Xəbər verdiyimiz kimi, Vladimir Putin Rusiyada baş verənlərlə bağlı müraciətində "vaqner"çilərin addımını Vətənə xəyanət adlandırıb.
O bildirib ki, Rusiyada hakimiyyətin parçalanmasına imkan verməyəcək.
Rusiyada nə baş verir? Hadisələr prosesin hara getdiyini göstərir?
Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, Rusiyada baş verənlər əslində uzun müddətdir gözlənilən hadisə idi:
""Vaqner"çilərlə Rusiya Müdafiə Nazirliyi arasında əlaqə çoxdan itmişdi. Yevgeni Priqojin aylardır Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərəgah rəisi Gerasimovu vətənə xəyanət və başqa məsələlərdə ittiham edirdi.
"Vaqner” və rəhbəri Priqojinin Rusiya prezidenti ilə şəxsi münasibətlərinin yaxşı olması, Rusiyanın xaricdə həyata keçirdiyi bir çox əməliyyatlarda "Vaqner” muzdlularından istifadə edilməsi həmçinin, Rusiyanın bir sıra gizli kəşfiyyat məlumatlarına malik olduqları üçün Putin səviyyəsində vaqnerçilərə açıq etiraz edilmirdi. Bütün bu baş verənlər nəticədə Rusiyada artıq uzun müddətdir gözlənilən vaqnerçilərin üsyanına səbəb oldu”.
Politoloqun sözlərinə görə, hadisələrin sonunda vaqnerçilər hansısa formada zərərsizləşdiriləcək:
"Düşünürəm ki, Rusiya bu hücumlar qarşısında hansısa hərbi çevriliş ilə faktı ilə üz-üzə qalmayacaq. Eyni zamanda burada ikinci ssenari də mümkündür. Bu da ondan ibarətdir ki, Rusiyanın özündə orduda dəyişiklik olunması istənilir. Ukrayna müharibəsindəki uğursuzluqlara görə Müdafiə Nazirliyi və onun rəhbərliyini vəzifədən uzaqlaşdırmayan Kreml administrasiyası bu yollarla yeni siyasi şou düzəldir. Fikrimcə, Priqojinin bu addımlarının qarşısı alınacaq. Vaqnerçilərin ölkədə üsyanının hərbi çevriliş prosesinə səbəb olunmasına imkan verilməyəcək. Baş verənlər onu göstərir ki, Rusiyada həm hakimiyyət, həm də ordu içərisində mərkəzdən qaçma meyilləri kifayət qədər güclüdür. Rusiyada ictimai inam, siyasi hakimiyyətə, orduya qarşı olan etimad daha da zəifləyəcək”.
Şəbnəm Zahir