“Putinin yüksək ranqlı məmurlarla Bakıya səfəri onu göstərir ki, iki ölkə arasında yüksək səviyyəli razılaşmalar əldə olunacaq”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Zahid Oruc Putinin Bakıya səfərini şərh edərkən söyləyib. O bu səfərin Rusiya-Azərbaycan münasibətlərində mühüm rol oynayacağını bildirib:
“Putin baş nazir olduğu vaxtlarda da onun regiona səfəri gerçəkləşməmişdi. Buna görə də Azərbaycan-Rusiya arasında bəzi məsələlərin dəqiqləşdirilməsinə ehtiyac var idi. Bu dönəmdə Azərbaycan öz strateji addımlarından geri çəkilmədi. TANAP kimi mühim bir layihənin gerçəkləşməsində önəmli addımlar atıldı. Bununla bərabər, Rusiyanın üzünə qapıları bağlamamaq, antirusiya qüvvələrinə qoşulmamaq bizim ən önəmli addımımız oldu. Buna görə Putinin yüksək ranqlı məmurlarla Bakıya səfəri onu göstərir ki, iki ölkə arasında yüksək səviyyəli razılaşmalar əldə olunacaq. Bu o deməkdir ki, Rusiya-Azərbaycan əlaqələri yaxşılaşdıqca Ermənistanın bölgədəki mövqeyi istənilən anda zəifləyəcək”.
Z.Oruc Rusiya prezidentinin bu səfərinin Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqəsi olduğunu da inkar etməyib:
“Bu səfərin seçkidən öncə deyil, məhz indi reallaşması Rusiyanın “Milyarderlər İttifaqı” layihəsinə, Azərbaycanın üzərinə gəlməyə hazırlaşan qüvvələrin üstündən bir xətt çəkdiyinin göstəricisidir. Bu onu göstərir ki, Rusiya İlham Əliyevin gələcək seçkilərdə də qalib gəlməsini və onun Azərbaycanın lideri olmasını istəyir. Bu da xarici ölkələrdən yardım gözləyənlərə çox böyük zərbə olacaq”.
Əfsələddin Ağalarov