Rəmiş: ‘Elnura Azərbaycanda qiymət vermədilər, onu küsdürdülər’– MÜSAHİBƏ – FOTOLAR

MAQAZİN
14:12 05.03.2015
15867

Azərbaycanın xalq artisti, bənzərsiz ifası ilə milyonların qəlbini fəth etmiş Rəmiş – Rafiq Hüseynov AZXEBER.COM-un qonağı olub. Müsahibimizlə olan maraqlı söhbəti dəyərli oxucularımıza təqdim edirik.

- Rəmiş müəllim, xoş gəlmisiniz. Öncə dəvətimizi qəbul edib qonağımız olduğunuz üçün Sizə təşəkkür edirik. Necəsiniz?

- Nə qədər nəfəsim gəlirsə, çox şükürlər olsun yaxşıyam.

- Bu gün Sizin titullarınızı, sənətdə olduğunuz uzun illər ərzində qazandığınız uğurlarınızı sadalamaq istəmirəm. Bir müddət bundan əvvəl xalq artisti adına layiq görülmüsünüz. Həmin günlər təbriklərimizi Sizə telefonda söylədik. Ada layiq görülmənizdən Sizə edilən telefon zənglərindən sonra xəbər tutmusunuz. Necə qarşıladınız?

- Məni bu ada layiq gördüyünə görə, prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Xalqın prezidenti kimi onun bu ölkə üçün həyata keçirdikləri vacibdir və dövlət başçısına can sağlığı arzulayıram. Ada layiq görüldüyümdən sonra isə mənə hücumlar başladı.

Məmurların işinə qarışmağım doğru deyil

- Bildiyim qədərincə çox insan kömək üçün Sizə müraciət edir, zəng edirlər. Özünüzü belə tanıtmısınız və bu nə qədərdir belədir?

- İnanın ki, 30 ildir, belədir. Bacardığım qədər insanlara yaxşılıq, xeyirxahlıq etməyə çalışıram. Amma bəzən elə xahişlər edirlər ki, mən bu cür xahişlərlə tanıdığım səlahiyyət sahiblərinə söz deyə bilmirəm. Tanınmış insanlarla münasibətim onların balalarının, övladlarının xeyir işlərində, toy mərasimlərində olur. Onlar məni qonaq dəvət edirlər, məclislərində iştirak edirəm. Bəzən insanlar başa düşmürlər ki, mənim o insanların işlərinə qarışmağım doğru deyil.

- İnsanlar etdikləriniz üçün Sizə təşəkkür, minnətdarlıq edirlər?

- Sadəcə, Allahın bilməsi mənim üçün yetərlidir.

Pulsuz da məclislərə gedirəm

- Rəmiş müəllim, bildiyim qədərincə Siz toylara böyük məbləğlərdə pula da gedirsiniz, məclislərdə pulsuz da iştirak edirsiniz. Bu doğrudur?

- Bir neçə gün bundan əvvəl bir toya getdim. Getdim məclislərində iştirak etdim və bir qəpik də almadım. Məclisə gedəndə qapıda məni təm-təraqlı qarşıladılar, amma məslisi tərk etdiyimdə məni heç yola da salmadılar. Amma inanın ki, bu davranışlara görə, insanlardan heç küsmürəm də.

Toylarda həvəssiz çalıram

- Rəmiş müəllim, bir qədər də sənətinizlə bağlı danışaq. Necə hesab edirsiniz, doğrudanmı əvəzsiz ifa edirsiniz?

- Bəli. Təvazökarlıqdan uzaq da olsa, mənim ifam təkrarsızdır. Rəmiş bu sənətə bir dəfə gəldi və təkrarı olmayacaq. Bəzi məclislərdə sənətkar adıma görə çalıram, bəzi məclislərdə həvəssiz çalıram. O ifalarım ki, insanları vəcdə gətirir, bəyənirlər, mən ancaq ilhama, təbə gələndə belə çalıram. Məni başa düşəndə gözəl çala bilirəm.

