Ramiz Mehdiyevin əsəri litva dilinə tərcümə edilib

SİYASƏT
21:39 30.01.2014
1366
Görkəmli ictimai və dövlət xadimi, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” adlı tarixi oçerki diasporumuzun xətti ilə Litva dilində yayımlanıb.

AZXEBER.COM xəbər verir ki,oçerk Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə bu ilin 27 və 29 yanvar tarixlərində Litvanın populyar www.slaptai.lt portalında “Azerbaidžaniečių genocido realijos” başlığı altında dərc olunmuşdur. Əsər Litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərəfindən tərcümə edilib. Tərcüməçi tərəfindən yazılmış giriş məqaləsində Litva oxucularına akademik Ramiz Mehdiyevin həyat və yaradıcılığı haqqında məlumatlar da təqdim olunub.

Qeyd edək ki, akademik Ramiz Mehdiyev 2000-ci ildə yazdığı bu əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi köklərini dərindən araşdırıb üzə çıxarmış, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı amillərini və prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparıb.

Litva Azərbaycanlıları Cəmiyyətindən verilən məlumata görə, əsərlə tanış olan litvalı siyasət adamları və tarixçilər akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” kitabını 20 Yanvar qırğını tarixinin dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndirmişlər. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış bu əsər digər elmi-tarixi məziyyətlərlə yanaşı, Azərbaycan tarixinin, həm də ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədi.

Litva ictimaiyyətinin marağını nəzərə alaraq, yaxın zamanlarda kitabın tam şəkildə litva dilində nəşr edilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR