AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Real" TV-də yayımlanan "Media Masası" verilişində Baku TV-nin direktoru Ramin Cəfərov səsləndirib.
O bildirib ki, rəhbərlik etdiyi televiziya reytinqləri ölçən şirkətin ilkin proqnozlarını üstələyib.
"Doğrudur, yayımçıların baxış reytinqlərini ölçən şirkət bizə bildirmişdi ki, ənənəvi televiziya tamaşaçısının sizi tanıması üçün təxminən 2-3 il vaxt lazım olacaq. Biz bunu anlayırdıq və ilk dövrlərdə sonuncu yerlərdə olacağımıza hazır idik. Buna baxmayaraq, qısa müddət ərzində 16-17 kanal arasında 7, 8, 9 və 10-cu yerlərdə qərarlaşdıq. Hər halda ilk onluqda yer alırıq", - deyə Ramin Cəfərov bildirib.
"Bizdə müəyyən suallar var. Reytinqi ölçən şirkətin daxili qaydalarına əsasən neçə pipmetr (televiziya auditoriyasının izləmə vərdişlərini və reytinqləri ölçən cihaz - red.) üzrə qiymətləndirildiyimizi öyrənə bilmirik", - deyə o vurğulayıb.
Xatırladaq ki, Baku TV Azərbaycan telekanalları arasında "YouTube" platformasında abunəçi və baxış göstəricilərinə görə lider mövqedədir.











































