Rəqibi dişlədi, qəhrəman oldu, sonra üzr istədi - VİDEO
İDMAN
11:54 22.04.2013
1245
İngiltərə Premyer Liqasında hesabat turunun “Liverpul” - “Çelsi” matçında qəribə hadisə baş verib.AZXEBER.COM-un məlumatına görə, meydan sahiblərinin hücumçusu Luis Suares cərimə meydanında mübarizə zamanı rəqib müdafiəçi Branislav İvanoviçin əlindən dişləyib.Serbiyalı futbolçunun etirazına baxmayaraq, baş hakim bu epizoda əhəmiyyət verməyib. Halbuki, həmin vaxt sarı vərəqəsi olan Luis daha bir xəbərdarlıq almaqla meydanda qovulacaqdı. İndi uruqvaylını uzun müddətlik cəza gözləyir.Maraqlıdır ki, Suaresin rəqib futbolçunu dişləməsi birinci hadisə deyil. O, 2010-cu ildə “Ayaks”da oynadığı zaman PSV-nin futbolçusu Otman Bakalı dişləmişdi. Həmin vaxt hücumçuya 7 oyunluq cəza verilmişdi.Luis son hərəkətinə görə peşmançılığını “Twitter” sosial şəbəkəsində bildirib: “Mən İvanoviçdən və bütün futbol ictimaiyyətindən üzr istəyirəm. Yolverilməz hadisə baş verdi. Buna görə çox təəssüflənirəm”.Qeyd edək ki, Suares həmin qarşılaşmada əllə oynadığı üçün komandasının qapısına penalti təyin edilsə də, 90+7-ci dəqiqədə hesabı bərabərləşdirməklə (2:2) qəhrəman olub.