- Rəmiş müəllimi nə ilhama gətirir?

- İnsanın qanında olan musiqi duyumu, dinləmək mədəniyyəti, musiqini anlamaq səviyyəsi. Bunlar pulla deyil ki. Mükəmməl musiqini oturub dinləməyi bacarmaq lazımdır.

- Öz ifalarınızı dinləyirsiniz?

- Həmişə yox, hərdən.

- Özünüzü bəyənirsiniz?

- Bəli.

- Rəmiş müəllim sənət adamlarından bu gün kimləri dinləyir?

- Mənsum İbrahimovu çox dinləyirəm. Gənc ifaçılardan isə Təyyar Bayramovu dinləyirəm.

- Nədən xoşbəxt olursunuz və nədən təsirlənirsiniz?

- Yaşadığım hər gün üçün Allahıma minnətdar oluram. Anam dünyasını dəyişəndə çox təsirlənmişdim.

- Uğurlu bir insan ömrü yaşayırsınız, yoxsa? Çoxları adınızın əvvəlində bəxtəvər sözünü deyirlər? Niyə? İfa məharətinizə, aldığınız adlara görə?

- Özümü şanslı insan hesab edirəm.

Düşmənim qohum-qardaşın içindən çıxıb

- Sizi niyə çox istəyirlər?

- Kişiliyimə, şəxsiyyətimə, namus, qeyrətim olduğuna görə, kişiyə oxşadığıma görə, saçlarımı rəngləmədiyimə görə, heç kimin xanımına baxmadığma görə.

- Dostunuz çoxdur, düşməniniz?

- Düşmənim ancaq qohum-qardaşın içindən çıxıb. Dostlarım var, amma azdır. Dostluq pulla olmur.

- Davamçılarınızı yetişdirirsinizmi?

- Azərbaycanda kimin əlində gitara görsəniz, bilin ki, o mənim yetişdirməmdir. Hamısı mənim məktəbimi keçib. Amma onlar Rəmiş deyil. Mən gitaranı əlimə götürənə kimi Azərbaycanda gitara çalan yox idi.

- İlk dəfə nə zaman gitara çalmağa başlamısınız?

- 1966-cı ildə. Bir dövr başladı ki, Rəmişsiz məclis keçirilməzdi.

- Bəzən tənqid hədəfinə tuş gəlirsiniz.Tənqidə münasibətiniz necədir? Çox vaxt tənqidlərə cavab vermirsiniz. Niyə?

- Tənqiddən qorxan insan deyiləm, əksinə, bəyənirəm. Özümü düzəldərəm. Mən hələ tənqid görməmişəm. Onlar öz işlərində olsunlar, mən də öz işlərimi davam etdirirəm. Sənətimi davam etdirirəm. İnsanı o vaxt tənqid edərlər ki, namusu, qeyrəti olmaya, həşərat kimi yaşaya. Tənqidi haqlı edəndə xoşuma gəlir.

Toyda mahnını tapança ilə çaldım

- Deyirlər ki, Rəmiş müəllim toyda tapança ilə ifa edib.

- Olub belə bir şey, amma doğru yazmamışdılar. Bir məclisdəydik. Polis əməkdaşı yaxınlaşıb mahnı sifariş etdi, mən də tapançası ilə “Dalğalar” mahnısını gitarada ifa etdim, sonra qaytardım özünə. Belə olmuşdu.

- Bir məclisdə erməni mahnısı oxuduğunuzu da demişdilər.

- Demişdilər, Amma mən onda da, indi də deyirəm ki, mən erməni mahnısı oxumamışam.

- Xalq artistlərimiz çoxdur. Bəzən deyirlər ki, ad alanların içərisində oxumağı bacarmayanlar da var.

