Putin və Ərdoğan özlərini fəxr etdikləri imperiyaların varisi hesab edirlər. Ancaq nə döyüş təyyarələri, nə də sərt danışıqlar imperiya süqutunu gizlədə bilər.
Krım ruslardan da, ukraynalılardan da əvvəl türklərin olub. Yəni, Osmanlı imperiyasının. Rusiya Krımı birinci dəfə 2014-cü ildə yox, uzun müddət bundan əvvəl –1783-cü ildə ilhaq etmişdi. Bundan əvvəl isə Rusiya türklərlə altı il müharibə aparmış, Osmanlı donanmasını məhv etmişdi. Həmin altı illik münaqişə 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi ilə sona çatmışdı. Tarixçilər bu sülh müqaviləsini Osmanlı imperiyasının parçalanmasının başlanğıcı hesab edirlər. Osmanlı imperiyası Krımı Rusiyaya uduzmaqla, ilk dəfə olaraq, müsəlman təbəələrini xristian bir qüvvəyə itirdi. Tarixçi Bernard Luis bu altı illik müharibənin və müharibəni bitirən sülh müqaviləsinin “Avropa-Yaxın Şərq əlaqələrində dönüş nöqtəsi” olduğunu yazır.
Altı illik müharibə iki imperiyanın son toqquşması olmadı. Bu dövrdən sonrakı iki əsr ərzində Rusiya imperiyası yenidən Osmanlı imperiyasının mərkəzi hissələrinə: Balkanlar, Qafqaz, Qara dəniz və Dardanel boğazına soxulmağa çalışdı. Gənc rus zabit Lev Tolstoy 1854-cü ildə Krımda türklər, fransızlar və britaniyalılarla döyüş təcrübələrindən bəhs etdiyi “Sevastopol hekayələri”ni yazdı.
Demək istədiyimiz odur ki, türk və ruslar arasında toqquşma yeni bir şey deyil. Rusiyalıların bəziləri ölkəyə məxsus hərbi təyyarənin vurulmasına tarixi cəhətdən daha geniş çərçivədə baxırlar: liberal slon.ru saytı yazır ki, bu, Rusiya və NATO arasında ilk real, hərbi toqquşmadır. Rusiya rəsmiləri isə bunun Rusiya ilə aqressiv türklər arasında toqquşma olduğunu bildirir. Bu insidentə həsr olunmuş xəbərlərdə isə bildirilir ki, Vaşinqton və Avropa, hətta NATO Türkiyəni qınayıb və bununla da bir təyyarənin vurulmasının daha böyük münaqişəyə yol açacağı ideyasının yanlış olduğunu göstərib.
Rusiya üçün hekayənin mənfi obrazı Türkiyə terrorizmə qarşı böyük, tarixi koalisiyanı pozmağa çalışır. Xəbərlərdə bildirilir ki, Qərb qüvvələri tərəfindən asanlaşdırılan deeskalasiyaya ehtiyac var ki, bu münaqişə terrorizmə və xüsusilə də, İŞİD-ə qarşı mübarizəni zədələməsin. Bu, o deməkdir ki, Rusiya sivil dünyanı terrorizm təhlükəsinə qarşı qorumaq üçün zəruri olan, Fransa, Britaniya və ABŞ-a sərf edən əsas işi özünün gördüyünü düşünür. Bu, Rusiyanın ikinci dünya müharibəsində öz rolunu təsvir etməsinə bənzəyir. Belə ki, Rusiyanın fikrincə, faşizmə qarşı mübarizədə Qərbə kömək etməsəydi, Qərbin məhv olacaqdı.
Buna görə də, Moskva Qərb tənqidçilərinin bütün təbliğat və geosiyasi manevralarının altında Suriyada oynadığı rolu düzgün qiymətləndirmədiklərinə inanır. Rusiyaya görə, Qərb onun imperiya ambisiyalarına mane olmaq üçün əsrlərlə mübarizə aparıb, hətta XIX əsrin ortalarında müsəlman osmanlılarla xristian ruslara qarşı birləşib.
Rusiya eyni zamanda tarixən türkləri Avropanın genişlənməsinə qarşı bir vasitə hesab edib. Rusiya imperiyasının xarici işlər naziri Karl Nesselrode 1830-cu ildə yazmışdır: “Türkiyə hökumətinin Avropada mövcud olmasına imkan verməyimizin səbəbi bizim məqsədlərimizə ondan daha çox uyğun gələ biləcək ikinci bir hökumətin olmamasıdır.”
Bütün bu tarixi faktları qeyd etməyimizin səbəbi odur ki, Türkiyənin hava məkanında Rusiya təyyarəsi ilə bağlı toqquşmanın nə təyyarə, nə hava məkanı, nə İslam dövləti, nə də NATO ilə əlaqəsi var. Bu münaqişənin mənşəyi Rusiya və Osmanlı imperiyalarından gəlir, halbuki bu imperiyalara on illər əvvəl rəsmi şəkildə son qoyulub və bu toqquşma özlərini imperiyalarının varisi hesab edən iki şəxs, Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla bağlıdır. Onlar da öz növbələrində öz təbəələrinin zehnində bu imperiyaları yenidən canlandırıblar.
Mənbə; Foreign Policy Tərcümə: 4npress.com