Rauf Mərdiyev: Müxalifətçi qızla ailə həyatı qurmaram çünki ... - FOTOLAR + MÜSAHİBƏ

Rauf Mərdiyev: Müxalifətçi qızla ailə həyatı qurmaram çünki ... - FOTOLAR + MÜSAHİBƏ
15:03 13.12.2013
7762
AZXEBER.COM-un "Facebook ulduzları" rubrikasının bu dəfəki qonağı "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyevdir. "Öz hədəfinə doğru yorulmadan, inamla addımlamaq lazımdır"- Rauf, yəqin məlumatın var ki, rubrikamızın adı "facebook ulduzları" adlanır. Və bu günə qədər hər qütbdən olan gənclər rubrikamızın qonağı olub. İstəyirəm müsahibəyə ənənəvi sualla başlayım: "Özünü "facebook ulduzu" hesab edirsənmi?”
- Hacıbəy, ilk öncə hər zaman olduğu kimi maraqlı rubrikaya start verməniz münasibətilə size təbrik edirəm və uğurlar arzulayıram. Çox sağ olun ki, məni qonaq dəvət etmisiniz.
Bu rubrikanı ən başından izləyirəm və qeyd etməliyəm ki, qonaqların hər biri sosial şəbəkələrdə kifayət qədər əhatə dairəsinə malik insanlardır. Mən qətiyyən özümü "ulduz" adı ilə etiketlənməsini istəməzdim. Sadəcə sosial şəbəkələrdən fəal şəkildə istifadə etməyə çalışıram. İctimai sferada çalışmağım, daima gənclərin içində olmağım isə əhatə dairəmin və təbii ki, sosial şəbəkə əhatəmin geniş olmasına səbəb olur. Həm də ulduzlar yalnız gecələr görünür, biz isə demək olar ki, 24 saat onlaynıq (gülür)
- Yəni, siz ulduzlardan da artıqsız... Rauf, cəmiyyətdə çox vaxt belə fikirlər səslənir ki, "insanın adamı olmadan irəli getmək çox çətindir, hətta mümkünsüzdür". Düşünürəm ki, sən də gənc yaşda kifayət qədər uğur qazanmış və sözün hər mənasında irəli getmiş bir gəncsən. Mümkünsə, bu fikir və öz uğurun haqda oxucularımıza məlumat verərdin..
- Deyildiyi kimi, zirvəyə aparan yol hamar olmur. Çətinliklər həyatımız boyu bizi izləyir, bizi daha möhkəm və mübariz edir. Məncə çətinliklər olmadan həyat bu qədər maraqlı olmazdı.
İrəliləmək istəyən insanlar üçün yol var. Bunu heç kəs inkar edə bilməz. Dövlətin də əsas vəzifəsi, insanlar üçün bərabər imkanlar yaratmaqdır. Gəlin, misala baxaq.
Bu ölkədə hər bir gəncin dövlət hesabına orta təhsil almaq imkanı var. Daha sonra hər kəs şəffaf şəkildə imtahan verib, yenə dövlət hesabına ali təhsil ala bilər. Özünü daha çox inkişaf etdirmək istəyənlər, yenə dövlət hesabına xaricdə təhsil ala bilərlər. Təhsili başa vurduqdan sonra gənc istəsə imtahan verib dövlət qulluğunda çalışa bilər, və ya özəl sahədə işləyə bilər, öz biznesini qura bilər və s.
Yenə qeyd edirəm, burada ən önəmli olan bərabər imkanların və gəncin irəliləməsi üçün yolun mövcudluğudur. Sadəcə öz hədəfinə doğru yorulmadan, inamla addımlamaq lazımdır.
Cəmiyyətdə öz biliyi, bacarığı, təşəbbüskarlığı, zəhməti ilə yüksələn saysız-hesabsız gəncimiz var. Onların həyat yolları, uğur hekayələri yetişən nəsil üçün çox gözəl nümunədir.
