Artıq 2 ilə yaxındır ki, Xocalı şəhərində Azərbaycan bayrağı qürurla dalğalanır.
AZXEBER.COM xəbər verir ki, tariximizin qanlı səhifələrindən biri olan Xocalı soyqırımı heç vaxt unudulmur. 1992-ci il fevralın 26-da baş vermiş bu dəhşətli faciə zamanı yüzlərlə günahsız insan qəddarlıqla qətlə yetirilib. Bu gün dövlətimiz Xocalının azadlığı ilə yanaşı, şəhidlərimizin ruhunu yaşadaraq dünya ictimaiyyətini ədalətə və insanlığa çağırmağa davam edir.
Bu tarixi faciənin unudulmaması, faciə qurbanlarının yad edilməsi və gələcək nəsillərin məlumatlandırılması məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə müxtəlif anım tədbirləri, görüşlər, dəyirmi masa və diskussiyalar təşkil edilib.
İlk olaraq, gənclər regionlarda yerləşən Xocalı soyqırımı abidələrini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Daha sonra tarixçilərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş görüşlər təşkil edilib. Xocalı faciəsinin tarixi konteksti, səbəbləri və nəticələrinin ətraflı izah olunduğu görüşlərdə, həmçinin faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlər və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün atılan addımlar haqqında da məlumat verilib, gənclər üçün Xocalı soyqırımının mövzusunu əks etdirən filmlər nümayiş etdirilib.
Keçirilən tədbirlər Xocalı faciəsinin unudulmaması və onun dünya miqyasında tanınmasını təmin etməklə, gəncləri bu faciənin acı həqiqətlərini gələcək nəsillərə çatdırmaqda fəal rol oynamağa çağırır.