04:06 çərşənbə Axşamı, 15 Oktyabr 2019
SİYASƏT

Rəşad İsmayılov: "Son 5 ildə Qətərdən ölkəmizə səfər edənlərin sayı 40 dəfədən çox artıb" - MÜSAHİBƏ

16:31, 10.10.20193748
Rəşad İsmayılov:

AZXEBER.COM-un müsahibi Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovdur. 

- Rəşad müəllim, Qətər Dövləti hər zaman özünə məxsus siyasəti, xüsusiyyətləri ilə digər Körfəz və ümumilikdə ərəb ölkələrindən fərqlənib. Bir diplomat kimi Qətəri digər Ərəb ölkələri ilə müqayisə etməli olsanız, hansı fərqlilikləri qeyd edə bilərsiniz?

- Qətər də digər körfəz ölkələri kimi neft və qazla zəngindir. Dünyanın təbii qaz ehtiyatlarının 14 faizi Qətərdə yerləşir. Hazırda ən böyük maye qaz (LNG) ixracatçısı olan Qətərdə illik 80 milyon tona yaxın maye qaz hasil olunur. 2022-ci ilədək isə hasilatın 110 milyon tona çatdırılacağı planlaşdırılır. Ölkə rəhbərliyi neft və qaz satışından əldə etdiyi gəlirləri ölkənin hərtərəfli inkişafına yönəldir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Qətər adam başına düşən ÜDM payına görə (təqribən 130 min dollar) təkcə ərəb ölkələrini deyil, ümumilikdə bütün dünya ölkələrini qabaqlayır. Qətər dünyanın ən böyük valyuta ehtiyatlarına malik ölkələrindən biridir. Təkcə qeyd etmək kifayətdir ki, bu ölkənin suveren fondunun (Qətər İnvestisiya Qurumu) aktivləri 350 milyard ABŞ dollarına yaxındır.

Qətər ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazasına (Al Udeid) ev sahibliyi edir. Həmçinin, dünyanın ən böyük və nüfuzlu media qurumlarından olan "Aljazeera” media şəbəkəsi də Qətərdə yerləşir. Rəsmi Doha regionda bir çox konfliktlərin həllində vasitəçilik səyləri ilə də seçilir.

- Son illərdə Azərbaycan Qətər münasibətlərində nəzərəçarpacaq dərəcədə aktivlik müşahidə olunur. İki ölkə arasında əlaqələr bütün sahələr üzrə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanın Qətər Dövlətindəki səfirliyi iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində hansı layihələri həyata keçirir?

- Bu il Azərbaycan-Qətər diplomatik əlaqələrinin qurulmasının 25 ili tamam olub. Bu müddət ərzində iki ölkə arasında əlaqələr böyük məsafə qət edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004 və 2017-ci illərdə Qətər Dövlətinə rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açıb, həmin səfərlər zamanı imzalanmış sənədlər əlaqələrin dərinləşməsi üçün əlverişli hüquqi zəmin yaradıb. İki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və dövlət başçıları arasındakı yaxın dostluq münasibətləri Azərbaycan-Qətər əməkdaşlığının inkişafında və dərinləşməsində əvəzsiz rola malikdir.

Hazırda iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafı yönündə səylər göstərilir. 2017-ci ildən etibarən fəaliyyət başlayan hökumətlərarası birgə iqtisadi komissiyanın mütəmadi görüşləri keçirilir. Həmin görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafına dair mühüm qərarlar qəbul olunur. Bu xüsusda, İnvestisiyalar üzrə birgə işçi qrupunun yaradılmasını və ilk görüşünün 16-17 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Bu işçi qrupu iki ölkə arasında sərmayələrin daha səmərəli təşviqi və birgə layihələrin həyata keçirilməsi məqsədini daşıyır.

2017 və 2019-cu illərdə Qətər Dövlətinə iki dəfə ixrac missiyası təşkil olunub. Həmçinin, hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin qurulması və Qətər Ticarət və Sənaye Palatası ilə əməkdaşlığın inkişafı yönündə konkret addımlar atılıb.

2018-ci ilin oktyabr ayında Qətərdə keçirilmiş "Birinci Beynəlxalq Məhsullar" sərgisində ölkəmizin 18 şirkəti iştirak edib. Sərgi çərçivəsində məhsullarımızın ixracına dair səmərəli danışıqlar aparılıb.

Karqo daşımaları ilə bağlı Qətər Hava Yolları ilə aparılmış danışıqlar müsbət nəticələnib və artıq 2019-cu ilin ikinci yarısından etibarən ilkin olaraq sərnişin təyyarələri vasitəsilə məhsullarımızın Qətərə birbaşa ixracına başlanılıb.

- Son illər ölkəmizə ərəb ölkələrindən, o cümlədən Qətərdən çox böyük turist axını var. Səfirliyimiz ölkəmizin turizm potensialının təbliği üçün hansı addımları atır?

- Bəli, son dövr ərzində bir çox ərəb ölkələrindən, o cümlədən Qətərdən ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Təkcə son 5 il ərzində Qətərdən ölkəmizə səfər edənlərin sayında 40 dəfədən çox artım olub.

Ölkəmizin Qətərdə turizm imkanlarının təbliği məqsədilə bir sıra işlər görülüb. Qətərin aparıcı KİV-lərində mütəmadi olaraq ölkəmizlə bağlı yazı və məqalələr nəşr edilib. Qətər bloqerlərinin və KİV təmsilçilərinin ölkəmizə səfərləri təşkil edilib. Qətərdəki turizm şirkətləri ilə sıx əməkdaşlıq qurulub.

