Rumıniya Xarici İşlər Nazirliyi ölkənin Avstriyadakı səfiri Emil Hurezeananı məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə Rumıniya XİN məlumat yayıb.
Bildirilib ki, buna səbəb kimi Avstriyanın Avropa İttifaqının (Aİ) Daxili İşlər və Ədliyyə Şurası iclasında Rumıniyanın Şengen zonasına qoşulmasının əleyhinə səs verməsi göstərilib.
"Rumıniyanın qərarı, diplomatik qaydalara görə, Avstriyanın davranışı ilə qəti şəkildə razılaşmadığımıza dair mövqe vurğulayan və bu dövlətlə münasibətlərin hazırkı səviyyəsini aşağı salmaq qərarına işarə edən siyasi jestdir”, - Nazirlik bildirib.
Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri dünən Brüsseldə keçirilmiş Aİ Daxili İşlər və Ədliyyə Şurası iclasında rədd edilib. Rumıniyanın Şengen zonasına daxil edilməsinin əleyhinə yalnız Avstriya çıxış edib. Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.
Xatırladaq ki, Şengen zonasına daxil olan ölkələrin vətəndaşları üçün daxili sərhədlərdə viza nəzarəti ləğv edilib. Hazırda onun tərkibinə 22-si Aİ üzvü olan 26 ölkə daxildir. Zona 1985-ci ildə Lüksemburqda Şengen zonasında imzalanmış müqavilə əsasında yaradılıb.
///Apa