Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasının iclasının açılışı olub

İDMAN
10:20 23.11.2013
939

Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasının iclasının açılışı olmuşdur.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, iki gün davam edəcək assambleyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva, “Bakı – 2015” Avropa Oyunlarının Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Cim Şerr və başqaları daxildirlər.

İclasın açılışında məruzə ilə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax assambleyanın gündəliyi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, idman dünya xalqları arasında həmrəyliyin və dostluq əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyətə malik olan bir sahədir.Tədbirdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki rəhbərlik etdiyi qurumun son illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışmışdır. O, tarixdə ilk dəfə 2015-ci ildə Azərbaycanda baş tutacaq Avropa Oyunlarının əhəmiyyətinə toxunmuşdur. Ölkəmizin bu oyunlara hazırlığını yüksək qiymətləndirən Avropa Olimpiya Komitəsinin prezidenti bildirmişdir ki, “Bakı – 2015” Avropa Oyunları nəinki Avropa qitəsində, eləcə də bütün dünyada idmanın inkişafına töhfə verəcəkdir.Dünyada olimpiya həmrəyliyinin artırılmasının vacibliyini vurğulayan Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi bu istiqamətdə “Bakı – 2015” Oyunlarının əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Olimpiya hərəkatında mühüm hadisə sayılan bu tədbirə ölkəmizdə yüksək səviyyədə hazırlıq işləri aparılır.

OXŞAR XƏBƏRLƏR