Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək

Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək
İQTİSADİYYAT
12:13 10.06.2026
107
İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

İqtisadçı Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, mahiyyət etibarilə bu addım düzgün yanaşmadır:

"Mahiyyət etibarilə bu səlahiyyətlərin bir qurumdan digərinə ötürülməsini düzgün addım hesab edirəm. Ona görə ki, kredit zəmanəti və faiz subsidiyası mexanizmləri birbaşa sahibkarlığın inkişafına xidmət edən alətlərdir və onların bu sahə üzrə ixtisaslaşmış qurum tərəfindən idarə olunması daha çevik qərarların qəbuluna, resursların daha səmərəli yönləndirilməsinə və sahibkarların ehtiyaclarına daha operativ cavab verilməsinə imkan yarada bilər. Burada ən vacib və doğru məqam 2026-cı ildən etibarən bu mexanizmin Bakı və Abşeronda deyil, digər rayon və şəhərlərdə tətbiq edilməsidir. Yəni regionlara fokuslanma ilkin olaraq 2030-cu ilin sonuna qədər pilot layihə kimi işləyəcək. 

Şərtlərə gəldikdə isə əgər sahibkar kredit götürürsə və faiz dərəcəsi maksimum 13%-dirsə, onda 
kredit faizinin yarısını dövlət ödəyəcək. Məsələn, kredit faizi 12%-dirsə, onda dövllət bunun 6%-ni ödəyir. Yəni faiz yükü iki dəfə azalır”.

İqtisadçı qeyd edib ki, əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək:

"Əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək. Həmçinin yeni qaydaya görə işğaldan azad olunmuş ərazilərdə kreditin 90%-dək hissəsinə zəmanət verilə bilər.  Digər rayonlarda kreditin 50%-dək hissəsinə zəmanət verilə bilər.  Bu da bankların kredit verməsini asanlaşdırır. Amma dövlət zəmanəti verilən kreditlərin ümumi məbləği 5 milyon manatı keçməməlidir. Əlaqəli şirkətlər qrupu üzrə isə maksimum 10 milyon manatdır. 
Əlqərəz, bu fərmanla dövlət istəyir ki, regionlarda biznes qurmaq asanlaşsın, sahibkarlar daha ucuz kredit ala bilsin, girov problemi olan sahibkarlar maliyyəyə çıxış əldə etsin, Bakıdan kənarda investisiyalar artsın”.

O bildirib ki, hazırda ölkə üzrə yatırılan investisiyalarda və biznes kreditləri portfelində regionların payı arzuolunan səviyyədən aşağıdır:

"Hazırda ölkə üzrə yatırılan investisiyalarda və biznes kreditləri portfelində regionların payı arzuolunan səviyyədən aşağıdır. İqtisadi fəallığın və maliyyə resurslarının əhəmiyyətli hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Bu baxımdan regionlarda sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirən, investisiya qoyuluşlarını təşviq edən və biznes aktivliyini artıran hər bir qərar xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu fərman da məhz regionların iqtisadi potensialının daha dolğun reallaşdırılmasına xidmət edən mühüm addımlardan biridir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR