Azərbaycanda radiasiyadan mühafizə, nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi ilə bağlı profilaktik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində yeni addımlar atılır. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
"Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbiri çərçivəsində imzalanan sənəd sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru İslam Mustafayev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələ olduqca önəmlidir:
"Bu məsələ olduqca önəmlidir. Çünki regionumuzda radiasiya ilə bağlı risklər getdikcə artır. İranda İsrailin nüvə obyektlərinin hədəf alınması, Ağstafa çayı hövzəsində Fransaya məxsus nüvə tullantılarının yerləşdirilməsi, habelə müxtəlif atom elektrik stansiyalarının mövcudluğu təhlükələri gündəmə gətirir.
İranın Buşehr ərazisində nüvə elektrik stansiyası fəaliyyət göstərir, Türkiyədə isə Akkuyu Nüvə Elektrik Stansiyası var. Bu da o deməkdir ki, ölkəmizin ətrafı faktiki olaraq nüvə və atom qurğuları ilə sıxlaşmış vəziyyətdədir”.
İslam Mustafayev bildirib ki, belə hadisələrə qarşı Azərbaycan kimi ölkələr qabaqlayıcı tədbirlər görməlidir:
"Belə potensial təhdidlərə və fövqəladə hallara məruz qalmamaq üçün Azərbaycan kimi ölkələr qabaqlayıcı tədbirlər görməlidir. Radiasiya Problemləri İnstitutunda bu istiqamətdə işlər əsasən monitorinq şəklində aparılır. Hazırda iki ekspedisiya qrupu fəaliyyət göstərir və ölkənin bütün sərhədləri boyunca radioloji analizlər aparılır, ətraf mühitdə radioaktiv tullantıların yayılması öyrənilir. Hələlik vəziyyət kritik sayılmır. Hər hansı hadisə baş verərsə, əsas tədbirlər mülki müdafiə orqanları və Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. FHN-nin fəaliyyəti sığınacaqlarda əhalinin yerləşdirilməsi və digər zəruri müdafiə tədbirlərinin icrasını əhatə edir”.
"Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 1997-ci ildə qəbul olunmuş qanun mövcuddur və həmin qanunun tələblərinə ciddi şəkildə əməl olunmalıdır”-, deyə direktor bildirib.
Şahanə Ziyad










































