Rəbiyyət Aslanova: “İlham Əliyev daxildən ən böyük mükafatını alıb, bu mükafat isə Azərbaycan xalqının dəstəyidir”

SİYASƏT
16:00 12.07.2013
1616

Rəbiyyət Aslanova: “İlham Əliyev daxildən ən böyük mükafatını alıb, bu mükafat isə Azərbaycan xalqının dəstəyidir”

"İlham Əliyev öz uğurlu fəaliyyəti ilə bundan da artıq mükafatlara layiqdir. Artıq milli etiraf beynəlxalq etirafa çevrilir və dünyanın aparıcı təşkilatları da Cənab Prezident İlham Əliyevin uğurlarını qeyd edirlər”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə “ilin dövlət başçısı” mükafatına layiq görülməsindən danışarkən belə deyib.

Onun sözlərinə görə, ölkəmizin dünya miqyasında qazandığı uğurlar, Azərbaycanın önəmli dövlətlərdən birinə çevrilməsi Cənab Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu siyasətin sayəsində mümkün olub: “Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan dünyanın önəmli ölkələrindən birinə çevrilib. Ölkəmiz günü-gündən çiçəklənir, vətəndaşların rifah halı sürətlə yaxşılaşır. Nəinki paytaxtımız, ən ucqar regionlarımız belə abadlaşdırılır, infrastruktur layihələri həyata keçirilir. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılır, fərman və sərəncamlar verilir, proqramlar qəbul edilir. Bütün bunlar həm Azərbaycan xalqının, həm də dünya birliyinin gözü qarşısında baş verir. Məhz elə bu səbəbdən də artıq milli etiraf beynəlxalq etirafa çevrilir və aparıcı dünya təşkilatları da cənab İlham Əliyevin xidmətlərini qeyd edir, onu ən nüfuzlu mükafatlarla təltif edirlər. Cənab Prezidentin İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə “ilin dövlət başçısı” mükafatına layiq görülməsi ona verilən ilk beynəlxalq mükafat deyil. Bundan öncə də onun uğurlu fəaliyyəti müxtəlif səviyyələrdə etiraf olunub və qiymətləndirilib”.

Prezident İlham Əliyevə verilən mötəbər mükafata görə, Azərbaycan xalqını təbrik edən xanım deputat bildirdi ki, İlham Əliyev daxildən ən böyük mükafatını alıb, bu mükafat isə Azərbaycan xalqının dəstəyidir: “Bundan böyük mükafat ola bilməz. Cənab Prezident Azərbaycan xalqının dəstəyinə güvənərək, müstəqil siyasət yürüdür, uğurlu islahatlar aparır. Onun yürütdüyü siyasətin müsbət nəticələrini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir. Heç kim şübhə etməsin ki, bu birlik sarsılmazdır. Yaxın gələcəkdə Azərbaycanın beynəlxalq miqyasda daha ciddi uğurlarını müşahidə edəcəyik”.

OXŞAR XƏBƏRLƏR