- Var belələri. Çoxusu gözəl qızdır, yaraşıqlıdırlar. Onlara da verirlər. Aygün gözəl xanımdır, tez-tez efirlərdədir, verilməlidir. Son seçimdə olan sənətkarların ada layiq görülmələrini təqdir edirəm.

Muğamı bilməyən yaxşı estrada mahnısı oxuya bilməz

- Estrada mahnılarına münasibətiniz necədir?

- Yaxşı mahnı olanda sevə-sevə dinləyirəm. Muğamı bilməyən yaxşı estrada mahnısı oxuya bilməz. Mən Vaqif Mustafazadə ilə birgə konsertlərdə olmuşam. Cazla muğamı sintez edib birlikdə ifa edirdik. Muğamı da bizlərdən öyrənib çalırdı.

Alim Qasımovla xarüqələr yaradaram

- Kimlərlə birlikdə səhnəni paylaşmaq istərdiniz?

- Yaxşı sənətkarlarımız var. Məsələn, Alim Qasımov. Onun sənətini çox bəyənirəm. Bu böyük sənətkarla məmnuniyyətlə böyük səhnələri paylaşaram, xalqımızı riqqətə gətirəcək müsiqi xarüqələri yarada bilərəm. Mən Zeynəb Xanlarova ilə stadionlarda konsertlər vermişəm. Bizi yüz minlər dinləyib. Onun bütün mahnılarını mən müşayiət etmişəm.

- Efirlərdə niyə daha az görünürsünüz?

- Bilirsiniz, məni çağırırlar televiziyaya, amma ilhamım, təbim olmur və getmirəm. İlhamım gəldiyi vaxt isə çağırmırlar (gülür – red. M.). Bir də efirlərdə verilişlərə çıxmaq pullu olub. Bir verilişin qiyməti 3000-5000-dir. Amma bunlar mənlik deyil. Hərdən elə verilişlərə dəvət edirlər ki, orada müzakirə olunacaq məsələlərin mənə aidiyyəti yoxdur. Mən sənətlə bağlı verilişlərdə olmağı doğru hesab edirəm.

- Vaxt vardı deyirdilər ki, Rəmiş müəllim el gün olmur ki, gitaranı əlinə götürməsin və çalmasın. İndi də belədir?

- Gitaram avtomobildə olur hər zaman. Amma artıq belə deyil. İndi toy, məclis olanda çalıram.

- Belə bir fikriniz var – məni kövrəldən də, kövrəltməyən də, acıqlandıran da, ağladan da, güldürən də, sevindirən də musiqidir. Sizi hansı musiqi riqqətə gətirir?

İnilti ilə oxuyanları dinləyəndə kövrəlirəm

- İnilti ilə oxuyanları dinləyəndə kövrəlirəm. Bura gələndə yolda radioda Tələt Qasımovu dinlədim, gözlərim doldu. Razi Şükürovun Zabul segahına qulaq asanda adam kövrəlir, Niyaməddin Musayevi məmnuniyyətlə dinləyirəm. Televiziyada muğam müsabiqəsi keçirilir. Qız oxuyur, bir ton zil oxuyur, ona mən necə qulaq asım, hamısı da 9-10 bal verir.

- Müsabiqələrə münsif kimi dəvət alırsınız?

- Bəli. ANS-dən dəvət gəlmişdi, getmədim, Mən heç kimin xətrinə dəymək istəmirəm.

Motosiklet sürmək həvəsim var

- Xobbiniz var?

- Motosiklet sürmək həvəsim var. Yaz gələndə sürəcəm. Yarışlarda da iştirak etmişəm.

- Bəzi insanlar qocalanda gileylənirlər, hər şeydən şikayət edirlər. Siz nədən şikayətçisiniz?

- İnsan yaşlaşanda ya müdrik olur, ya da düdük olur. Amma mən yaşadığım ömrün hər anına min dəfə şükürlər edirəm.

