Rusiya - Ukrayna müharibəsi bitir? - Tramp Zelenskiyə bu şərti qoydu

Rusiya - Ukrayna müharibəsi bitir? - Tramp Zelenskiyə bu şərti qoydu
DÜNYA
14:23 26.02.2026
263
ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub. Söhbət zamanı Ukraynadakı müharibənin tezliklə başa çatdırılması məsələsi müzakirə olunub. Tramp müharibənin bir ay ərzində bitməsini istədiyini bildirib, Zelenski isə sülhün əldə olunmasında ABŞ-nin və onun liderinin həlledici rol oynaya biləcəyini vurğulayıb. 

Politoloq Oqtay Qasımov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Tramp doğrudan da bu müharibənin qısa müddətdə bitməsini istəyir:

"ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsini qısa müddətdə bitirməklə bağlı arzusu yeni deyil. O, bu məsələni hər dəfə təkrar-təkrar vurğulayır. Tramp doğrudan da bu müharibənin qısa müddətdə bitməsini istəyir. Sadəcə olaraq burada ziddiyyətli məqam ondan ibarətdir ki, Ukrayna və digər tərəfdaşları bu müharibənin ləyaqətli və ədalətli şəkildə başa çatmasını istəyirlər. Donald Tramp isə müharibənin sadəcə bitməsini və Rusiya ilə Ukrayna arasında bir anlaşmanın imzalanmasını arzulayır”.
 


O söyləyib ki, Tramp seçkilərdə uğur qazanmaq üçün müharibəni bitirmək istəyir:

"Trampın mübaribəni bitirmək istəməyinin bir sıra səbəbləri var. Səbəblərdən biri də Amerikanın daxili siyasəti ilə bağlıdır. Çünki bu müharibə bitərsə, noyabrda keçiriləcək aralıq seçkilərdə Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyası daha ciddi uğurlar qazana bilər. Amma hər şey yalnız bir şəxsin və ya dövlətin istəyi ilə müəyyənləşmir. Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün ABŞ hər iki tərəfə təzyiq göstərməli və onları kompromisə getməyə vadar etməlidir. Bu baş vermədiyi təqdirdə yalnız bir tərəfi sülhə məcbur etmək dayanıqlı sülhə gətirib çıxarmayacaq”.

Politoloq qeyd edib ki, yaxın zamanda müharibənin bitməsi real görünmür:

"Bu müharibənin qısa müddətdə dayanmasına qaldıqda isə, yaxın bir-iki ay ərzində bunun baş verməsi real görünmür. Çünki bu müharibənin səbəbləri kifayət qədər çoxdur və kökləri dərindir. Bu baxımdan, məcburi formada hansısa bir anlaşma əldə olunsa belə, bu, dayanıqlı sülhün yaranması demək olmayacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR