Rusiyada hərbi qiyam etmək istəyən "Vaqner" haqda bilmədiklərimiz - Pullu əsgərlər niyə dövlətə qarşı çevrildi?

Rusiyada hərbi qiyam etmək istəyən "Vaqner" haqda bilmədiklərimiz - Pullu əsgərlər niyə dövlətə qarşı çevrildi?
MANŞET
13:03 24.06.2023
3213
Xəbər verdiyimiz kimi, "Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

AZXEBER.COM mövzunun aktuallığını nəzər alaraq "Vaqner" haqda kiçik araşdırma aparıb. 

"Vaqner” qrupu Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. 
Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər. 

Rusiyada üsyana başlayan və muzdlulardan ibarət "Vaqner” qrupu 8 ildən artıqdır ki, Ukrayna, Suriya və bəzi Afrika ölkələrində fəaliyyət göstərir. 

Qrup 2022-ci ildə başlayan Rusiyanın Ukraynanı işğal etməsi əməliyyatında bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb edilib.

Bu qruplaşma hələ 2013-cü ildə Suriya döyüşlərində üzə çıxan "Slavyan korpusu" adlı Rusiya muzdlu birləşməsindən qaynaqlanır. Belə ki, 2013-cü ildə Homs şəhəri ətrafında Rusiyanın Krasnodar diyarının sakini Aleksey Malyutanın sənədləri suriyalı müxaliflər tərəfindən tapılıb. Məlum olub ki, həmin şəxs Sankt-Peterburqda yaradılan "Slavonic Corps Limited" adlı özəl hərbi şirkətin "işçisidir". Həmin ilin yazında bu şirkət "xaricə ezam olunmaq üçün" müxtəlif güc strukturlarının veteranlarını işə cəlb etməyə başlayıb. Onlarla söhbəti "Moran Security Group" adlı digər özəl hərbi şirkətin rəhbəri, Rusiya FSB-nin (Federal Təhlükəsizlik Xidməti) ehtiyatda olan podpolkovniki (AO-da polkovnik-leytenanta uyğun) Vyaçeslav Kalaşnikov aparıb. 

Nəhayət 2013-cü ilin sentyabrında "Slavyan korpusu"nun 267 nəfər "işçisi" Suriyaya göndərilib. Onlara ayda 4 min dollar maaş, həlak olacaqları və ya yaralanacaqları təqdirdə sanballı kompensasiya vəd ediblər. "Moran Security Group" şirkətinin əməkdaşı, Rusiya Müdafiə Nazirliyi kəşfiyyat xidməti olan QRU (keçmiş adı Baş Kəşfiyyat İdarəsi, indi Baş Qərargahın Baş İdarəsi, xüsusi xidmət, SSRİ və sonra da Rusiya MN xarici kəşfiyyatının orqanı), 2-ci əlahiddə briqadasının keçmiş bölük komandiri Dmitri Utkin (məlumata görə "Vaqner" ləqəbini də məhz o daşıyır) keçmiş döyüş yoldaşlarını toplayır və yeni özəl ordu yaradır. "Vaqner" ÖHŞ ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edir, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirir. Daha sonra onun ordusunun sorağı Donbassdan gəlir.

Rusiyanın "Vaqner” muzdlu şirkətinin yaradıcısı Yevgeni Priqojin dünən Rusiyanın müdafiə naziri Sergey Şoyquya meydan oxuması ilə gözlərin bu qrupa çevrilməsinə səbəb olub.

Priqojin rus ordusunu Vaqnerə hücum etməkdə günahlandırıb və qisas alacağı ilə hədələyib. Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) "silahlı iğtişaş” maddəsi ilə cinayət işi açıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada "Vaqner”in düşərgələrinə hücum etdiyinə dair iddialar təkzib edilib.

2014-cü ildə qurulan və 2015-2016-cı illərdə fəallaşan Rusiyanın muzdlu qrupu "Vaqner” Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara yardım etmək üçün yaradılıb.

Liviyadakı qarşıdurmalarda kritik rol oynayan rusiyalı "Vaqner” qrupunun adı ilk dəfə Suriya vətəndaş müharibəsində səslənməyə başlayıb. Rejim qüvvələri ilə birlikdə döyüşən "Vaqner” Ukraynadakı separatçılara da dəstək verib. "Vaqner” 2019-cu ildə Venesuelada prezident Nikolas Maduro ilə birlikdə qarşıdurmalara qatılıb.

İndiyədək Sudan, Suriya, Liviya və Afrika qitəsində müəyyən edilən "Vaqner” muzdlularının əməliyyatları Şərqi Avropadan da sürətlə yayılıb. Qrupu cəlbedici edən yüksək maaş və macəra vədi olub. Ukraynadakı müharibədən əvvəl "Vaqner”ə qoşulanların əksəriyyəti yaxşı maaşlı iş tapmaq şanslarının məhdud olduğu kiçik ərazilərdə yaşayırdılar. "Vaqner” işçilərinə ayda təxminən 1500 dollar maaş verir. Onlar cəbhəyə gedəndə bu ödəniş 2 min dollara qədər çıxır.

Rusiyanın hərbi kəşfiyyat agentliyi olan QRU-nun "Vaqner” qrupunu gizli şəkildə maliyyələşdirdiyi və ona nəzarət etdiyi iddia edilir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR