Rusiya ilə Ukrayna arasında gərginlik pik həddə çatıb. Belə olduğu halda iki ölkə arasında müharibənin olub-olmayacağı dünyada ən çox müzakirə edilən mövzudur.
Bəs mütəxəssilər hazırki vəziyyəti necə qiymətləndirir? Gərginləşən vəziyyət müharibəylə nəticələnə bilərmi?
Politoloq İlyas Hüseynov AZXEBER.COM-a açıqlamasında bu suallara aydınlıq gətirməyə çalışıb.
O, qeyd edib ki, Rusiya-Ukrayna münasibətləri ən təhlükəli mərhələdədir:
"Rusiya ilə Ukrayna arasındakı münasibətlər son dövrlər kifayət qədər gərginləşib və hər iki dövlət ilə bağlı müxtəlif məlumatlar paylaşılır. Eyni zamanda Rusiya Ukrayna ilə sərhədə böyük qüvvələrin cəmləşdirdiyi ilə bağlı sosial media və informasiya saytlarında videogörüntülər yayılıb. Bu, həddən artıq yüksək səviyyədə kəskinləşmiş münasibətlərin eskolasiya təhlükəsini göstərir.
Bu məsələdə Minsk prosesinin üzvləri, eləcə də ABŞ müxtəlif məlumatlar paylaşaraq bu əhval-ruhiyyənin aşağı salınması və müharibənin baş verməməsi üçün müxtəlif tədbirlər görür. ABŞ Dövlət Deportamentinin mart ayının 31-də olan Bəyənatında deyilir ki, ABŞ Dövlət katibi Entoni Blinken ilə Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba arasında danışıqların nəticəsi olaraq ABŞ Ukraynanın suverenliyini, ərazi bütövlüyünü qoruyacağını bildirib. Bu, kifayət qədər ciddi bir mesajdır. Çünki ABŞ-la Rusiya arasındakı gərginlik də demokratların hakimiyyətə gəlməsindən sonra daha da güclənib”.
Politoloq qeyd edib ki, Rusiya və Ukrayna arasında müharibə olacağı təqdirdə ABŞ Ukraynanın mövqeyini dəstəkləyəcək və ona hər tərəfli dəstək verəcək.

İlyas Hüseynov onu da qeyd edib ki, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsinin Azərbaycana təsiri minimaldır:
"Azərbaycanın öz toraqlarının işğaldan azad edilməsi ilə bağlı Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar post-sovet məkanında digər oxşar dondurulmuş münaqişələrlə bağlı, əraziləri işğal altında olan dövlətləri də bir qədər ürəkləndirib. Onlar Azərbaycanın atdığı uğurlu addımları təkrarlamaq istiqamətində müəyyən təşəbbüsləri həyata keçirməyə çalışırlar.
Qeyd edim ki, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsinin Cənubi Qafqaza və Azərbaycana təsiri minimaldır. Lakin istənilən halda Azərbaycan ordusu ayıq-sayıq olmalıdır və öz ərazini qorumalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında son keçirilmiş hərbi müşavirə də bunu deməyə əsas verir. Bundan başqa ilk dəfə olaraq işğaldan azad olunan regionlarda hərbi birləşmələrin rəhbərləri ilə videokonfrans vasitəsilə müşavirə keçirilmişdir. Bu tipli müşavirələr, döyüş qabiliyyəni artırmaq, hərbi təlimlərin mütəmadi xarakter alması və s. bu kimi tədbirlər ordumuzun peşəkarlığını və müasir standartlara uyğunlaşdırıldığını nümayiş etdirir”.
Aydın Nuri