Rusiyada ali təhsil alan azərbaycanlı tələbələrin valideynləri narahatdır.
Onlar övladlarının Azərbaycan ali təhsil müəssisələrinə köçürülməsi üçün sadələşdirilmiş, şəffaf və əlçatan mexanizmin yaradılması xahiş edir.
Valideynlər bildirir ki, son illər Rusiyada təhsil almağın maliyyə yükünün artması, miqrasiya qaydalarının sərtləşməsi və geosiyasi vəziyyətin yaratdığı narahatlıqlar övladlarını Vətənə qaytarmaq istəyini daha da gücləndirib. Onlar hesab edirlər ki, Azərbaycan və Rusiya ali təhsil sistemləri arasında mövcud olan kredit tanınması imkanları bu prosesi reallaşdırmağa şərait yaradır. Müraciətdə həmçinin köçürülmə prosesini həyata keçirəcək xüsusi qəbul komissiyalarının yaradılması, qaydalar və tələb olunan sənədlərlə bağlı ictimaiyyətə vaxtında rəsmi məlumat verilməsi, eləcə də xaricdə təhsilə yönələn vəsaitin ölkənin təhsil sisteminin və iqtisadiyyatının inkişafına xidmət etməsinin vacibliyi vurğulanıb.
Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, belə hallar daha çox ali məktəblərə qəbul ola bilməyən abituriyentlərlə bağlı yaşanır:
"Bu cür hallar adətən qəbul imtahanlarından sonra, xüsusilə də ali məktəblərə qəbul ola bilməyən və ya istədiyi nəticəni əldə etməyən abituriyentlərlə bağlı yaşanır. Belə şəxslər çox asanlıqla xaricdə təhsil şirkətlərinin təsiri altına düşürlər. Təbii ki, bütün şirkətləri eyni kateqoriyaya aid etmək istəməzdim. Onların arasında işini peşəkar şəkildə görən, Avropa və Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən, keyfiyyətli xidmət göstərən şirkətlər də var”.
O qeyd edib ki, bu gün sosial şəbəkələr üzərindən geniş reklam kampaniyaları apararaq insanları aldadan şirkətlər də fəaliyyət göstərir:
"Bu gün Azərbaycanda sosial şəbəkələr üzərindən geniş reklam kampaniyaları apararaq insanları aldadan şirkətlər də fəaliyyət göstərir. Onlar abituriyentləri "attestatla qəbul” vədləri ilə Ukrayna, Rusiya, Gürcüstan, Kipr və digər ölkələrə göndərirlər. Nəticədə isə 6 ay və ya 1 il keçdikdən sonra problemlər ortaya çıxır. Ya tələbə təhsilini davam etdirə bilmir, ya da düşdüyü mühit gözlədiyi kimi olmur. Məhz buna görə də hazırda transfer pəncərəsi açılan kimi Azərbaycandakı universitetlərə çoxsaylı müraciətlər daxil olur”.
Təhsil eksperti qeyd edib ki, həmin ölkələrdən Azərbaycan universitetlərinə köçürülmə proseduru bir qədər mürəkkəbdir:
"Lakin sadaladığınız ölkələrdən Azərbaycan universitetlərinə köçürülmə proseduru bir qədər mürəkkəbdir. İlk növbədə araşdırılmalıdır ki, həmin şəxs xarici universitetə hansı əsaslarla qəbul olunub. Məsələn, attestatla, SAT nəticəsi ilə yoxsa beynəlxalq proqram vasitəsilə qəbul olunub, yoxsa başqa əsaslar mövcuddur. Bütün bunlar araşdırıldıqdan sonra onun transferi ilə bağlı müvafiq prosedur müəyyənləşdirilir.
Belə müraciət edənlərin hamısının Azərbaycan universitetlərinə yerləşdirilməsi asanlıqla mümkün olmayacaq. Əgər müraciətlərin sayı çox olarsa, bunun üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməli və Elm və Təhsil Nazirliyinə qanunvericilikdən irəli gələn səlahiyyətlər çərçivəsində xüsusi mexanizm tətbiq etmək imkanı verməlidir.
Hazırkı mərhələdə isə belə bir təşəbbüs real görünmür. Çünki qüvvədə olan qanunvericilik buna imkan vermir”.
Şahanə Ziyad











































