Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev “Azərbaycan” qəzetində ümummilli lider Heydər Əliyevə həsr edilən məqalə ilə çıxış edib. AZXEBER.COM yazını ixtisarla təqdim edir:
Böyük missiyanı gerçəkləşdirən siyasi düha
Dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Milli quruculuğun lideri kimi xalqın böyük əzm və etimadına layiq olmaq siyasətçinin, dövlət xadiminin fədakar əməyini, böyük dühasını tələb edir.
Tarixdə vaxtı ilə dövləti olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan ölkələr də, zahirdə öz suverenliyini hissə-hissə itirən (Ermənistan kimi) formal müstəqil dövlətlər də az olmamışdır. Dövlətlərin yaranması və inkişaf tarixi çox çətinliklərdən keçib, çiçəklənmə və tənəzzül fazalarını yaşayıblar.
Bütün bu proseslərdə danılmaz və ümumi olan bir cəhət var. Bu, həmin proseslərin həlledici bir amilə – “milli siyasi lider” faktoruna bağlı olmasıdır. Hər bir dövlətin uğurları bu konkret amildən asılı olur.
Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Tanrının və taleyin hökmü ilə müstəqil dövlətimizin ən müasir tarixi də məhz belə liderin adı ilə bağlıdır və dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti ilə, rəhbərliyi ilə yazılıb.
XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik.
İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq.
O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın.
Belə deyim var ki, insanlar yaxşıya tez alışır, onları adi kimi qəbul edirlər. Eyni zamanda Azərbaycanı əvvəllər görən, uzun zaman burada olmayan və yenidən gələn insanlar onun nə qədər inkişaf etdiyini görərək heyrətlərini sadəcə gizlədə bilmirlər. Bu həmin qadir siyasətin təntənəsidir.
Milli dövlət və milli lider müasir tarixin fenomenləridir.
Ümumi qənaətə görə, məhz XX əsrdə “dövlət” və “şəxsiyyət” anlayışları bir simada – “milli lider” simasında cəmlənə bilmiş və həmin əsr tarixə dünya şöhrətli liderlər bəxş etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin lider şəxsiyyətlərdən biridir.
Milli lider olmağın meyarları və izahı müxtəlifdir. Hələ Aristotel yazırdı ki, “siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir”.
Adətən dünyanın klassik siyasi sistemlərində (məsələn, ABŞ-da) dövlətin konstitusiyasını yaradanlar millətin, xalqın lideri hesab edilə bilərlər. Həmin konstitusiyalarda dövlət başçısının, prezidentin səlahiyyət və vəzifələri barədə yazılır. Onlar dövlətin daxili və xarici siyasətini müəyyən edən, onu beynəlxalq münasibətlərdə təmsil edən ali vəzifəli şəxslər kimi qeyd edilir.
Azərbaycan xalqı bilir ki, dövlətimizin ilk, müstəqil və demokratik Konstitusiyasının – Ana Qanunun müəllifi də Heydər Əliyevdir. Lakin o, Ümummilli Lider zirvəsində təkcə buna görə qərar tutmayıb. İlk əvvəl Konstitusiyada adı həkk olunacaq “müstəqil Azərbaycan dövləti”ni yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir.
Onun xalq üçün gördüyü, sadalanması mümkün olmayan başqa neçə-neçə tarixi xidmətləri, fədakarlıqları var. Təkcə bu misal Ümummilli Liderin həm yaddaşımızda, həm də azərbaycanlıların qəlbində tutduğu müstəsna tarixi yer haqda təsəvvür əldə etməyə imkan verir.
Həm də göstərir ki, Heydər Əliyevin xidmətləri dünya siyasi sistemlərində müəyyən edilən “milli lider” çərçivəsinə, hüdudlarına sığmır. Bu necə baş verir?
Dövlətlər kimi, dövlət başçıları da çoxdur və hər birinə siyasi lider olmaq nəsib olmur. Siyasi liderliyin mahiyyəti – dövlətinin milli maraqlarına cavab verən yeganə və bənzərsiz inkişaf yolunu müəyyən etmək, xalqını yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir.
Buna görədir ki, həyata keçirilən siyasətin nəticələri ayrıca dövlətin uğurlar tarixinə çevriləndə sanki möcüzə baş verir. Milli lider həyatdan getsə də, onun siyasi xətti institusionallaşır – siyasi idarəçilik nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə, milli quruculuğun nəzəriyyə və təcrübəsinə çevrilir. Daha dəqiq deyilsə, “əbədiyaşar milli quruculuq elmi” zirvəsinə yüksəlir.
Hər gələn nəsil yenidən və yenidən bu siyasi irsi öyrənməli olur. Onların həyatda ən böyük nailiyyəti kimi yeni dövlətçilik, müstəqil respublika, yeni Konstitusiya, əvvəlki heç bir idarəçilik formasına bənzəməyən MİLLİ QURUCULUQ yolunun siyasi fəlsəfəsi sonrakı nəsillərə nemət və irs kimi qalır.
Buna görədir ki, Heydər Əliyev aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, bizdən öndə addımlayır, yaşayır.
Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən çətin məqamlarda optimal seçimlər etməyə imkan verir.
XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Tarixin bu dövründə baş verən hadisələr dahi tarixi şəxsiyyəti – Heydər Əliyevi siyasi səhnəyə gətirmişdir. Dünya siyasi tarixində baş verən hadisələrin mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin məhvi, digərlərinin yaranması baxımından XX əsrin sonları heç bir dövrlə müqayisə edilə bilməz. Azərbaycan mövcud olduğu coğrafiya, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu diqqət mərkəzində olmuşdur və belə bir dövlətin lideri olmaq daha da çətindir.