Hazırda Qətər Hava Yolları tərəfindən Bakıya gündə iki dəfə birbaşa uçuş həyata keçirilir. Bu reysə olan marağı və sərnişinlərinin sayının artdığını nəzərə alaraq, birbaşa uçuşların sayının artırılması nəzərdən keçirilir.

Yaxın zamanda Azərbaycan-Qətər Birgə Turizm Forumunun keçirilməsi üzərində çalışırıq. Həmçinin, viza siyasətinin daha da asanlaşdırılması yönündə danışıqlar aparılır. Bu istiqamətdə görülən işlər bizdə turizm əməkdaşlığının daha da inkişaf edəcəyinə və ölkəmizə səfər edən qətərli turistlərin sayının daha da artacağına əminlik yaradır.

- Gəlin, Qətərdə yaşayan azərbaycanlılar və onların hazırki durumuna da diqqət çəkək. Bu ölkədə yaşayan həmyerlilərimiz Sizə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

- Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev və Prezident cənab İlham Əliyevölkə xaricində yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Xaricdə yaşayan həmvətənlərimizin problemlərinin həlli həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.

Bu siyasətə uyğun olaraq, səfirliymiz hazırda Qətərdə yaşayan 300-ə yaxın vətəndaşımızın problemlərini daim diqqətdə saxlayır. Vətəndaşlarımızın təşkilatlanması və onların dövlətimizin ümumi maraqları ətrafında sıx birləşməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Bu xüsusda, 2018-ci ilin dekabr ayında Qətərdə yaşayan həmvətənlərimizlə birgə qəbul olunmuş qərar əsasında bu ölkədə Azərbaycan diaspor təşkilatı təsis edilib. Azərbaycanın maraqlarının qorunması, təbliği, ölkəmiz barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması və Azərbaycan-Qətər dostluq əlaqələrinin inkişafı diaspor təşkilatının əsas fəaliyyəti kimi müəyyənləşdirilib.

2019-cu ilin fevral ayından etibarən səfirliyimizdə diaspor təşkilatı ilə birgə Azərbaycan dilinin tədrisi məqsədilə "Bazar Günü” məktəbi yaradılıb və fəaliyyətə başlayıb. Məşğələlərdə azyaşlı şagirdlərə Azərbaycan dili tədris edilir. Eyni zamanda, adət-ənənələrimiz, qədim və yeni tariximiz öyrədilir. Məşğələlərdə 30-a yaxın həmvətənimiz iştirak edir.
 

- Qətər ərəb dünyasının ən güclü və nüfuzlu ölkələrindənbiridir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qətər dövləti və ictimaiyyətinin mövqeyi necədir?

- Qətər Dövləti Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyir.

Qətər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və həmin münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə uyğun olaraq həllini tapmasına dəstək verir.

Qətər Dövlətinin bu mövqeyi ölkəmiz tərəfindən çox yüksək qiymətləndirir. Dağlıq Qarabağla bağlı həqiqətlərin Qətər ictimaiyyətinə çatdırılması yönündə səfirlik tərəfindən ardıcıl işlər görülür. Bu yöndə yerli mətbuatla sıx əməkdaşlıq edir və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə tədbirlər keçiririk.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılmış uğurlu iş sahəsində artıq bütün dünya, həmçinin Qətər ictimaiyyəti də erməni cinayətkarlarının xalqımıza qarşı həyata törətdiyi etnik təmizləmə siyasəti barədə kifayət qədər məlumata sahibdir.

- Qətər tərəfi ilə mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?

- İndiyə qədər həm Qətərdə, həm də Azərbaycanda qarşılıqlı olaraq mədəniyyət günləri təşkil edilib. Həmçinin, bu sahədə qarşılıqlı əməkdaşlığa dair müvafiq sənəd imzalanıb. İl ərzində Qətərdə ölkəmizin mədəniyyət və incəsənətinin təbliğinə yönəlmiş tədbirlərin təşkili əsas prioritetlərimizdəndir.

Hazırda Qətərdə növbəti Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə hazırlaşırıq. Həmin tədbir çərçivəsində ölkəmizdən böyük nümayəndə heyətinin Qətərə səfəri nəzərdə tutulur. Burada Azərbaycan kino həftəsinin, rəsm əsərləri və xalçaçılıq sərgisinin, xalq musiqisinin, milli mətbəximizin nümayişi və bir sıra digər mədəni tədbirlərin təşkili planlaşdırılır.

Bildiyiniz kimi, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və tapşırıqları sayəsində ölkəmizdə təhsil infrastrukturunu yenilənməsi, müasir tipli yeni təhsil müəssisələrinin inşa edilərək istifadəyə verilməsi istiqamətində böyük işlər görülüb. Bu xüsusda, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələri qeyd etmək istərdik.

Digər tərəfdən Qətər Dövləti də təhsilin inkişafına xüsusi önəm verir. Son illər ərzində bu ölkədə bir çox müasir təhsil müəssisələri fəaliyyətə başlayıb. Bunu nəzərə alaraq, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və təcrübə mübadiləsinin aparılması hər iki tərəf üçün xüsusi önəm kəsb edir.

2016-cı ildə "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Həmin sənədə uyğun olaraq sonrakı illər ərzində hər iki ölkənin təhsil nazirləri qarşılıqlı səfərlər həyata keçirib. Son iki il ərzində isə Qətər Universitetinin 100-ə yaxın tələbəsi ölkəmizə səfər edərək, Azərbaycanın ali təhsil müəssisələri ilə əyani tanış olmaq imkanı əldə edib. Hazırda ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması məqsədilə universitetlərarası əməkdaşlıq sənədlərinin imzalanması üzərində iş aparılır.

Hacıbəy Heydərli,
AZXEBER.COM

 

 





 

XƏBƏR LENTİ