Məmurların çoxu ilə yaxın dostluğum var

- Rəmiş müəllim, yüksək çinli məmurların bir çoxu ilə yaxın dostluğunuz var. Belədir?

- Bəli, elədir. Hamısı ilə dostam. Mən onlara nə deyirəm, sağ olsunlar, bütün sözlərimi eşidirlər. Amma onlardan hər şeyi xahiş etmirəm. Nadir hallarda kimlərəsə əl tutmaq üçün xahiş edirəm. Məmurlarla hər gün yemək yemirəm. Ancaq onların məclislərində iştirak edirəm.

- Şəxsi kolleksiyanızda hansı əşyaları toplayırsınız?

- Qədim bıçaqları toplamağı xoşlayıram. Bir də istəyirəm ən bahalı telefon məndə olsun, brilyantı da xoşlayıram.

- Gənc yaşlarınızda çox tənqid olunurdunuz, yoxsa indi?

- İndi.

2002-ci ilə qədər evim olmayıb

- Niyə?

- Mənə düşmənçiliyi böyük qardaşım edir. Amma mənim indi o yaşım deyil axı kiməsə pislik edim. Fikir vermirəm deyilənlərə. 2002-ci ilə qədər bizim evimiz olmayıb. Avtomobildə yatmışıq. Sonra ev aldım, amma özüm üçün heç vaxt heç kimə ağız açmamışam. Sonra dövlət başçısı mənə ev verdi. Mənə daşı daha çox ad alandan sonra atmağa başladılar.

- Sənət Sizin üçün nədir?

- Hər şeydir. Mən 20-30 il sənət öyrənmişəm. Yalnız sənət böyük olmalıdır, belə olmadıqda kim olur-olsun, vurulub çıxarılacaq. Mən Seyid Şuşinski, Xan Şuşinski, Həbib Bayramovla sənətdə birlikdə olmuşam.

- Həyatda nəyə peşimançılıq duyursunuz?

- İnanın ki, heç nəyə. Peşiman olacağım əməl etməmişəm.

Böyük səhnələrdə konsert verməyimə mane oldular

- Rəmiş müəllim, böyük səhnələrdə niyə solo konsert proqramı ilə çıxış etmirsiniz?

- 2000-ci ildə konsert vermək istədim, yer vermədilər. Yaşıl Teatrda konsert etmək istədim, təyin etdik. Amma son anda zəng edib təşkilatçı dedi ki, yas mərasimi düşüb, konserti təxirə salırıq. Bundan sonra isə konsert vermək istəmədim. Həvəsim də yoxdur.

- Türkiyədə “O səs Türkiyə”nin qalibi olan Elnurun ifasını necə dəyərləndirirsiniz?

- Yaxşı. Onu burada qiymət verməmişdilər. Azərbaycanda bu gün Elnur kimi səsi olan gənclər var. Onun uğuruna çox sevindim, fəxr etdim, qürur duydum. Səsini də bəyənirəm. Dünyada 3 oktavadan artıs səs yoxdur, Elnurun səsi iki yarımı keçib.

Bir var zorla sənətkar olmaq istəyirsən, bir də var sənətlə sənətkar olasan

- İfalarınızı yazırsınız? Şəxsi arxiviniz var?

- Yoxdur. Siz məni həvəsləndirdiniz və xalqım üçün bunu edərəm.

- Arzularınızı, ürək sözlərinizi dinləmək istərdik.

- Çox istərdim ki, daima dəyərli, böyük sənətkarlarla oxucularınızın görüşünə gələsiniz. Şəklini divara vuranlardan, disk yazdıranlardan nə sənətkar olar? Sənətkarı xalq, el-oba sevir seçir. Bir var zorla sənətkar olmaq istəyirsən, bir də var sənətlə ustad sənətkar olasan. Sənət Allahın vergisidir.

Mətanət Əliyeva Foto Söhrab Asadov

Azxeber.com

OXŞAR XƏBƏRLƏR