"Ramiz Mehdiyev və Əli Həsənov Azərbaycan mediasını məhv etdilər”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ramiz Mehdiyevin həbsi ilə bağlı danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı deyib.
O bildirib ki, Ramiz Mehdiyev və Əli Həsənov Azərbaycan mediasına çox böyük zərbələr vurublar:
"Onlar Azərbaycan mediasını darmadağın etdilər, bu ölkədə media qoymadılar. Düşünən beyinləri, yazan əlləri qırdılar, dağıtdılar. Rauf Mirqədirovu "xalq düşməni” adlandıraraq həbs etdilər. O, 23 ay təkadamlıq kamerada qaldı. Məni 4 ay istintaq altında saxladılar. Lakin bu, qeyri-rəsmi istintaq olduğuna görə səsimi çıxarmadım. Qəzeti bağlamağa məcbur etdilər”.
E.Şıxlı bildirib ki, Mehdiyev-Həsənov cütlüye qəzet sistemini tamamilə sıradan çıxarıblar:
"Qəzet sistemini məhvə apardılar. Hazırda ölkədə barmaqla sayılacaq qədər qəzet qalıb. Halbuki vaxtilə əsas informasiya daşıyıcısı qəzetlər idi. Yeni texnologiyalar meydana çıxsa da, dünyada qəzetlər hələ də yaşayır. Amma onlar Azərbaycanda qəzetlərin kökünü kəsdilər. Bundan böyük cinayət yoxdur. Hazırda isə söz deməyə adam tapılmır”.
Jurnalist vurğulayıb ki, onlar medianın əlindən "dördüncü hakimiyyət” statusunu aldılar:
"Dördüncü hakimiyyət olmağı medianın əlindən aldılar. İnformasiyanın nə olduğunu çox gözəl başa düşürdülər, buna görə də özlərinə sərf etməyən xəbərin yayımlanmaması üçün medianın əl-qolunu bağladılar, qanadlarını kəsdilər. Eyni zamanda, jurnalistləri yalan xəbər yazmağa məcbur etdilər.
Nəticə etibarilə isə aydın oldu ki, özləri dövlət çevrilişi hazırlayırmışlar. İstintaq prosesi davam edir və hər şey orada üzə çıxacaq”.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə dövlətə xəyanət, korrupsiya və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə cinayət işi açılıb.
Şahanə Ziyad