Rusiya Avropa Məhkəməsini saymamaq barədə qanun qəbul etdi

DÜNYA
15:37 06.12.2015
1970

Rusiya parlamentinin aşağı palatası Dövlət Duması, Avropa İnsan Haqları Məhkəməsi qərarlarının icra olunmamasına icazə verən qanun qəbul edib.

Dövlət Dumasında qəbul olunmuş qanun Rusiya Konstitusiya Məhkəməsinə beynəlxalq məhkəmələrin qərarlarını tanımamaq səlahiyyəti verir.

Bu məqsədlə “Rusiya Federasiyası Konstitusiya Məhkəməsi haqqında qanuna” müvafiq düzəliş edilib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Duma tərəfindən qəbul olunmuş qanun, layihə müəlliflərinin fikrincə, Rusiyaya “hüquqi müstəqillik” verəcək və beynəlxal məhkəmələrin “qərəzli qərarlarının” qarşısını alacaq.

Vladimir Putinin Vahid Rusiya Partiyasından olan millət vəkili, layihənin müəlliflərindən biri Vladimir Pliqin iddia edir ki, bu qanunun qəbul edilməsi Rusiyanın beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mane olmayacaq.

Bu qanunun qəbul edilməsi əleyhinə Ədalətli Rusiya Partiyasının üç deputatı səs verib.

Sənəd 436 səslə qəbul olunub.

Xatırladaq ki, Rusiya Konstitusiya Məhkəməsinin iyul ayında qəbul edilmiş qətnaməsində Rusiyanın, konstitusiya normalarının pozulduğu hallarda Avropa Məhkəməsinin qərarlarını tanımaya biləcəyi vurğulanırdı.

İyun ayında isə Dövlət Dumasının 90 deputatı Avropa Məhkəməsi qərarlarının Rusiyada necə icra olunmalı olduğu haqda sualla Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

O da maraqlıdır ki, bundan əvvəl Rusiyanın Ədliyyə Nazirliyi Avropa İnsan Haqları Məhkəməsinin YUKOS şirkətinin səhmdarlarına 1, 86 milyard dollar ödənməsini tələb edən qərarının düşünülmədən və tələsik qəbul edildiyini bildirmişdi.

Yeri gəlmişkən, bir məqamı da qeyd edək: Ukraynanın 700-dək vətəndaşı Avropa Məhkəməsinə Rusiya hökumətindən şikayət verib.

OXŞAR XƏBƏRLƏR