Heydər Əliyevin siyasi xidmətlərini dəyərləndirmək üçün ilk növbədə onun hakimiyyətə gəlişi zamanı mövcud olan dəyişiklik və inqilab dalğasının nə qədər güclü mənbələrdən yönəldildiyini yada salmaq kifayətdir. Xarici və daxili siyasi milli gündəlikdə duran məsələlərin mürəkkəbliyi, antiazərbaycançı qüvvələrin son dərəcə fəallaşması səhv etmək imkanlarını tükəndirmişdi.
Əsrin sonlarında sivilizasiya qarşısında duran problemlər həm tarixi miqyası, həm də mürəkkəbliyi baxımından, demək olar ki, bütün dünya ölkələri üçün “yeni” problemlər idi. Onların başlıca spesifikası isə bu sahədə tətbiq edilə biləcək universal beynəlxalq təcrübənin olmaması idi. Başqa ölkələrin təcrübəsi isə konkret məkanların siyasi, mədəni-tarixi spesifikası ilə üz-üzə gəldikdə yeni-yeni problemlər spektrini şərtləndirirdi.
Milli dövlətin yaranmasında və inkişafında, milli birliyin və maraqların təmin edilməsində milli liderin tarixi rolu əvəzedilməzdir. Çünki bütün bu məsələlərin həlli onun şəxsi keyfiyyətinə, inamına və təcrübəsinə əsaslanır. Bu, inkaredilməz bir faktdır. Milli maraqlar millətin gələcək inkişaf məqsədlərinin təyin edilməsi ilə səciyyələnir.
Dövlət başçısı, bu məqsədlərin və ona nail olmaq üçün vasitələrin seçimini, fəaliyyət planının hazırlanmasını təmin etməklə milli maraqların müəyyənləşməsində əsas rolu öz üzərinə götürür. O, riskləri və mövcud vasitələri dəyərləndirir, ölkənin xoşbəxt gələcəyini təmin edəcək yeni perspektivlər haqqında qərarlar verir.
Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olmuşdur. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, hər dəfə tarixi şəraitə müvafiq olaraq milli, müstəqil respublika yaratmaq yönündə səylər qarşısıalınmaz sel kimi yenidən baş qaldırmışdır.
Məhz Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Bu illərdə xalqımız qeyri-adi cahanşümul tarixi proseslər içərisində oldu. Bir dövlət quruluşu yox oldu, yerində yeni milli dövlət yarandı, dünyanın siyasi xəritəsi kökündən dəyişdi. Bu siyasi xəritədə nüfuzu bütün dünyada etiraf edilən Azərbaycan adlı məmləkət müstəqilliyini bərpa etdi.
Məlumdur ki, 90-cı illərin əvvəlində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi vəziyyət o zaman hakimiyyətdə olan insanların şəxsi xüsusiyyətlərindən irəli gəlirdi.
Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin təyin etdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratmış, dövlət müstəqilliyinin taleyini sual altına almışdı.
Buradan aydın etmək olur ki, milli lider dövlətin özünütəsdiqində, beynəlxalq siyasətin formalaşmasında mühüm rol oynayan əsas amildir.
90-cı illərin çətin anlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. O, Azərbaycanın müstəqilliyinin reallaşmasında və möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında, iqtisadiyyatın dirçəlməsində əsas aparıcı tarixi şəxsiyyət idi.
XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.
Suveren Azərbaycan dövlətinin yaradıcısı olan Ulu Öndərin siyasi portretini, ideal lider obrazını, zaman çərçivəsinə sığmayan şəxsiyyətini, milyonlarla dünya azərbaycanlısının qürur ünvanı, cəmiyyət həyatının bütün sahələrində milli intibahın qarantı kimi sağlığında ikən əfsanəyə çevrilən, həyatının hər məqamı bizlər üçün örnək olan nadir dövlət xadimi kimi dərin elmi təhlilini bir yazı ilə əhatə etmək qeyri-mümkündür.
Azərbaycana həmişə yeni-yeni zəfərlərə gətirəcək milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irəliləyişin Azərbaycan modeli kimi təqdim edilmişdir.
Milli dövlətçiliyin təməl əsasları
Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə sovet hakimiyyəti illərində onun fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır.
Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai və sosial potensial məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. Məhz həmin illərdən xalqımızın şüurunda azərbaycançılıq ideyası həmişəlik hökm sürməyə başlamışdır.
Kommunist ideologiyasının şəriksiz hökm sürdüyü sovet dövründə “milli dövlət” anlayışı yasaq idi. Buna baxmayaraq, Heydər Əliyevin respublikaya bacarıqla rəhbərlik etməsi sayəsində Azərbaycan elitasının mənlik şüurunda “milli maraqlar” anlayışı dərindən kök saldı. Məhz sovet dövrü çərçivəsində milli maraqların real siyasətdə ardıcıl gerçəkləşməsi keçən əsrin 80-ci illərinin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyinin qazanılması üçün baza yaratmışdır.
Heydər Əliyev son dərəcə yüksək təhsilli və dərin biliklərə malik bir insan idi. Onun şəxsiyyətində Azərbaycan ziyalılarının bir neçə nəsli tərəfindən formalaşdırılmış milli ideallar sistemi ümumbəşəri dəyərlərlə ahəngdar şəkildə birləşmişdir. Özünün nadir siyasi istedadı sayəsində o, ümummilli dəyərlər və müqəddəs amallar haqqında təsəvvürləri milli dövlətçiliyin konkret fəlsəfi konsepsiyasında təcəssüm etdirməklə yanaşı, həm də bizim müasir Azərbaycan adlandırdığımız dövləti, onun bugünkü reallıqlarını və sabahkı günün etibarlı əsasını yarada bilmişdir.
Məlum olduğu kimi, ötən əsrin 60-cı illərinin sonunda keçmiş SSRİ-nin inzibati-ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında təşviş doğuran tam tənəzzül meyilləri aşkar görünürdü.
