Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa şəhərində Rusiyaya qarşı "terror aktlarının hazırlandığı” obyektlərə yüksək dəqiqlikli raketlərlə cavab hücumu həyata keçirdiyini açıqlayıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa və Nikolayev şəhərlərindəki hədəflərə hücum etdiyi bildirilib.
"Bu gecə Rusiya ordusu dənizdən atılan yüksək dəqiqlikli raketlərlə Odessa şəhəri yaxınlığında, Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı obyektlərə və onların istehsal olunduğu gəmiqayırma zavoduna cavab hücumu həyata keçirib" - deyə bəyanatda deyilir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasını yanacaqla təmin edən Nikolayev və Odessa şəhərlərində təxminən 70 min ton həcmində yanacaq anbarları məhv edilib. Bütün planlaşdırılan hədəflər vurulub. Dağıdılan hədəflərdə yanğınlar və partlayışlar baş verib.
Qeyd edək ki, Rusiya Milli Terrorla Mübarizə Komitəsi dünən Krım körpüsünə Ukrayna qüvvələri tərəfindən iki pilotsuz dəniz vasitəsi ilə hücum edildiyini və bunun "terror hücumu” olduğunu açıqlayıb.
Hücum nəticəsində iki nəfər həlak olub.
Mikayıl