Rusiya: Finlandiya bizi öz ərazisində nüvə silahı yerləşdirməklə hədələyir

Rusiya: Finlandiya bizi öz ərazisində nüvə silahı yerləşdirməklə hədələyir
DÜNYA
14:30 06.03.2026
370
Kremlin sözçüsü Dmitri Peskov Finlandiyanın nüvə silahları ilə bağlı açıqlamalarının Avropada gərginliyi artırdığını bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov bu barədə Moskvada jurnalistlərə açıqlamasında danışıb.

O, Finlandiyanın müdafiə naziri Antti Hakkanenin 1980-ci ildən qüvvədə olan nüvə silahı qadağasının yumşaldılması və ölkəyə nüvə silahlarının idxalına icazə verilməsi ilə bağlı planlarını şərh edib.

Peskov bildirib ki, bu cür açıqlamalar Avropa qitəsində gərginliyi artırır.

"Finlandiya bizi öz ərazisində nüvə silahı yerləşdirməklə hədələyir. Əgər Finlandiya bizi hədələyirsə, biz müvafiq tədbirlər görəcəyik”, – deyə Kremlin sözçüsü qeyd edib.

Peskov həmçinin Çin və Hindistana neft satışı ilə bağlı məlumatları açıqlamaq istəmədiklərini bildirib.

"Biz enerji sektoru da daxil olmaqla, Hindistan və Çinlə əməkdaşlığımızı davam etdiririk. İrandakı müharibə səbəbindən Rusiyanın enerji ehtiyatlarına tələbatın əhəmiyyətli dərəcədə artdığını görürük. Rusiya neft, təbii qaz və mayeləşdirilmiş qazın etibarlı təchizatçısıdır. Rusiya müqavilələr çərçivəsində tədarüklərə zəmanət verir”, – deyə o əlavə edib.

Peskov İranla əməkdaşlıqla bağlı suala cavabında isə bildirib ki, Rusiya Tehranla dialoqu davam etdirir.

"Biz İranla dialoqdayıq və bu dialoqu davam etdirəcəyik”, – deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR