Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiyanın Bakıdakı diplomatları artıq iki saatdan çoxdur öz vətəndaşları olan jurnalistlərlə əlaqə qura bilmir.
"Azərbaycan tərəfi heç bir səbəb göstərmədən Rusiyanın diplomatlarını rusiyalı jurnalistlərin yanına buraxmır,” – deyə Zaxarova bildirib.
O, bu vəziyyətdən ciddi narahat olduqlarını vurğulayıb və məsələ ilə bağlı izahat tələb etdiklərini qeyd edib.
Onu da bildirək ki, Zaxarovanun jurnalist dediyi şəxslər əslində, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşlarıdır.
Bu barədə APA yazıb ki, DİN-in "Sputnik Azərbaycan"ın ofisində apardığı əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.
Xatırladaq ki, Rusiyanın "Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.