Sovet İttifaqının tərkibinə daxil olan başqa müttəfiq respublikaların diqqəti cəlb edən fasiləsiz inkişafı fonunda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində geriləmə müşahidə olunur, mənfi meyillər və təzahürlər getdikcə daha dərin kök salır, hakimiyyət uğrunda səhnəarxası mübarizə ifrat dərəcəyə çataraq eybəcər formalar kəsb edir, respublikanın iqtisadi potensialının zəifləməsi isə xalqın milli-mənəvi birliyinə vurulan zərərdən heç də az olmayan təhlükəli miqyas alırdı.
Azərbaycanın ictimai-siyasi həyatındakı böhran xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi, respublika rəhbərliyində kosmopolit əhval-ruhiyyə hökm sürürdü. Milli kadrların hazırlanması, milli dilin düşünülmüş şəkildə inkişafı və onun tətbiq sahəsinin genişləndirilməsi, dövlət orqanlarında milli kadrların faizinin artırılması istiqamətində heç bir ciddi addım atılmırdı.
Siyasi amorfluq, təfəkkürdə və dövlətin idarə edilməsində durğunluq halları milli mənlik şüuruna, milli təfəkkürə və mentalitetə malik olan kadrlar yetişdirilməsinə ciddi əngəl idi.
Respublikanı bürümüş böhranın ən qısa müddətdə aradan qaldırılması, sağlam mənəvi-psixoloji ab-hava və ictimai ovqat yaradılması zərurəti ən ciddi, hətta qeyri-standart qərarlar qəbul olunmasını tələb edirdi. Lakin bundan daha vacibi çoxşaxəli dəyişikliklər və yenilənmə proseslərini həyata keçirməyə qabil olan şəxsiyyətin ölkə rəhbərliyinə gəlməsi idi.
Respublikanın rəhbəri vəzifəsinə Heydər Əliyevin gəlişindən sonrakı dövrün tarixi yekunları ona dəlalət edir ki, Heydər Əliyevə üstünlük verilməsini təsadüf saymaq olmaz.
Respublikada yaranmış iqtisadi, sosial, mənəvi-psixoloji vəziyyət rəhbər seçimi məsələsinə xüsusi məsuliyyətlə yanaşmağı tələb edirdi. Rəhbərin şəxsi keyfiyyətlərinə, onun istedadına maksimum sərt tələbkarlıq olmasa, respublikanın qarşısında duran tarixi məsələlərin uğurla həll ediləcəyinə hər hansı zəmanət barədə danışmaq olmazdı.
Təkcə bu səbəbdən 1969-cu ildə Azərbaycanda qəbul edilmiş siyasi qərar Heydər Əliyevin liderlik keyfiyyətlərinin, dövlətçilik təcrübəsinin və ustalığının etiraf edilməsi kimi qiymətləndirilməlidir. O tarixi vaxtdan ötən bir neçə onillik ərzində xalqımızın keçdiyi tərəqqi və azadlıq yolu bu həqiqətin əyani təsdiqi olmuşdur.
İndi tam qətiyyətlə demək olar ki, milli mənliyin ifadə edilməsinin bütün formalarının, Azərbaycanda milli şüurun güclənməsinin geniş inkişafına stimul yaradan sürətli inkişaf strategiyasının seçilməsi və onun uğurla həyata keçirilməsi Heydər Əliyevin rəhbərlik fəlsəfəsinin ideya-siyasi prinsipinə çevrilmişdir. Bu fəlsəfənin əsası keçən əsrin 70-ci illərində qoyulmuşdur.
Sübuta ehtiyac yoxdur ki, həyatın bütün sahələrində sürətli yüksəliş, istehsalın, elmin, mədəniyyətin, mənəviyyatın tərəqqisi, bir sözlə, Heydər Əliyev hakimiyyətə gələndən sonra respublikada ictimai-mənəvi ab-havanı səciyyələndirən bütün amillər əslində milli ruhun inkişafına, milli mənlik şüurunun və milli qürurun yüksəlişinə xidmət edən möhtəşəm planın tərkib hissəsinə çevrilmişdir.
Başqa imperiyalarla müqayisədə Sovet İttifaqını fərqləndirən cəhət ondan ibarət idi ki, bu ölkəyə daxil olan müttəfiq respublikalar iqtisadi cəhətdən bir-biri ilə sıx bağlı idi və onların heç biri ayrılıqda tam istehsal dövrəsinin infrastrukturuna, demək olar ki, malik deyildi.
Digər tərəfdən, tarixi, milli mənəvi ənənələr, mədəni sərvətlər, xalqın inamı kimi dəyərlər keçmişin qalığı adlandırılır və vətəndaşlarımızın şüurunda bu dəyərlərin kökü kəsilir, insanları öz tarixi keçmişini unutmağa məcbur etmək cəhdləri göstərilir, bununla razılaşmayanlar isə təqib olunurdular. 1969-cu il iyulun 14-nə, yəni Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələnə qədər ölkəmiz və xalqımız bu acı mənzərə ilə üzləşmişdi.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, Heydər Əliyevin idarəçilik fəlsəfəsi onun sələflərinin və başqa müttəfiq respublikalardakı həmkarlarının idarəçilik fəlsəfəsindən əsaslı şəkildə fərqlənirdi.
O, Azərbaycanda hakimiyyətə Moskvanın canişini olmaq, respublikanı İttifaq üçün istismar obyektinə çevirmək, xalqı öz tarixi keçmişindən ayırmaq və “sovet xalqı”nın bir seqmentinə çevirmək üçün gəlməmişdi. Onun konkret missiyası, fəaliyyət proqramı Azərbaycana xidmət etməklə bağlı idi.
O, respublikanın gələcəyini aydın təsəvvür edirdi. Nadir idarəçilik keyfiyyətlərinə, xarizmatik lider məziyyətlərinə, fitri istedada, böyük vətənpərvərlik hissinə malik olan Heydər Əliyev hələ xüsusi xidmət orqanlarında işlədiyi dövrdə sovet idarəetmə maşınının və bütövlükdə bu sistemin formalarını və məzmununu, onun bütün incəliklərini dəqiqliyi ilə öyrənmişdi.
