Rusiya Ukraynaya sülh üçün 3 şərt təklif edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusunun ötən gün Ukraynanın Vinnitsa şəhərinə atdığı raket hücumunda 3-ü uşaq olmaqla 21 nəfər həlak olub. Mülki əhalinin hədəf alındığı hücumdan sonra iki ölkə arasında vəziyyət daha da gərginləşib.
Digər tərəfdən Ukraynanın xarici işlər naziri Dmitro Kuleba hər hansı sülh sazişinin tərkib hissəsi kimi Rusiyaya ərazi verməkdən imtina edib və Moskva ilə Kiyev arasında sülh danışıqlarının olmadığını bəyan edib.
"Ukraynanın bu müharibədə məqsədi torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək və Ukraynanın şərqində və cənubunda tam suverenliyə nail olmaqdır", - Kuleba bildirib.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Kulebanın bəyanatından sonra Rusiyanın şərtlərini açıqlayıb. Andrey Rudenko bəyan edib ki, sülh razılaşmasının əldə olunması üçün Ukrayna "neytral” və "qeyri-nüvə” statusuna malik olmalıdır.
Rusiyanın "İnterfaks” agentliyinin xəbərinə görə, Rusiyanın digər tələbi Rusiyanın Krım üzərində suverenliyinin tanınması və Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınmasıdır.
Ayşən