Azərbaycan dövləti təkcə paytaxt Bakının yox, eləcə də regioların inkişafını hər zaman diqqətdə saxlayır.
Artıq bir çox şəhərimiz Bakı ilə bərabər xeyli inkişaf edib, həm infrastruktur, həm də turizm potensialına görə dünyada tanınır. Buraya təkcə iri şəhərləri deyil, eləcə də digər rayon mərkəzlərini, kənd və qəsəbələri, kiçik yaşayış məskənlərini də aid etmək olar ki, bunlar da heç zaman diqqətdən kənarda qalmır.
Son illərin statistikasına nəzər salsaq, görərik ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bölgələrimiz nəzərə çarpacaq dərəcədə inkişaf edib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında da qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Fərmanda göstərilir ki, Dövlət Proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında isə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Görülən işlər və həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin regionları günü-gündən inkişafa doğru addımlayır.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirmə mənbələri dövlət büdcəsi ilə yanaşı büdcədənkənar fondlar, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu, "Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri, yerli və xarici investisiyalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Bildiyimiz kimi, işğal altında olan regionlarımızın işğaldan azad olunması ilə artıq həmin rayonların da inkişafı istiqamətində addımlar atılır. Nəzərdə tutulan layihələr çərçivəsində yaxın gələcəkdə işğaldan azad olunan rayonlarımızın da sürətli inkişafı təmin olunacaq. Artıq bu istiqamətdə xeyli işlər də görülüb və görülməkdə davam edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında bu istiqamətdə görülən işlər haqqında danışıb. Deputatın sözlərinə görə, dövlət proqramlarında başlıca istiqamətlərindən biri bölgələrə daha çox investisiyanın cəlb edilməsindən ibarət idi:
"Regionların sosial-iqtisadi inkişafı ölkəmiz üçün başlıca istiqamətlərdən biri sayılır. Burada regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas hədəfləri isə məhz regionlarla Bakı arasındakı fərqlərin mərhələli şəkildə aradan qaldırılmasıdır. Xüsusən də, bölgələrə daha çox investisiyanın cəlb edilməsindən ibarət idi. Əvvəlki müddətdə regionlarda infrastrukturun qurulması və bunun fonunda, xüsusən də kommunal xidmətlərin əlçatanlılığının təmin edilməsi reallaşdı. Nəticə etibarı ilə rəsmi statistikada regionlarla Bakı arasında iqtisadi fərqin mərhələli şəkildə azalmasını hiss edirik. Bütün bunlar müəyyən vaxt tələb edən proseslərdir və növbəti illərdə proseslər davam edəcək. Nəticədə isə regionlarımız zamanla qoyulan hədəflərə çatacaq və bu da ümumilikdə ölkənin daha da inkişafına təsir edəcək”.
Deputat qeyd edib ki, işğal altında olan regionlarımızın azad olunması ilə regionların inkişafı yeni mərhələyə keçib:
"İndi artıq proseslərin aparılmasında yeni mərhələdir. Bir tərəfdən torpaqlarımızın işğaldan azad olunması regionların inkişafı ilə bağlı yeni modelin tətbiqini gündəmə gətirdi ki, bu istiqamətdə də işlər sürətlə davam edir. Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş regionlarda idarəetmə forması yenidir. Eyni zamanda "Ağıllı kənd”, "Ağıllı şəhər” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınması həyata keçirilir ki, bunu da artıq Azərbaycan üçün regionların inkişafı baxımından yeni bir yanaşma kimi qiymətləndirmək lazımdır. İndi əsas hədəflərdən biri də regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir. Bu istiqamətdə də həm yerli, həm xarici investisiyanın cəlb edilməsi prosesinin təşfiq edilməsi həyata keçirilir. Bu səbəbdən gözlənilir ki, regionlarla paytaxt arasındakı fərq azalır və daha da azalacaq. Regionlarda ixtisaslı kadrların işlə təmin olunması ilə bağlı dövlət proqramlarının, eləcə də investisiya layihələrinin sayında artımlar var ki, bu da, xüsusən, bölgələrimizin inkişafı baxımından vacib hesab olunur”.
Deputatın da qeyd etdiyi kimi, Azərbaycanda artıq yeni mərhələdir və bu mərhələdə işğaldan azad olunan regionlarımız da inkişaf edəcək. Görülən işlər, layihələr bunu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkəmiz Avropanın inkişaf etmiş ölkələri ilə eyni pillədə dayanacaq. Buna nail olmaq üçün də regionların sosial-iqtisadi inkişafı qarşıya qoyulan prioritet məsələlərdəndir.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;” mövzusu üzrə dərc edilib.
