Statistika göstərir ki, ölkəmizdə qəzet alanların sayı sürətlə azalır. Mən, 14 il əvvəl jurnalist kimi fəaliyyət göstərməyə başlayanda, Azərbaycanda aparıcı qəzetlər 30–32 min tirajla çap olunurdu. Ötən ilin yazında Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşdə bu barədə danışanda, gənclər əməlli-başlı təəccübləndilər. Hətta auditoriyada sözlərimin səmimiliyinə şübhə edənlər də oldu. Nahaq deməyiblər ki, aşıq gördüyünü çağırır. Tələbə- jurnalistlərimizin indi gördükləri mənzərə şübhələnmək üçün əsas verir.Azərbaycan mətbuatı bir neçə ildir ki, bu suala cavab axtarır: insanlar niyə qəzet almırlar? Ənənəvi cavab belədir: Əhalinin qəzet almağa pulu yoxdur. Mən, hətta öz qohumlarımdan da bu cür tənələr eşitmişəm: qəzetə verdiyim 40 qəpiyə çörək alaram. Aydın məsələdir ki, insanları ilk növbədə normal qidalanmaq düşündürür. Təəssüf ki, qəzetin mənəvi qida olması barədə arqument bu yerdə köməyimizə çatmır. Çünki bu arqument mənəvi aşınmaya məruz qalmış cəmiyyətdə çoxdan öz əhəmiyyətini itirib.Əlbəttə, mən hansısa ailə başçısının övladlarını aç qoyub, sonuncu 40 qəpiyini qəzetə verməsini istəməzdim. Amma söhbət ondan gedir ki, qəzetin qiymətinin baha olmasından şikayətlənən adamların heç də hamısı öz pullarının qədrini bilən nümunəvi insanlar deyil. Ortaya sual çıxır: əgər siz pullarınızın qədrini bilirsinizsə, niyə düşük meyxana yarışmalarında bəyəndiyiniz iştirakçını qalib etmək üçün 1 milyon sms göndərirsiniz? Təkcə bir meyxana yarışmasında qalibin topladığı sms üçün sərf olunan pulla Azərbaycanda işıq üzü görən bütün qəzetlərin bir aylıq tirajını satın almaq olar. Mən, həllə “ulduz” seçən tamaşaçıların havaya sovurduqları milyonlardan danışmaq istəmirəm. Deməli, pulsuzluq bir bəhanədir. Sadəcə olaraq, insanlar oxumaq istəmirlər. Bizim əlimizdə isə onları oxumağa məcbur etmək üçün heç bir mexanizm yoxdur.Qəzet oxumayan adamlardan tez–tez bu məzmunda iradlar eşidirik: qəzetlər çox zəif çıxır, oxumağa maraqlı yazı tapmırıq. Mən, həmin adamlardan axırıncı dəfə hansı kitabı oxuduqlarını soruşanda, cavab vermək əvəzinə gözlərini döyürlər. Tutaq ki, Azərbaycanda işıq üzü görən qəzetlər zəif çıxır. Dostoyevski, Tolstoy, Drayzer, Kafka, Heminquey və başqaları axı dahi yazıçılardır. Bəs, onların əsərlərini niyə oxumursunuz? Üç ildən çoxdur ki, dünya ədəbiyyatının şedevrləri doğma dilimizə tərcümə olunur. Azərbaycanın elə rayonları var ki, bu kitablara çəmi 2 nəfər abunə olub. Bizi bəyənmədiyinizə bir söz demirik. Bəs Orxan Pamuka, Qabriel Qarsia Markesə hansı iradınız var?İnkişaf etmiş cəmiyyətlərdə adamlar heç vaxt “çörək, yoxsa qəzet” seçimi ilə qarşı–qarşıya qalmırlar. Çünki həmin ölkələrdə səhər açılanda çörəklə qəzet bir yerdə insanların evinə daxil olur.