xalq çalğı alətləri orkestrinə cəlb Onların hamısı bütün əsərləri notla çalırdı. Bu kollektivə sanballı görkəmli tarzən və pedaqoq Mirzə Mansurun tələbəsi Nadir Əhmədov rəhbərlik edirdi. Onlar məktəbin bütün tədbir və görüşlərində müntəzəm olaraq çıxış edir, maraqlı və rəngarəng repertuar, o cümlədən, Azərbaycan Qərbi Avropa, rus və dünya musiqisinin ən gözəl nümunələrini səsləndirirdilər. Rəşid Şəfəqin, bayaq dediyim kimi, yaradıcılığında uşaq musiqisi böyük rol oynayır. Hər zaman dövlətinə, onun musiqisinə yeni-yeni töhfələr verir. Rəşid Şəfəq 40 ildən çoxdur ki, Azərbaycan Televiziyasında çalışır. Çalışdığı müddət ərzində müxtəlif tele-operalara, uşaq teletamaşalarına, “Bənövşə” uşaq xoruna silsilə əsərlər yazmışdır. 

Mərhum Şövkət Ələkbərova onun bir neçə əsərlərini lentə alarkən deyir - Rəşidin musiqisi zəngin milli köklərə söykənir. Biz onunla bir neçə mahnılar üzərində çalışırıq. Lakin mənim könlümə yatan və həmişə sevə-sevə oxuduğum “Nə gözəlsən ey vətən” mahnısıdır. Sevindirici haldır ki, bəstəkarın yaradıcılığına bu gün də gənc solistlər müraciət Hazırda bəstəkar H.Cavidin “Ana” operası üzərində çalışır. Paralel olaraq vaxtı ilə mən Musiqili Teatrda çalışdığım müddətdə “1 saatlıq xəlifə” operettası da lentə alınır.

Mənim bir musiqiçi kimi bəstəkarda sevdiyim cəhət onun sənətinə ciddi, nizamlı və professional yanaşmasıdır. Əziz Rəşid müəllim! Sizi bütün yaradıcı gənclərin adından təbrik edir, sizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

75 YAŞINIZ MÜBARƏK!

Hörmət və sevgi ilə, Azərbaycanın əməkdar artisti Ramil Qasımov

OXŞAR XƏBƏRLƏR