‘Rusiya Qarabağ kartını Azərbaycana verir’ - Rusiya mətbuatından şok İDDİA

‘Rusiya Qarabağ kartını Azərbaycana verir’ -  Rusiya mətbuatından şok İDDİA
SİYASƏT
13:18 13.06.2016
1833
Ermənistanda II Dünya müharibəsi zamanı nasistlər tərəfindən döyüşmüş Qaregin Njdenin xatirəsinə abidənin ucaldılması Rusiya tərəfinin sərt reaksiyasına səbəb oldu. Bir sıra erməni ekspertləri bunun Rusiya ilə münasibətlərin pozulması ilə nəticələnəcəyi, Qarabağ məsələsində Azərbaycanın əlinin güclənəcəyi proqnozunu verdilər.
 “Lragir” saytında yayımlanan məqalədə ekspert Naira Ayrumyan Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək vermək üçün Ermənistanla bilərəkdən münasibətləri pozduğu iddiasını irəli sürüb: “Rusiya münaqişəni Azərbaycanın xeyrinə həll etmək istəyir və indiki məqamda bunun üçün ona Ermənistanla münasibətləri korlamaq lazımdır. Qaregin Njdeyə abidə qoyulması bu məsələdə ciddi səbəb oldu. Belə görünür ki, Moskva İrəvanı vurmaq üçün bütün üsullardan istifadə etməyə çalışır, amma Ermənistan Rusiyanı inadla özünün müttəfiqi adlandırır”.
Ekspert deyir ki, Ermənistan Qarabağ məsələsində ciddi güzəştlərə məcbur ediləcək: “Yaxşı münasibətlər fonunda Rusiya Ermənistanı buna məcbur edə bilmir. Onun üçün də Ermənistanı özünə düşmən edərək, onu intihara məcbur edir. 1990-cı illərdə Qarabağ münaqişəsinin nizama salınması üçün iki variant – paket və mərhələli həll variantları təklif olunurdu. Həmin dövrdən sonra Rusiya Ermənistanı tamamilə ələ keçirdi. Kommunikasiya, energetika və digər mühüm sahələr rusların əlindədir. Ermənistan buna qarşı müqavimət göstərməməyi üstün tutdu. Buna görə də Rusiya Ermənistanı Qarabağ məsələsində güzəştə getməyə məcbur etmədi. 1998-ci ildə isə Qərb tərəfindən “ümumi dövlət” variantı təklif olundu. Hansı ki, bunu Azərbaycan rədd etdi. Güman ki, bu variantın təklif olunmasından sonra Bakı Rusiyaya məxfi nümayəndələr göndərərək, Moskvanın daha əlverişli olan təklifləri haqda düşünməyə başladı. 2011-ci ildə rusların irəli sürdüyü “Kazan sənədi” də rədd olundu. Çünki bu daha çox Rusiyanın maraqlarına xidmət edirdi. Sonra Rusiya Ermənistanı Avropa Birliyindən imtina edərək, Avrasiya İttifaqına daxil olmağa məcbur etdi. Bütün bunlara baxmayaraq, rəsmi İrəvan lal olub susdu, heç bir etiraz bildirmədi. Aprel müharibəsindən sonra isə Ermənistan Rusiyaya sadəcə kiçik etiraz etdi, lakin münasibətləri korlamadı. Rusiya isə bu illər ərzində Qarabağı Azərbaycana qaytarmaq üçün səbəblər axtarır. Görünür, İrəvanda bir nəfərə qoyulan abidə bunun üçün əsas ola bilər”. (publika)
OXŞAR XƏBƏRLƏR