Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurdu

Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurdu
DÜNYA
10:52 22.06.2026
266
Rusiya ordusu Qara dənizdə Ukrayna limanlarına doğru hərəkət edən iki xarici mülki ticarət gəmisinə dron zərbəsi endirib, nəticədə bir nəfər ölüb.

Bu barədə "UNIAN" Ukrayna Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, PUA-lardan biri Panama bayrağı altında üzən, Türkiyəyə məxsus "VICTRESS” quru yük gəmisini hədəf alıb. Zərbə nəticəsində gəmidə güclü yanğın baş verib.

Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət doqquz nəfərlik heyət olub. Ukrayna Hərbi Dəniz Qüvvələrinin katerləri heyətin təxliyəsini həyata keçirib.

Ukrayna Baş nazirinin müavini və icmaların inkişafı naziri Oleksiy Kuleba bildirib ki, hücum nəticəsində gəminin 58 yaşlı misirli aşpazı ölüb.

"Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla səkkiz dənizçi təxliyə edilib. Gəmi ciddi zədələnib və dənizdə hərəkət qabiliyyətini itirib”, – Kuleba qeyd edib.

Həmin gecə Palau və Beliz bayraqları altında üzən digər ticarət gəmisinə də zərbə endirildiyi bildirilir. Bu gəmidə xəsarət alan olmayıb, gəmi zədələnsə də, hərəkətini davam etdirə bilib.

Ukrayna hadisənin beynəlxalq dəniz hüququnun pozulması və mülki gəmiçiliyə təhlükə yaratdığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR