"Əslində, onlar çox şeyləri qaytardılar. Getmək xatirələri aparmaqdır, amma bizim gəncıər çox şeyi bizə qaytardılar. Mən tez-tez Vətən müharibəsi iştirakçıları ilə otururam. Bir məclisdə onlara dedim ki, "Hamımız sizə borcluyuq”, onlar isə cavabında dedilər ki, "Bizə heç kəs borclu deyil. Biz vuruşmağa getmişdik, Vətənə borcumuzu verməyə getmişdik”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri xalq şairi Ramiz Rövşən "Mənim oğlum qəhrəmandır" tədbirində çıxışı zamanı deyib.
O daha sonra bildirib:
"Elə oğulları dünyaya gətirən analara biz hamımız borcluyuq. "Ana” sözü çox dillərdə var, amma bizdə Ana kəlməsi həm də Vətəndir. Peyğəmbərimizin də gözəl sözü var: "Cənnət anaların ayaqları altındadır!”.
Nə qədər bizi kədərləndirsə də, o torpağın altında anaların övladları yatır. Allah onların ruhunu şad eləsin. Heç vaxt boğazdan yuxarı danışmağı sevməmişəm. Bu gün bu tədbirdə şəhidlərin də ruhu sevindi.
Ramiz Rövşən Azərbaycana Zəfər gətirən şəxslərə də təşəkkür edib və bildirib ki, Azərbaycan namuslu müharibə aparıb:
"Biz bu gün Xankəndidə, Şuşada gəzə biliriksə, demək ki, onların ruhu şaddır. Mən elə bilirəm ki, Ali Baş Komandandan başda olmaqla siravi əsgərə qədər biz bütün dünyaya öz gücümüzü göstərdik. Bizim müharibəmiz namuslu müharibə idi, biz bu mənzərəni dünya ilə tanıtdıq. Namuslu o dronları atanlar idi. Bizim müharibə dünyaya bir namuslu müharibə nümunəsi oldu".









































