Rusiya, Ukrayna və ABŞ arasında gözlənilən üçtərəfli danışıqların noyabrın 4-də keçirilməsi mümkündür.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib.
Tuskun sözlərinə görə, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsi gözlənilən görüşü ilkin olaraq noyabrın 4-nə planlaşdırılıb.
Xatırladaq ki, oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya, ABŞ və Ukrayna formatında təmasları bərpa etməyə hazır olduğunu bəyan edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da böhranın nizamlanması istiqamətində Moskva, Kiyev və Vaşinqton arasında növbəti müzakirə mərhələsinin Əbu-Dabidə keçirilə biləcəyini bildirib. O, görüşün noyabrın ilk ongünlüyündə təşkil oluna biləcəyini də qeyd edib.
Daha əvvəl Kreml sözçüsü Dmitri Peskov vurğulayıb ki, Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqların bərpası barədə qərar döyüş əməliyyatlarının dayandırılması demək deyil.











