O, sovet bürokratik aparatının total nəzarəti altında Azərbaycanı inkişaf etdirməyə, hətta öz ideyalarını reallaşdırmaq üçün mərkəzin dəstəyini almağa çox gözəl nail olurdu.
Hakimiyyətdə olduğu elə ilk illərdə təxirəsalınmaz sosial-iqtisadi məsələləri həll edəndən sonra Heydər Əliyev SSRİ rəhbərliyinin Azərbaycanı ilk növbədə xammal əlavəsi kimi saxlamaq siyasətinin nəticələrini aradan qaldırmaq üçün respublikanın mənafelərinə cavab verən tarazlı milli iqtisadiyyat formalaşmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirməyə başladı.
Bu məqsədlə əsas diqqət Azərbaycanda maşınqayırma müəssisələri, olduqca zəngin yerli xammaldan məhsul hazırlanması üzrə digər sənaye obyektləri yaradılmasına yönəlmişdi. Bütün bunlar Azərbaycanı xammal əlavəsindən müasir texnologiya əsasında hazır məhsul istehsalını həyata keçirən və onu ixrac edən respublikaya çevirməyə yönəlmiş uğurlu addımlar idi.
İqtisadiyyatda sürətli artım əvvəlki onilliklərdə yığılıb qalmış çoxsaylı problemlərin həlli üçün zəmin yaratmışdı. Bütövlükdə 1970-1980-ci illərdə respublikanın inkişaf modelinin səciyyəvi cəhətlərindən biri həyatın ayrı-ayrı sahələrinin kompleks şəkildə inkişafı, irəliyə doğru harmonik hərəkətin təmin edilməsi idi. Heydər Əliyevin nəzərində sosial-iqtisadi inkişaf konsepsiyasının təməl daşı belə bir müddəadan ibarət olmuşdur ki, istənilən iqtisadi artım həmişə xalqın sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi, insanların həyatının yaxşılaşdırılması məqsədlərinə tabe olmalıdır.
Təsadüfi deyildir ki, 1970-1980-ci illərdə qısa müddətdə sürətli iqtisadi artım sosial sahənin də inkişafına təkan vermiş, həyat səviyyəsində və tərzində kəskin dəyişikliklərə səbəb olmuşdur.Həmin illərdə qazanılmış bütün iqtisadi nailiyyətlər rəqəmlər şəklində ümumiləşdirildikdə, görülmüş işlərin möhtəşəmliyi xüsusilə aşkar nəzərə çarpır.
Bu illər ərzində respublikanın milli gəliri 2,5 dəfə, sənaye istehsalının həcmi 2,7 dəfə artmış və ya əvvəlki 30 ildə istehsal edilmiş məhsulun ümumi həcmindən iki dəfə çox olmuşdur. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi də 2,7 dəfə artmışdır. İqtisadiyyatın inkişafına əsaslı vəsait qoyuluşunun həcmi əvvəlki 50 il üçün müvafiq göstəricidən 1,4 dəfə çox olmuşdur.
Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Məhz bütün deyilənlərin nəticəsində yalnız Azərbaycan, həmçinin keçmiş SSRİ respublikalarından Rusiya və Ukrayna ittifaq büdcəsindən dotasiya almırdı.
Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir.
Bu kontekstdə Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi ölkənin gələcək müstəqillik perspektivinə hazırlığının ilkin mərhələsi kimi səciyyələndirilə bilər, əsas işlər isə 1990-cı illərin əvvəlində, Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti olanda başlanmışdır.
Milli tariximizin bu dövrü milli dövlətçilik quruculuğuna o vaxt zəruri olan qətiyyətli etatist yanaşmanın əsası, ilk mənbəyi, onun bazis konsepti isə Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi və sosiomədəni baxımdan səfərbər edilməsinin prioritet komponenti sayılan Realpolitik olmuşdur.
Bu yanaşma Azərbaycanı siyasi maraqların toqquşma arenası və müxtəlif kliyentalist qrupların eksperimentlər keçirmək üçün bir meydança kimi görənlərin siyasi romantizmə və uzaqgörməzliyə əsaslanan səylərini alt-üst etdi.
Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu.
1993-cü ildən 2003-cü ilə qədər olan onillik ən müxtəlif təhdidləri və təhlükələri əhatə edirdi. Gənc respublikaya təzyiq həddən artıq çox idi. Heydər Əliyevin siyasi nüfuzu və onun vaxtında qəbul etdiyi qərarlar Azərbaycanın simasız dövlət vəziyyətinə düşməsi təhlükələrini heçə endirdi. Bu on il ərzində Azərbaycan dövlətçiliyin bərqərar olması, demokratik tranzit və həmrəyliklə paralel surətdə genişmiqyaslı iqtisadi islahatlar, ölkənin siyasi sisteminin və sosial münasibətlərin humanistləşdirilməsi yolu keçmişdir.
Dövlətçilik və milli şüur, iqtisadiyyat və sosial quruluş, siyasi sistem və identiklik staqnasiya və reqressiya dövrünü yaşadığı o tarixi vaxtdan təxminən 20 il keçəndən sonra cəsarətlə demək olar ki, 1993-2003-cü illərdə Heydər Əliyevin Prezident olduğu on ilin əsas uzunmüddətli tərkib hissələri aşağıdakılar olmuşdur:
- ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi;
- dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması;
- cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni – açıq və demokratik vətəndaşlığın formalaşdırılması;
- 1994-cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın əsas prioritetlərinin formalaşdırılması;
- müstəqil dövlətin neft strategiyasının yaradılması, bu strategiyanın əsası olan “Əsrin müqaviləsi” sazişinin imzalanması, ölkənin əsas regional energetik aktora transformasiyasının başlanması;
- “Böyük İpək Yolu” layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolunun dəyişməsi;
- həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin formalaşdırılması;
- müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s.