Uzağa getmədən, fəaliyyət göstərdiyim İrəli təşkilatını misal çəkmək istərdim. 2005-ci ildən bu günə kimi İrəlidən öz zəhmətləri ilə yüzlərlə vətənpərvər, bacarıqlı və təşəbbüskar gənclər yüksəlmiş və indi də ən müxtəlif sahələrdə çalışmaqda, irəliləməkdədirlər.“Facebook”da kampaniyalar aparanlar, eyni sürətlə də "qeyb" oldular"
- Gənclərdən söz düşmüşkən. Rauf, ancaq elə gənclər var ki, bu inkişafı görmək istəmir və onlar müxalif olmağa başlayırlar. Onların kimliyi sənə də, mənə də bəllidir və bu haqda çox danışmışıq. Sualım isə konkret belədir: Bir gənci nə müxalif edə bilər və ya müxalif gənclər nə istəyir?
- Bilirsiniz, gənclər bir-birinə oxşayır. Dövlətlər də bir-birinə oxşayır və cəmiyyətlərdəki problemlər də bir çox hallarda üst-üstə düşür. Gənclər cəmiyyətin ən həssas, eyni zamanda ən çılğın təbəqəsidir. Gündəlik həyatda baş verən neqativlər bəs edir ki, hansısa gənc narazı və etirazçı olsun. Bu narazıçılıq da 2 formada təzahur edir: konstruktiv və destruktiv.
Birinci halda gənc narazı olduğu məsələni görür, onun həllini istəyir və bunun üçün səy göstərir. Məsələn, problemi araşdırır, təklif edir və problemin həlli üçün nəsə etməyə çalışır.
İkinci halda isə gənc deyir ki, mən narazıyam və gedib “YouTube”-da molotov kokteyli hazırlanması videoları axtarır, vandalizmlə məşğul olur, digər insanları narahat edir və s.
Təəssüflər olsun ki, bizdə destruktiv yanaşma sərgiləyən müxalif gənclər son vaxtlar daha çox gündəmdədirlər. Aydındır ki, seçki ili olması ilə bağlı bu cəbhədə fəallıq müşahidə olunurdu. Seçkidən sonra isə, müşahidə edirik ki, ən çox səs-küy salanlar, “Facebook”da kampaniyalar aparanlar, eyni sürətlə də "qeyb" oldular. Sanki heç iki ay öncə iddialı danışan bunlar deyildi.
İkinci suala gəlincə, müxalifətçi gənclərin özləri nə istədiklərini bilmirlərsə, mən onların nə istədiklərini necə bilə bilərəm?
- Rauf Mərdiyev, cəmiyyətin ən həssas və ən çılğın təbəqəsindən olan 30 minə yaxın insana necə sədrlik edir? Və ya o 30 min insandan Rauf Mərdiyevi fərqləndirən başlıca amil hansıdır?
- Sözün açığı mən Sizdən daha qalmaqallı suallar gözləyirdim. Suala gəlincə isə, ötən 8 il ərzində “İrəli”nin sıralarına 30 mindən artıq gənc qoşulub. Bu öz dəyərləri, öz prinsipləri, hadisələrə öz baxışı olan böyük bir ailədir. Bu ailəyə başçılıq etmək üçün Sizi İrəliçilərdən fərqləndirən cəhət yox, Sizi daha çox İrəliçi edən cəhətlərin olması vacibdir.
Ayrı-ayrılıqda hər birimiz öz həyatımız və öz qayğılarımızla əhatələnmiş insanlarıq. Lakin, bir araya gəldikdə isə bizi eyni ideya, eyni amal, eyni məqsəd birləşdirir. “İrəli”yə sədrlik etmək olduqca böyük məsuliyyətdir. Həm də unutmayaq ki, bu postu millət vəkilimiz Ceyhun Osmanlıdan təhvil almışam. Ceyhun müəllim Azərbaycanda bir gəncin əldə edə biləcəyi bütün uğurlara imza atmış şəxsdir.
Çalışıram ki, təşkilatı təhvil aldığımdan daha yüksək zirvələrə qaldıraq. Bunun üçün çox gənclərdən ibarət gözəl komanda toplamışıq. Eyni zamanda gənclər sektoru da daha rəqabətli olub. Bu amillər bizdən daha güclü olmağı tələb edir və biz də çalışırıq ki, daima ən güclü olaq.
