Robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır
DÜNYA
19:13 17.10.2026
207
Danimarkada robotlar supermarketlərdə gecə növbəsində işləməyi və rəfləri məhsullarla doldurmağı öyrənir.

"Euronews” xəbər verir ki, layihənin məqsədi işçilərin gündəlik yükünü azaltmaq və onların müştərilərə daha çox vaxt ayırmasına imkan yaratmaqdır.

Paytaxt Kopenhagendə sınaqdan keçirilən robotlar mağazalar bağlandıqdan sonra makaron və digər məhsulları rəflərə yerləşdirmək üzrə təlim keçirlər.

Hazırda robotlar bu işi supermarket əməkdaşlarından daha yavaş görürlər. Lakin şirkət süni intellekt texnologiyalarının inkişafı ilə onların sürətinin və dəqiqliyinin artacağını gözləyir.
 
Robotların təlimi iyun ayında başlayıb. Mağazalarda sınaqdan keçirilən robotlar Çinin Unitree şirkəti tərəfindən istehsal olunur. Təlim zamanı operator virtual reallıq eynəkləri və xüsusi idarəetmə qurğuları vasitəsilə robotun hərəkətlərini yönləndirir. Robotun məhsulu götürməsi və rəfə yerləşdirməsi kimi hərəkətlər qeydə alınaraq sistemin gələcəkdə bu tapşırıqları müstəqil yerinə yetirməsi üçün istifadə olunur.

2027-ci ilin əvvəlindən etibarən robotların bəzi məhsulları gecə saatlarında müstəqil şəkildə rəflərə yerləşdirə biləcəyi gözlənilir. Gələcəkdə robotların rəflərdə çatışmayan və ya yanlış yerləşdirilən məhsulları müəyyənləşdirməsi, boş karton qutuları yığışdırması və məhsulların son istifadə tarixlərini yoxlaması da nəzərdə tutulur.
 
///bizimmedia///
OXŞAR XƏBƏRLƏR