Heydər Əliyev həm nəzəri səviyyədə, həm də praktikada norma və dəyərlər məcmusunu həyata keçirmiş, bu məcmu həyat qabiliyyətli demokratiya modelinə çevrilmişdir. Heydər Əliyevin Prezident olduğu dövrdə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilmiş, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılmışdır.
Dövlət dilimizin böyük himayədarı
Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir.
Heydər Əliyev
Bütövlükdə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş. Məsələn, hazırda hamının obyektiv olaraq Azərbaycanda müasir renessans dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illər o vaxta qədər xalqın qəlbində və ən ülvi niyyətlərində illərlə gizli qalan milli ideyanın, azadlıq və müstəqillik, suveren Azərbaycan dövləti ideyasının dirçəldilməsi, onun ideya-mənəvi özək və gələcək milli azadlıq hərəkatının hərəkətverici qüvvəsi səviyyəsinə yüksəlməsi üçün əlverişli zəmin yaratmışdır.
Bu illərdə Azərbaycanda milli mənlik şüuru xüsusilə güclənmişdi. Heydər Əliyev bu prosesi çox böyük həssaslıq və uzaqgörənliklə idarə edir və tənzimləyirdi. Sovet sisteminin güclü təzyiqinə baxmayaraq, Azərbaycanın gələcək milli dövlətçiliyi naminə mühüm addımlar atılırdı. Bu fəaliyyətin ən mühüm istiqamətlərindən biri Heydər Əliyev tərəfindən yaradılmış milli dövlətçilik, xalqımızın ümummilli mənəvi birliyi konsepsiyasında mühüm yer tutan Azərbaycan dilinin hərtərəfli dəstəklənməsi olmuşdur.
Mübaliğəsiz deyə bilərik ki, XX əsrin son 30 ilində Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə, rəsmi sənədlərin dilinə çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən istifadə edilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və onun hörmət qazanması – bütün bunlar Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, daimi diqqət və qayğısının nəticəsi olmuşdur.
O, Azərbaycan dilinin inkişaf etməsi, onun insanların mənəvi-əxlaqi və siyasi dünyagörüşünün əsasına çevrilməsi, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək lazım olduğunu çox gözəl bilir və hiss edirdi.
Bu halda onu da unutmamalıyıq ki, Azərbaycan dili çox əlverişsiz inkişaf şəraitində olduğu bir vaxtda ilk dəfə bu problemə Heydər Əliyev müraciət etmişdir. Məlumdur ki, dil ona qarşı zorakılığa dözmür, bu və ya digər dilin istifadəsi və inkişafı sahəsini məhdudlaşdırmaq arzusuna əsaslanan hər hansı siyasi kataklizmlərə son dərəcə həssas reaksiya verir.
Bir sıra geosiyasi səbəblər üzündən mürəkkəb tarixi proseslərin yol ayrıcında olmuş Azərbaycan xalqı müxtəlif etnosların, mədəniyyətlərin və konfessiyaların qarşılıqlı nüfuzu və bir-birini qarşılıqlı zənginləşdirməsi şəraitində bütün çoxəsrlik tarixi boyunca dilə son dərəcə qayğıkeş münasibət bəsləmişdir.
Çox vaxt bu dil bilinqvizm şəraitində mövcud olmuş, lakin xalq həmişə xüsusi məsuliyyət hissi ilə yanaşmışdır ki, ən çətin və qarışıq dövrlərdə Azərbaycan dili qorunsun və inkişaf etsin. Heydər Əliyev əsrlərin və minilliklərin kəsişməsində bu tarixi prosesləri qiymətləndirərək deyirdi ki, biz hamımız əvvəlki nəsillərin fədakarlığına görə minnətdar olmalı və fəxr etməliyik, ən əvvəl ona görə ki, tarixi kataklizmlər dövrlərində Azərbaycan dili məhv olmamış, inkişaf və zənginləşməkdə davam etmişdir.
Sovet ideologiyasının ən qızğın məddahları bu ideologiya çərçivəsində milli dillərin hər birini yeni tarixi birliyin – vahid dili rus dili olan sovet xalqının formalaşması və təşəkkülü yolunda yalnız maneə hesab edirdilər.
Biz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi ilə əlaqədar fədakar fəaliyyətini məhz mürəkkəb tarixi şərait prizmasından qiymətləndirməliyik.
1960-cı illərin axırlarından respublikaya başçılıq edən Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi, yüksək intellektual qabiliyyəti, milli mədəniyyətimizi, mənəvi meyarlarımızı dərindən bilməsi sayəsində milli dilin inkişafına və tətbiqinə şərait yaratmış uzunmüddətli siyasət işləyib hazırlamış və bütün əngəllərə baxmayaraq, durmadan həyata keçirmişdir.
O, mərkəzdən asılı olan, qapalı sistemdə yaşayan və üstəlik, müsəlman-türk olan respublikamızda milli dil siyasətini olduqca dərindən ölçülüb-biçilmiş şəkildə həyata keçirirdi.
Heydər Əliyev heç vaxt ötəri imic yaradan tələsik addımlar atmırdı. Onun bu keyfiyyəti milli dilə münasibətdə daha parlaq şəkildə ifadə olunmuşdu. Hər bir vətəndaş və ilk növbədə yaradıcı ziyalıların nümayəndələri dilə çox ağrılı, həssas münasibət göstərirdilər. O, hər kəsin diqqətini bu problemə cəlb etməklə onu gündəmə çıxardı və təkcə rəhbərlik səviyyəsində deyil, həm də zəngin tarixə və mədəniyyətə malik olan bütün xalq səviyyəsində həll etdi.
Beləliklə, Azərbaycan dilinin dövlət dili statusu qazanması məsələsi, həmçinin Azərbaycan cəmiyyətində onilliklər boyu yığılıb qalmış iqtisadi, siyasi və sosial problemlər yalnız keçən əsrin 60-cı illərinin sonunda Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra bütün kəskinliyi və aktuallığı ilə gündəmə çıxarılmışdır.