- Rauf, "İrəli"nin siyasi kursu hər kəsə hava-su kimi aydındır, ancaq o da aydındır ki, Azərbaycanda "İrəli"ylə eyni yolda olan 10-larla təşkilat var. Ancaq hər zaman müxalifətin qınaq obyekti "İrəli" olur, tənqidlər, daha çox isə təhqirlər şəxsən sənin və sədri olduğun təşkilata gəlir. Bir sözlə, "İrəli" belə münasibəti necə qazanıb? Niyə digərlərini yox sizi söyürlər, sizi tənqid edirlər?
- Bəzən siyasi proseslər də "təsir əks təsirə bərabərdir" prinsipi ilə çərəyan edir. Heç kəsə sirr deyil ki, bu gün gənclər təşkilatları arasında siyasi proseslərin mərkəzində dayanan məhz “İrəli”dir. Bizim mövqeyimiz aydındır və biz bu mövqeyi bütün tribunalardan, bütün vasitələrlə açıq şəkildə, cəsarətlə bəyan edirik və görünür bu fəallığımız qarşı tərəfin xoşuna gəlmir.
Buna görədir ki, mütəmadi olaraq cılız insanlar tərəfindən bizi zəiflətməyə hazırlanmış cılız planlar qurulur, böhtan və təhqir kampaniyaları aparılır, xüsusilə bu internetdə və onlayn KİV-lərdə baş verir. “İrəli”nin hər uğurlu siyasi kampaniyasından sonra biz bu cür tənqid və təhqirlərlə üzləşirik.
Amma, bu qətiyyən bizi ruhdan salmır. Hətta, deyərdim “İrəli”nin belə kampaniyalara qarşı güclü immuniteti formalaşıb, hansı ki bizi qoruyur və əsas işlərimizdən yayınmağa imkan vermir.
- Rauf, şər, böhtandan söz düşmüşkən, bu sualı da mütləq verməliyəm. Gəncədə nə baş vermişdi? Əslində, bu xəbər də elə müxalif mediada işıq üzü görmüşdü.. İstəsən, cavab verməyə də bilərsən...
- Təbii ki, cavab verəcəyəm.
Gəncədə güya ki, insidentin baş verməsi ilə bağlı xəbərin yayılması bizim müxalifət əleyhinə başlatdığımız #khadijautan kampaniyasının intiqamı idi. Bayaq da qeyd etdim, təsir əks təsirə bərabərdir. Biz onların xoşuna gəlməyən iş gördük, onlar da bu formada əvəz çıxmağa çalışdılar. Bu qədər sadə.
"Müxalifətçi qızla ailə həyatı qurmaram. Bu mümkünsüzdür"
- Rauf, məncə bu ən vacib məsələ idi və bunun da cavabına aydınlıq gətirdin. İndi keçək şəxsi suallara. Ask.fm-də demisən ki, 2 il ərzində evlənməyi düşünürsən. Səncə gecikmirsən?
- Ask.fm-i izlədiyiniz üçün təşəkkürlər. Mən əvvəllər düşünürdüm ki, ailə həyatı qurmaq üçün ən vacib olan məqam həyatda ikinci yarını tapmaqdır. Xanımlar yanlış anlamasın, yenə eyni fikirdəyəm ki, bu ən önəmli hissədir. Amma kifayət qədər başqa məqamlar da vardır ki, Siz onları tamamlamadan növbəti mərhələyə keçməməlisiz.
Məsələn, hər kəsə özünü və nə istədiyini anlamaq üçün müəyyən qədər vaxt və həyat təcrübəsi lazımdır. Daha sonra Siz hədəflərinizi və gecəcəyiniz yolu müəyyənləşdirməlisiniz. İşləməlisiniz. Yalnız özünüzün deyil, gələcək ailənizin və onun qayğılarını qarşılaya biləcək durumda olmalısınız. Xaraktercə formalaşmalısınız, həyat fəlsəfəniz olmalıdır və bundan sonra öz kriteriyalarınıza uyğun gələn xanımla ailə həyatı qurmalısınız.
Bu həyatda bir dəfə yaşayırıq və ailə, düzgün seçim etmək üçün 2 il gözləyəcəyindən böyük bir dəyərdir.
Amma etiraf edim ki və subay həmyaşıdlarım da təsdiqləyə bilər ki, yaşlı nəslin nümayəndələrindən "vaxtında evlənsəydin" ifadəsini eşitmək çox yorucudur.
