"İranda baş verən son aksiyalar artıq adi sosial narazılıq dalğası kimi görünmür, daha dərin və sistematik böhranın əlamətinə çevrilib”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
O bildirib ki, insanların küçələrə çıxmasına səbəb təkcə bahalaşma və həyat səviyyəsinin enməsi deyil:
"İnsanların küçələrə çıxmasına səbəb təkcə bahalaşma və həyat səviyyəsinin enməsi deyil. Uzun illərdir yığılmış siyasi təzyiq, idarəetməyə inamın azalması və gənc nəsildə gələcəklə bağlı ümidsizlik etirazların əsas təkanverici qüvvəsidir. Bu dəfə etirazların coğrafiyası daha genişdir və müxtəlif etnik qrupların iştirakı göstərir ki, narazılıq artıq lokal deyil, ölkə miqyasında dərinləşən bir prosesdir. Rejimin sərt reaksiyası isə vəziyyəti yumşaltmaq əvəzinə daha da gərginləşdirir və cəmiyyətdə qırılma nöqtəsini yaxınlaşdırır”.
Z.Qarayeva vurğulayıb ki, aksiyaların digər mühüm tərəfi Güney Azərbaycanın aktiv iştirakı ilə bağlıdır:
"Təbriz başda olmaqla bir çox şəhərlərdə səslənən şüarlar sosial tələbləri aşaraq siyasi və milli kimlik məsələlərinə yönəlib. Bu, İran daxilində yeni reallığın formalaşdığını göstərir və prosesin gələcək gedişinə təsiri böyükdür. Güney Azərbaycan cəmiyyətində artan narazılıq Tehranın daxili balansında boşluq yaradır və rejimin manevr imkanlarını məhdudlaşdırır. Bu vəziyyət həm İranın gələcəyi, həm də regiondakı geosiyasi dinamika üçün əhəmiyyətli nəticələr doğura bilər. Aksiyalar davam etdikcə İranın əvvəlki kimi idarə edilə bilməyəcəyi daha açıq görünməyə başlayır”.
Şahanə Ziyad










