Yaşlı nəslin yaxşı yadındadır ki, onilliklərlə həm Azərbaycanda, həm də digər sovet respublikalarında bilinqvizm məişətdə məcburi şəkildə tətbiq edilirdi. Dövlət müəssisələrində isə rus dilinin geniş istifadəsi hər vasitə ilə təşviq edilir, bu isə milli dilin dövlət dili kimi inkişafı yolunda ciddi əngəllər yaradırdı.
Keçən əsrin 70-ci illəri Azərbaycan dövlətinin tarixinə iqtisadiyyatın, sənayenin, tikintinin, rabitə, nəqliyyat, sosial və mənəvi həyatın, mədəniyyətin bütün sahələrinin sürətli inkişafı dövrü kimi daxil olmuşdur. Bu dövr həm də onunla səciyyəvidir ki, ölkədə bilinqvizmin qanuniləşdirildiyi şəraitdə Azərbaycan dili tədricən rus dilinin kölgəsindən çıxmağa başlamış, ictimai şüurda və milli dövlətçilik quruculuğunda öz yerini tutmuşdur.
Bu proses təkamül yolu ilə gedirdi və onu dayandırmaq, yaxud geri döndərmək mümkün deyildi. Həmin dövrə qədər yalnız nominal mənada Azərbaycan Respublikasının dövlət dili sayılan Azərbaycan dili artıq kağız üzərində deyil, real həyatda layiq olduğu yeri tutmağa başlamışdı.
Bu illərdə respublikada tamdəyərli ikidillilik şəraitinin bərqərar olmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev həm rəsmi, həm də qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində nitq söyləməkdən və danışmaqdan çəkinmirdi. Bu isə mahiyyət etibarilə ana dilinin nüfuzunun artmasını təsdiq edirdi.
Yaradıcı təşkilatların, xüsusən Yazıçılar İttifaqının qurultaylarında, genişmiqyaslı yubiley tədbirlərində çıxış edərkən Heydər Əliyev Azərbaycan dilində səlis və gözəl danışmaq bacarığını nümayiş etdirir, bununla da ziyalılarımızın diqqətini ana dilinin inkişaf etdirilməsinə cəlb edirdi.
Şübhəsiz, bu da, öz növbəsində, milli mənlik şüurunun sürətlə inkişaf etməsinə şərait yaradırdı.
Ana dilinə münasibətin ifrat dərəcədə siyasiləşdirildiyi və çox vaxt əsassız siyasi ittihamlar üçün zəmin olduğu illərdə Heydər Əliyev Azərbaycan dilinin məişət və ədəbi dil səviyyəsindən dövlət dili səviyyəsinə çatdırılmasına yönəlmiş fəaliyyətlə kifayətlənməyib, həm də öz şəxsi nümunəsi ilə ana dilimizin nüfuzunu artırır, onun elmi cəhətdən öyrənilməsi, geniş yayılması üçün stimul yaradırdı.
Məsələn, onun təşəbbüsü ilə respublikanın bir qrup dilçi alimi Azərbaycan dilinin tədqiqi sahəsində araşdırmalara görə Dövlət mükafatına layiq görülmüş, respublikada ilk dəfə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. Bu da ana dilinin ictimai-siyasi nüfuzunun möhkəmlənməsinə kömək edir və dilin tarixinə, dialektologiyaya və bir çox digər problemlərə dair fundamental tədqiqatlar aparılmasına imkan verirdi.
Əlbəttə, respublikada milli mənlik şüurunun inkişafı prosesi sovet rəhbərliyinin müqaviməti ilə üzləşdiyi, milli mənlik şüurunun artmasına imkan yaradan yeni ab-hava və təşəbbüslərin qarşısı sərt şəkildə alındığı bir şəraitdə yuxarıda sadaladıqlarımızın hamısının həyata keçirilməsi Heydər Əliyevdən böyük cəsarət, qətiyyət, prinsipiallıq və dönməzlik tələb edirdi.
Lakin Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycanda başlanmış milli-mədəni dirçəliş heç də həmişə müsbət qarşılanmır və müxtəlif dairələr, xüsusən ermənilər tərəfindən əsassız siyasi ittihamlar, yalan və böhtan kampaniyaları ilə müşayiət olunurdu. Onlar bütün mümkün vasitələrdən istifadə edərək İttifaq rəhbərliyini Azərbaycana qarşı yönəldir, türkdilli azərbaycanlılara etimadsızlıq və şübhə yaratmağa çalışırdılar.
Məhz ana dili məsələsində Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində, onun aktiv fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqda məşhur 73-cü maddə daxil edildi.
O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş üç keçmiş sovet respublikasından biri və yeganə müsəlman respublikası Azərbaycan idi.
Şübhəsiz, bu uzaqgörən tarixi addım Heydər Əliyevin ana dilinə dövlətçilik münasibətinin və siyasi qətiyyətinin parlaq ifadəsi idi. Heydər Əliyev o dövrü belə xatırlayardı: “Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu.
Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur… Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar aparırdım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.
Bu gün inamla demək olar ki, 1970-1980-ci illərdə Heydər Əliyevin milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirmiş və mahiyyət etibarilə Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırlamışdır.
Müstəqillik bərpa ediləndən sonra isə Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında rəsmi dövlət dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır.
Prezident Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi ilk günlərdən etibarən yeni tarixi şəraitin ruhuna və tələblərinə uyğun olaraq Azərbaycan dilinə göstərilən diqqət və qayğı həm siyasi, həm də praktiki baxımdan fərqlənirdi. Əvvələn, bir fakt göz qabağında idi ki, Azərbaycan dili ölkənin şəriksiz və qeyd-şərtsiz dövlət dili olmuşdur.