- Rauf, həm də demisən ki, evlənəcəyin xanım səndən ağıllı olmalıdır. Onda belə çıxır ki, bu günə qədər qarşına ağıllıı xanım çıxmayıb?
- Bu sual da ask.fm-də ünvanlanmışdı və mən "iki dəfə ağıllı olmalıdır" kimi cavablandırmışam.
Yuxarıda qeyd etdim, bu qərarın verilməsi yalnız qarşı tərəfin müəyyən olunması ilə deyil, eyni zamanda özünün hazır olması ilə bağlıdır.
- Rauf, müxalifətçi bir qızla ailə həyatı qurarsanmı? Xahiş edirəm, səmimi cavab ver..
- Az öncə qeyd etdim, ailə quracaq insanlar bir-birini tamamlamalıdır. Odur ki, müxalifətçi qızla ailə həyatı qurmaram çünki bu mümkünsüzdür.
- Yəqin ki, bu cavabın müxalifətçi qızları sənə qarşı daha da qəzəbləndirəcək. Amma səmimi cavaba görə çox sağ ol. Rauf, səncə deputatlığa gedən yol "İrəli” sədrliyindən keçir?
- Məncə, müxalifətçi qızlar eyni zamanda səmimiyyəti də dəyərləndirəcəklər.
“İrəli”nin məndən əvvəl cəmi bir sədri olub. Ona görə düşünürəm ki, "İrəli” sədrliyindən yol millət vəkilliyinə gedir" deyimini formalaşdırmaq hələ tezdir. Bu sual növbəti sədrə ünvanlansa yaxşı olar.“İrəli” öz missiyasını yerinə yetirməkdədir"
- Rauf, "İrəli"nin əvvəlki sədrindən söz düşmüşkən bir sual verim. Bir çox şəxs deyir ki, Ceyhun Osmanlı Rauf Mərdiyevlə müqayisədə gənclərlə daha səmimi idi, gəncləri daha çox dinləyib, onlara yol göstərirdi. Bu fikirlə razısanmı?
- Mən də indiyə kimi bir neçə dəfə "Ceyhun müəllim daha humanist idi", "Siz daha maksimalistsiniz" və s. kimi ifadələr eşitmişəm. İnsanlar müxtəlifdir və onların yanaşmaları da müxtəlidir və bu fikirləri təbii qarşılayıram.
Ceyhun müəllim haqda fikirlərimi az öncə də söylədim. O işinin peşəkarıdır və ondan öyrəndiyimiz, hələ öyrənəcəyimiz çox şeylər var. Etiraf edək ki, idarəetmədə hər kəsin öz yanaşması olur və bu fərqliliyin olması vacibdir. Əks təqdirdə eyniliklər bizim həyatı monoton edərdi. Əsas odur ki, “İrəli” öz missiyasını yerinə yetirməkdədir.
Siz bir nəfərə üzməyi öyrətmək istəyirsiniz və məqsədiniz onun üzə bilməsidirsə, seçim Sizdədir. Ya onunla birgə uzun müddət üzməyin nəzəriyyəsini izah edə və təlim keçə bilərsiniz və ya məsuliyyətini üzərinizə götürərək onu suya ata bilərsiniz. Hər iki halda o üzməyi öyrənəcək, fərq yalnız yanaşmadadır."Mügənni və aparıcılara gəlincə, onların bir çoxu ayrı-ayrılıqda kifayət qədər adekvat insanlardır"
- Sən həm də ATV-də yayımlanan "Fort Boyard"ın iştıirakçısı olmusan. Bu təklif sənə necə gəldi və orada müğənnilərlə, aparıcılarla dil tapmaqda çətinlik çəkdinmi.
- Fort Boyard Azərbaycan Gənclər və İdman Nazirliyi və ATV kanalının birgə layihəsi idi. Formata görə yarışmaçılar ölkələrində tanınan insanlardan - müğənnilər, idmançılar, TV işçilərindən ibarət olurlar.
Bildiyim qədərilə, Nazirlik adına uyğun olaraq iştirakçıların idmançılarla birlikdə gənclərin da olmasına qərar verib və mən bu layihədə iştirak etmək şansını qazanmış oldum. Hər zaman Fransa ilə bağlı 3 arzum olub: Mona Lisanın portretini və Napoleonun qəbrini görmək və Fort Boyardda iştirak etmək. Həyat isə gözlənilməz və bəzən xoş sürprizlərlə doludur.
