"Baza" "Telegram" kanalının jurnalistlərindən rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rusiya Daxili İşlər Nazirliyinin üç əməkdaşı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlər Moskvanın Zamoskvoretsk rayon məhkəməsinə daxil olub.
Məhkəməyə A.A.Selivanov, S.E.Kovalyova və A.V.Ablyayeva barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqdan vəsatət daxil olub.
Xatırladaq ki, ötən gün Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsi "Baza" "Telegram" kanalının baş redaktoru Qleb Trifonovu iki ay müddətinə həbs edib.
Qeyd olunur ki, o, bir qrup şəxsə rüşvət verməkdə ittiham olunur. İstintaqın versiyasına əsasən, Trifonov polis əməkdaşlarından xidməti məlumatları pul müqabilində əldə edib və həmin məlumatları sonradan "Telegram" kanalında yayımlayıb.
Oxşar ittiham onun həmkarı Tatyana Lukyanovaya qarşı da irəli sürülüb. Məlumata görə, verilən rüşvətin ümumi məbləği təxminən 100 min rubl (təqribən 2 170 manat) təşkil edib.
/Oxu.Az