Müstəqillik illəri Prezidentin ana dilini nə dərəcədə mükəmməl bilməsini və onun imkanlarından həm öz çıxışlarında, həm də əhali ilə görüşlərində necə bacarıqla istifadə etməsini göstərdi. Digər tərəfdən, Prezident Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dili daim dövlətlərarası münasibətlərdə, siyasi dialoq və diplomatik danışıqlarda istifadə edilmiş, onlarca ölkədə səslənmiş və hər yerdə dövlət başçısının öz ana dilinə məhəbbətini əks etdirmişdir.
Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair” fərmanları sayəsində ədəbi dilimizin fəaliyyət sahəsi daha da genişlənmiş, onun müxtəlif üslublarının potensialı bir daha aşkar edilmiş, bütövlükdə bizim dil mədəniyyətinin qarşısında yeni üfüqlər açılmışdır.
Müstəqillik illərində Heydər Əliyev ana dilinə münasibətini televiziya və informasiya texnologiyaları da daxil olmaqla, həyatımızın bütün sahələrində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsinə dair xüsusi fərmanlarda və qərarlarda son dərəcə aydın ifadə edərək, eyni zamanda öz çıxışlarında da bu mövzuya müraciət etmişdir.
Onun bu mövzuda çoxsaylı fikirlərindən birini xatırlatmaq istərdik: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır”.
Müasir mərhələdə siyasi mübarizədə və dövlətin idarə edilməsində dil amilindən Heydər Əliyev kimi ustalıqla istifadə edə bilən başqa bir dövlət başçısı, başqa bir siyasi lider göstərmək çətindir. Bu, ilk növbədə onun ana dilini, öz xalqının arzu və istəklərini dərindən bilməsi ilə izah edilir.
Bir dəfə o demişdir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə – Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır”.
İnamla demək olar ki, Heydər Əliyev özünün çoxillik yorulmaz, titanik fəaliyyəti ilə həm Azərbaycan dövlətinin, həm də Azərbaycan dilinin nüfuzunu yüksəltmişdir. Məhz onun müdrik rəhbərliyi ilə Azərbaycan dili dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətimizin rəsmi dilinə çevrilmişdir.Burada xatırlatmaq yerinə düşər ki, 1992-ci ildə Azərbaycanda bir sıra konstitusiya və hüquq normaları pozulmaqla Azərbaycan dilinin adının dəyişdirilməsi haqqında qərar qəbul edilmişdi.
Bu, həmin təşəbbüsün müəlliflərinin təfəkkürünün məhdudluğuna, onların məsuliyyətsizliyinə və bu addımın siyasi nəticələrini anlamamasına dəlalət edirdi. Lakin o vaxt da, xalq öz seçimi ilə Heydər Əliyevə Azərbaycan dövlətində ən yüksək hüquqlar verəndə də o, səhvin düzəldilməsi üçün birbaşa inzibatçılıq yolu ilə getmədi. Elmi-tədqiqat müəssisələrində, ali məktəblərdə, Elmlər Akademiyasında çoxlu müzakirələr keçirildi.
Bu diskussiyanın gedişində sırf elmi arqumentlər prioritet əhəmiyyət kəsb edirdi. Bununla belə, son söz yenə xalqa verildi. Dilin adının özü yeni konstitusiya layihəsində əks etdirildi və referenduma çıxarıldı. Beləliklə, dünyada geniş yayılmış “Azərbaycan dili” anlayışının qanuni yaşamaq hüququ ona qaytarıldı.
Bu halda dövlətimizin başçısı haqlı olaraq qeyd etmişdir ki, belə bir qərar qəbul edilməsi “həm bizim keçmişimizə böyük hörmət, həm də gələcək nəsillər üçün böyük dəyərdir. Hesab edirəm ki, biz çox düzgün və əsaslandırılmış qərar qəbul etmişik”.
1991-ci ildə müstəqilliyimizin bərpası nəticəsində Azərbaycan dilinin adı haqqında yaranmış diskussiya Azərbaycan cəmiyyətində “biz kimik” sualı ətrafında gedən debatların təzahürü idi. 1990-cı illərin lap əvvəlində kollektiv identifikasiya formalarından biri – etnik identifikasiya Ümumazərbaycan identikliyinin bu komponentinin yetmiş il ərzində rədd edilməsinə cavab kimi prioritet əhəmiyyət kəsb etdi.
Lakin respublikada yaşayan millətlərin heç də hamısı türk etnikliyinin daşıyıcıları deyildi və buna görə də identifikasiyanın bu formasının qəti seçimi cəmiyyətin bütövlüyünə mənfi təsir göstərirdi. Azərbaycanlıların etnik və dil identifikasiyası barədə debatlarda türkçülüyə üstünlük verilməsi cəmiyyətin sabitliyini laxladır, onu etnik əlamətə görə parçalanmaya sövq edirdi.
Yalnız azərbaycançılığı vətəndaşlığın dövlət forması kimi etniklikdən üstün tutmuş Heydər Əliyevin bu prosesə vaxtında müdaxilə etməsi problemin kəskinliyini aradan qaldırdı. Bu halda millətin dövlətin adı ilə eyniləşdirilmiş adı saxlandı.
Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasında millətin özünütəsdiqi üçün çox vacib olan, onun hələ keçən əsrin 70-ci illərindən başladığı siyasət uğurla davam etdirildi – dilimizə tamdəyərli dövlət dili statusu verilməsi və ondan dövlət idarəçiliyinin və ictimai həyatın bütün sahələrində fəal istifadə olunmasının təmin edilməsi vəzifəsi həyata keçirildi. Bu, yalnız ardıcıl, çoxillik və ən başlıcası, hərtərəfli düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində mümkün oldu.
Milli intibah
Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç zaman ayrılmamalıdır.