Mügənni və aparıcılara gəlincə, onların bir çoxu ayrı-ayrılıqda kifayət qədər adekvat insanlardır. Bir araya gəldikdə isə, yaxşısı budur bir az kənarda dayanasan. Fort Boyard möhtəşəm təəsuratlarla yanaşı gözəl insanlarla tanışlıq və dostluqların yaranması ilə yadda qaldı. Yarışmada Eduard Məmmədov, İlkin Həsəni, Miri Yusif, Sənan Şəfizadə, Şəhriyar Əbilov və digərlərini bir daha kəşf etdim.- Rauf, bir az da sosial şəbəkələrdən danışaq. Günün neçə saatını "facebook"da keçirirsən və burada daha çox nə işlə məşğul olursan?
- “Facebook” həyatımızın olduğu kimi, işimizin də ayrılması hissəsinə çevrilib. Smartfon və planşetin köməyi ilə günün böyük hissəsi şəbəkədə baş verənləri izləyirəm. Ən fəal vaxt isə 22:00-01:00 saatları arasıdır. Bu vaxt rahat şəkildə gələn mesajları və şərhləri cavablandırır, fikirlərimi paylaşıram.
Mesajları cavablandırmaqdan söz düşmüşkən deyim ki, heç də hər zaman hər kəsin mesajını cavablandırmağa vaxt çatmır ki, bu da müəyyən incikliyə səbəb olur. Bu iradlarla zaman-zaman üzləşirəm.
"Mən sosial şəbəkə dostlarıma arzu edirəm ki, real həyatda ağıllı olsunlar, gözəl olsunlar, ağıllı və gözəl dostlarla əhatələnmiş olsunlar"
- "Facebook"da həm də sənin 6 min nəfərlik fan-səhifən var. Bu qədər fanatı necə yığa bilmisən?
- www.facebook.com/mardiyev səhifəsini nəzərdə tutursunuzsa orada 5600 nəfərdən artıq izləyici var. Bu səhifənin yaranması da bizim müxalifətçi "dost"larımızla bağlıdır.
2011-ci ildə Parisdə olarkən xəbər aldım ki, “facebook” hesabım bağlanıb. Sonradan aydın oldu ki, hesabımı müxalifətçi gənclər kütləvi şəkildə şikayət edərək bağlatdırıblar. O zaman alternativ kimi “Facebook”da səhifə yaratdıq. Bakıya qayıdandan sonra hesabımın bərpa edilməsinə nail oldum. O zamana kimi səhifədə kifayət qədər insan toplandığına görə onu saxlamağı qərara aldıq.
Daha sonra bu səhifədən “İrəli” sədrliyinə təbliğat kampaniyasında geniş istifadə etdik. Hal-hazırda səhifə ayrıca komanda tərəfindən idarə olunur. Zaman-zaman özüm də fikirlərimi bölüşürəm.
“Facebook” hesabımda dost limiti dolduğuna görə bir çox insanlar səhifə vasitəsilə fəaliyyətimi izləyirlər.
- Rauf, "facebook"da çox aktivsən, son olaraq "facebook" dostlarına nə demək istərdin?
- Bir deyim var, təxminən belə səslənir "Twitterdə elə bilirsən ki, ağıllısan, Instagramda elə bilirsən ki, gözəlsən, Facebookda elə bilirsən ki, dostların var". Hardasa bu deyimdə həqiqət payı vardır.
Mən sosial şəbəkə dostlarıma arzu edirəm ki, real həyatda ağıllı olsunlar, gözəl olsunlar və ağıllı və gözəl dostlarla əhatələnmiş olsunlar.
- Rauf, bu rubrikanın bir özəlliyi də odur ki, sonda hər zaman bu sual verilir: Səncə bu müsahibəyə hansı başlıq qoyulacaq?
- Dünən statusumda qeyd etdiyim kimi "Başlığa təxmin etməyəcəyin (amma söylədiyin) fikirin yazılma ehtimalı yüksəkdir"
Hacıbəy Heydərli,AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR