Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM- a verilən məlumata görə, Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan müdafiə naziri bu sahədə əldə edilmiş müsbət nəticələr və həllini gözləyən məsələlər ətrafında səfirlə fikir mübadiləsi aparıb. Hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edən S.Əbiyev uğurlarla yanaşı, maneçilik yaradan amillər barədə də danışıb. O, 907-ci düzəlişin bu sahədə maneə rolu oynadığını xüsusi vurğulayaraq indiyədək bu ədalətsiz düzəlişin aradan qaldırılmamasına təəssüfünü bildirib. Nazirin fikrincə, dəyişən zamandır və 907-ni gündəmə gətirən təşəbbüskarlar bu gün də Azərbaycanı başqa istiqamətdən hədəfə alıblar. Görüş zamanı Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət olub. Müdafiə naziri S.Əbiyev seçkinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. Nazir bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətəuyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını ifadə edib. O bildirib ki, son illər Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəyini açıqlayır. Nazirin fikrincə, burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil. Konkret fakt kimi S.Əbiyev 2008-ci ilin fevral ayında işğalçı Ermənistanda total saxtakarlıqla keçirilən prezident seçkilərinə ABŞ Dövlət Departamentinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun verdiyi ümumilikdə müsbət rəyi göstərib: “Hətta İrəvanda etiraz əlaməti olaraq küçələrə axışan minlərlə insana hökumət qüvvələri tərəfindən silahlı təzyiqlər göstərilməsinə, ondan artıq seçicinin qətlə yetirilməsinə baxmayaraq, Ermənistanın rəhbərliyinə heç bir ciddi beynəlxalq təpki olmadı. Fərqli yanaşmanı doğuran səbəblər nədir? Həm başqa ölkənin torpaqlarını işğal edərək saysız-hesabsız günahsız adamın qanını tökən, həm də öz insanına belə amansızlıq nümayiş etdirməkdən çəkinməyən bir rejimin demokratik biçimdə qəbul edilməsini, bir çox hallarda beynəlxalq tənqiddən kənarda saxlanılmasını necə başa düşək?!” Nazir bütün bunların ciddi təhlilə ehtiyacı olduğunu bildirməklə, bu cür siyasi proseslərin qiymətləndirilməsində ikili standartların yolverilməzliyinə diqqəti yönəldib. Müdafiə naziri S.Əbiyevin fikirləri ilə razılaşdığını bildirən ABŞ səfiri 907-ci düzəlişin nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib. Azərbaycandakı prezident seçkiləri ilə bağlı münasibətini ifadə edən səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir. O, həmçinin edilən müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyini də vurğulayıb.