Heydər Əliyev
Geniş yayılmış belə bir ifadə var: ölkələr də insanlar kimidir. Həqiqətən də, gizli, naməlum alın yazısı bəzən onları sevinc və xoşbəxtlikdən məhrum edir, ağır imtahanlara çəkir. Ölkələr zəifləyir, xalqlar alçaldılır, fəlakətli təfriqə fazası yaşayır, tarixi oriyentirlərini itirirlər. Azərbaycanın ən yeni tarixində – 1969-cu və 1993-cü illərdə, Heydər Əliyev həm birinci və həm də ikinci dəfə ölkə rəhbərliyinə gələndə də belə olmuşdu. Bu, ictimai münasibətlərin gözlənilmədən kəskinləşməsi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağılması, düşüncələrdə və cəmiyyətin mənəvi dayaqlarında ixtilaf məqamları idi.
Heydər Əliyev iki dəfə öz ölkəsinin dövlət gəmisini dərin tarixi sarsıntılar zolağından keçirə bilmiş, onun milli dəyərlərini, insanların mənəvi sağlamlığını, özünə inamını qoruyub saxlamışdır.
Azərbaycan tarixində o, iki dəfə siyasətdə və dövlət idarəçiliyində bəsitliyə, səriştəsizliyə və primitivliyə “yox” deməyi bacarmışdır. Heydər Əliyev onu tənqid edənlərdən və siyasi opponentlərindən fərqli olaraq ölkənin siyasi, iqtisadi və ictimai həyatının əsasını müəyyənləşdirən bir çox problemlərin həlli yollarını tapmışdır.
Onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətini dərk etmək bir çox onilliklər ərzində Azərbaycan ətrafında baş verən hadisələrin məğzini, mürəkkəb ümummilli problemlərin həlli yollarını aydınlaşdırır.
O, əməli işi ilə sübut etdi ki, dünyanı yalnız böyük dövlətlər idarə etmir, rəyləri ilə hesablaşılan kiçik xalqlar da vardır. O öz şəxsi nümunəsində azərbaycanlıların mətin iradəyə və sarsılmaz ruha, şanlı tarixi yol keçmiş xalqının böyük energetik və intellektual potensiala malik olduğunu bütün dünyaya nümayiş etdirdi.
İlham Əliyev
Azərbaycan xalqının əsas tarixi nailiyyəti olan dövlət müstəqilliyinin 20 ili artıq arxada qalmışdır. Azərbaycan tarixində mahiyyətinə və əhəmiyyətinə görə müstəsna səhifə olan milli müstəqilliyin qazanılması xalqımızın azadlıq və müstəqillik uğrunda çoxillik mübarizəsinin məntiqi nəticəsidir.
Milli ideyanı həyata keçirmək, dünya arenasına müasir millət və müstəqil dövlət kimi çıxmaq, öz taleyinin sahibi olmaq, azad və müstəqil yaşamaq hüququ qazanmaq, heç şübhəsiz, asan başa gəlmədi, xalqımız ziddiyyətli, həyəcanlı, çətin sınaqlarla dolu tarixi mərhələlərdən keçməli oldu.
Tarix baxımından qısa müddətdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev ölkəmizin inkişafının çox möhkəm əsasını qoydu, bu inkişafın perspektivlərini işıqlandıran ideya və prinsipləri müəyyənləşdirdi. Bizə və gələcək nəsillərə bu dahi insanın, Ümummilli Liderin, XX əsrin böyük ictimai və siyasi xadiminin həyat və yaradıcılığını yaxşı öyrənmək, ideyalarını mənimsəmək və həyatımızda tətbiq etmək qalır. Xalqımızın xoşbəxt gələcəyi bir çox hallarda bundan asılıdır.
Heydər Əliyev artıq 10 ilə yaxındır ki, aramızda yoxdur. Lakin Azərbaycanın inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyevin dərindən düşünülmüş, hazırlanmış və qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu bu gün bütün istiqamətlərdə uğurla davam etdirilir.
Heydər Əliyev gözəl başa düşürdü ki, siyasi sabitlik, lazımi iqtisadi inkişaf və ictimai əmin-amanlıq olmadan istənilən demokratiyanın ömrü az olacaqdır. Bu siyasəti son 10 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
Məhz bu kursun davamı kimi 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir.
İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində təxminən son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi dəyişikliklər və uğurlar qazanılmışdır. Bir çox parametrlərinə görə Azərbaycan sürətli inkişaf edən ölkəyə çevrilmişdir.
Regionların 2004-2008-ci il və 2008-2013-cü illəri əhatə edən sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul edilməsi və uğurla yerinə yetirilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddətdə 40 mindən çox yeni müəssisə yaradılmış, çoxu daimi olmaqla ümumilikdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 2001-ci ildə 49 faizdən 2012-ci ildə 6 faizədək azalmış, işsizlik isə 5,3 faizə enmişdir.
2012-ci ildə 2003-cü illə müqayisədə ÜDM 3 dəfə artmış, 2003-2012-ci illər ərzində ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları sərmayə yatırılmışdır. 2012-ci ildə ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi 2003-cü illə müqayisədə 5,1 dəfə artmışdır.
Hər nəfərə düşən investisiya həcmi 2003-cü illə müqayisədə 2012-ci ildə 4,6 dəfə yüksəlmişdir. 2012-ci ildə xarici ticarət dövriyyəsi 2003-cü illə müqayisədə 6,4 dəfə, o cümlədən ixrac 9,2 dəfə artmışdır. 2012-ci ildə ölkəmizdə ümumi daxili məhsulun həcmi 70 milyard ABŞ dollarına yaxınlaşmışdır ki, bu da Cənubi Qafqaz regioununda ümumi daxili məhsulun 3/4-nü təşkil edir.
Azərbaycan bu gün Cənubi Qafqazda sabitlik və tərəqqi adasıdır. O, gündən-günə inkişaf edir, daha da inamlı olur. Bütün bunlar ölkəni və Azərbaycan cəmiyyətini inkişafın daha yüksək pillələrinə aparır.
Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə olsun və qarşıya qoyulmuş vəzifələrə cavab versin.
Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.
Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır. Məhz Heydər Əliyev müasir müstəqil Azərbaycanın arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir.
Həmin inkişafın başlıca yekunlarından biri də dövlət başçısı İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!”