Rusiyada Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovadan 5 milyon rubl məbləğində mənəvi təzminat tələb edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə o, RİA Novosti agentliyinə açıqlamasında bildirib. Borodin qeyd edib ki, iddia şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması ilə bağlı qaldırılıb.
Onun sözlərinə görə, tələb olunan 5 milyon rubl məbləğində təzminat xüsusi hərbi əməliyyatın ehtiyaclarına yönəldiləcək.
Borodin iddianı Puqaçovanın jurnalist Yekaterina Qordeyeva ilə müsahibəsindən sonra qaldırdığını bildirib. Onun sözlərinə görə, müğənni həmin müsahibədə Borodin haqqında təhqiramiz ifadələr işlədib və xüsusi hərbi əməliyyatla bağlı mənfi fikirlər səsləndirib.
Məlumata görə, Moskvanın Presnenski Rayon Məhkəməsi iddia ilə bağlı ilkin baxışı martın 10-da keçirəcək.
Qeyd edək ki, Borodin daha əvvəl Alla Puqaçovanın Rusiyada musiqi əsərlərindən gəlir əldə etməsinin qadağan edilməsini də təklif etmişdi.










































