Azərbaycan qadınlarının son illərdə idmana marağı daha da artır. İndi bir çox gənc qızlarımız müxtəlif idman növlərində özünü sınamağa başlayıb. Bunlardan biri də Aleksandra Morqunovadı. Rus əsillə olsa da, Azərbaycanda doğulan 19 yaşlı xanım dilimizi heç də bizlərdən pis bilmir. Azərbaycan dilində sərbəst danışan Aleksandra kamandan oxatma üzrə milli komandamızın üzvüdü. İdmanla yanaşı, hobbi olaraq Morqunova ilə görüşüb, karyerası, şəxsi həyatı və gələcək planlarından danışdıq.
- Niyə cüdo, futbol, boks və ya başqa idman növü yox, məhz kamandan oxatmanı seçdin?- Çünki mənim xalam oxatma üzrə məşqçidi və məni o, bu idman növünə yönəldib. Bir qədər peşəkarlaşandan sonra yığmaya düşdüm, məşqçim də dəyişdi.
- Qısa zamanda respublika birincisi, ölkə kubokunun qalibi olmusan. Bunlar səni qane edir?- Əlbəttə ki, yox. Bu mənim, ümumiyyətlə peşəkar idmançı üçün çox azdı. Əsas məqsədim 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdı.
- İdmançı uğur qazandıqca, böyük pullara, mükafatlara sahib çıxır. Sən necə, gələcəkdə “Range Rover” sürən, tanınmış, heç kimi tanımayan bir idmançı olmaq istərdin?- Gələcəkdə “Range Rover” sürən idmançı olmaq istəyərdim, kim istəməz ki. Amma mən təbiətən sadə insanam, hətta məhşurlaşdıqdan sonra da belə qalacağıma əmin ola bilərsiniz.
- Hələ ki, gəncsən. İdmandan başqa modelliklə də məşğulsan…- Bəli, hətta idmanla məşğul olmazdan əvvəl arzum model olmaq idi. Lakin indi hobbi olaraq modelliklə məşğulam, bu işi çox sevirəm.
- Hər kəs idmançı qızlarla ailə qurmaq istəmir…- Mən ümid edirəm ki, öz sevgi oxumu yarımın ürəyinə vurmağı bacaracam və mənim idmançı olmağım onu qorxutmayacaq.
- Bu günə qədər atdığın ox kiminsə ürəyindən dəyib?- Bəli, atdığım ox bir nəfərin ürəyinə tuş gəlib. Hədəfi dəqiq nişan alıram.
- Gələcək həyat yoldaşının necə biri olmağını istərdin?- Gələcək həyat yoldaşım ən əsas sadə təbiətli insan olmalıdı. Kasıb olub-olmamağı fərq etməz, əsas bacarığının, ağlının olmasıdı. İdmançı olmağını istərdim.
- İdmançı qızlara nə tövsiyə edərdin?- İdmançı qızlara tövsiyəm, məğlub olduqları zaman seçimlərindən dönməsinlər, axıra qədər mübarizə aparsınlar. İdman sağlamlıqdı, həmişə formada qalsınlar.Rövşən Əhlimanoğlu